Azərbaycandan dünyaya müraciət: Korsikanı müdafiə edəcəyik
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Roma Papasına müraciət ünvanlayaraq Korsika xalqının dekolonizasiya prosesinə dəstək göstərilməsini xahiş edib. Müraciətdə müstəmləkəçiliyin insan hüquqlarına zidd olduğu, beynəlxalq qanunlara qarşı çıxıldığı və bu problemin tez bir zamanda həll edilməsinin vacibliyi vurğulanıb. Abbasov bildirib ki, XXI əsrdə müstəmləkəçiliyin dini, etnik və mədəni sərhədləri aşaraq davam etməsi beynəlxalq ictimaiyyət üçün böyük məyusluq doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-ın suallarını cavablandırıb:
-Korsikanın öz dilində danışmaq hüququnun məhdudlaşdırılması beynəlxalq hüquq baxımından necə qiymətləndirilə bilər?
-Uzun illərdir, Korsika adası Fransadan muxtariyyət tələb edir. Amma Fransanın yerli məclislərində fransız dilindən başqa hər hansı dilin istifadəsi ölkə konstitusiyasına zidd hesab olunduğundan ötən ay Korsika yenidən öz dilində danışmaq hüququndan məhrum edilib. Təbii ki, bu, ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır. Fransa Prezidentinin cəfəng iddiasına görə, "regional dillər tarixi olaraq milləti parçalamaq üçün alət olub", fransız dili isə əksinə, "ölkənin birliyinin təminatçısı" rolunu oynayıb. Yerli əhali haqlı olaraq, Korsikanın rəsmi status alması üçün Avropa İttifaqının yurisdiksiyasını səfərbər etmək niyyətindədir. Korsikanın daim daha geniş muxtariyyət və ya müstəqillik arzusunda olması Paris hökuməti ilə münasibətləri gərgin saxlayır. İki əsrdən çoxdur, Korsika müstəqilliyi və dövlətçiliyi uğrunda şərəflə mübarizə aparır.
-BTQ-nin Korsika xalqına dəstəyi beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılanır?
-Bakı Təşəbbüs Qrupu isə bütün neomüstəmləkəçilikdən əziyyət çəkən tərəfləri müdafiə etdiyi kimi, Korsikalıların hüquqlarını da müdafiə edir.
BTQ-nin icraçı direktoru Abbas Abbasovun Roma Papasına müraciətində də Korsika xalqının dekolonizasiya prosesinə dəstək göstərilməsini xahiş olunub, müstəmləkəçiliyin insan hüquqlarına zidd olduğu, beynəlxalq qanunlara qarşı çıxıldığı və bu problemin tez bir zamanda həll edilməsinin vacibliyi vurğulanıb. Hesab edirəm ki, BTQ-nın bu təşəbbüsləri prosesə müsbət təsir edəcək. Məsələnin, siyasi, insan haqları, hətta dini müstəvidə gündəmə gəlməsi problemə daha geniş miqyasda diqqət cəlb etmək deməkdir
-Azərbaycanın dekolonizasiya məsələlərində beynəlxalq platformalarda hansı addımları ata bilər?
-Ümumiyyətlə, XXI əsrdə müstəmləkəçiliyin dini, etnik və mədəni sərhədləri aşaraq davam etməsi beynəlxalq ictimaiyyət üçün böyük məyusluq doğurur. Bakı Təşəbbüs Qrupu da dekolonizasiya proseslərini dəstəkləmək, müstəmləkəçilik və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparır. Çünki xalqların xarici əsarətə, hökmranlığa və istismara məruz qalması əsas insan hüquqlarının pozulmasıdır, BMT Nizamnaməsinə ziddir.
BTQ-nın BMT qərargahları da daxil olmaqla dünyanın müxtəlif ölkələrində keçirdiyi beynəlxalq konfranslarda bu məsələ gündəmə gətirilir. Hesab edirəm ki, hər dəfə aparılan müzakirələr Fransanın çirkin siyasətinin ifşasını, hüquqları pozulan icmaların müdafiəsini qüvvətləndirir
Nihat Tahirov
08:50 13.12.2024
Oxunuş sayı: 6670