Orta məktəblərdə tətbiq edilən kart sistemi uğurludur - Ekspert
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib ki, Azərbaycanda 5 831 şagirdə qırmızı kart verilib.
O bildirib ki, şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb: "Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində müsbət davranışların üstünlük təşkil etdiyini və pozitiv dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, cari ilin yanvar və fevral ayları üzrə təqdim olunan hesabatlara əsasən, ölkə üzrə ümumtəhsil məktəblərində 29 161 sarı kart, 5 831 qırmızı kart verilib. Yaşıl kartların sayı isə 46 383 olub".
Yanvar-fevral aylarını əhatə edən hesabatlara əsasən, ölkə üzrə yaşıl kartların sayının digər kartlarla müqayisədə daha çox olması məktəblərdə müsbət davranışların üstünlük təşkil etdiyini göstərir.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məsələ ilə bağlı Crossmedia.az-a fikirlərini bildirib. Ekspert hesab edir ki, yeni sistem çox səmərəli olacaq:
"Çünki əvvəllər daha çox müəllimlərin, şagirdlərin davranışını qiymətləndirmək üçün tətbiq olunan, subyektiv mülahizələrə əsaslanan prinsiplər və qaydalar olurdu. Yəni müəllim özü bunu qiymətləndirir və bununla bağlı mövqeyini bildirirdi. Hazırda yeni kart sistemində təbii ki, hesabatlılıq artacaq. Yəni artıq müəllimlər də şagirdlərə bu və ya digər davranışa görə etdikləri xəbərdarlıqların əsaslandırılmasını təqdim etmək məcburiyyətində olacaqlar. Kart sistemi eyni ilə, oxşar bir sistem olan futbol oyununda da var. Bu, sistem olduqca müsbət davranışa, məktəbin prinsiplərinə və qaydalarına uyğun davranışa təşviq üçün çox önəmlidir. Məhz yaşıl kartın daha çox verilməsi onu göstərir ki, bu sistem öz-özlüyündə işlək bir sistem halındadır və artıq ilkin nəticələri ortadadır".
V. Oruc vurğulayıb ki, daha çox yaşıl kartın verilməsi şagirdlərin davranışında müsbətə doğru irəliləyişi təşviq etməklə yanaşı, eyni zamanda məqsəd daşıyır: "Bu kart sistemi onları daha məsuliyyətli, məktəb qaydalarına uyğun davranış və addımlar atmağa təşviq edir. Əslində bu proqram təşviq proqramıdır və təşviq proqramı olmaqla yanaşı, həm də bildiyiniz kimi burada sarı kartlar da mövcuddur ki, artıq təhlükənin olduğunu həm pedaqoji heyətə, həm şagirdlərə, həm də valideynlərə çatdırmış olur. Yəni hər bir valideyn, əgər onun övladı yaşıl kart alırsa, daha çox yaşıl kart alırsa, bu, hər şeyin qaydasında getdiyinin göstəricisidir. Yox, sarı kart alırsa, bu, təhlükənin qapıda olduğunu göstərir, yəni təhlükə ehtimalını göstərir. Qırmızı kart alırsa, artıq o deməkdir ki, çox ciddi problemlər var. Bundan sonra təbii ki, valideynlərlə əlaqə saxlanılır və müəyyən ortaq tədbirlər görülür ki, şagirdin davranışında müəyyən dəyişikliklərə səbəb olsun. Beynəlxalq praktikadan götürülmüş sistemdir, uğurlu sistemdir. Düşünürəm ki, bu, son dövrlər orta məktəblərdə yaranmış ciddi problemlərin həm əxlaqi baxımdan, həm davranış baxımından, həm dərsə davamiyyət baxımından, həm də ümumiyyətlə təhsilin səviyyəsinə görə yaranmış problemlərin aradan qaldırılmasında mühüm addım ola bilər".
Fatimə
18:35 29.04.2026
Oxunuş sayı: 57