Səadət Təhmirazqızı: Mən musiqiyəm, musiqi də məndir – MÜSAHİBƏ
Azərbaycan musiqisi əsrlərin yaddaşını daşıyan böyük bir fəlsəfədən ibarətdir. Azərbaycan musiqi mədəniyyəti zəngin tarixi, dərin kökləri və güclü ənənələri ilə milli kimliyimizin ən mühüm dayaqlarından birini təşkil edir. Bu irsin elmi və yaradıcı şəkildə araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması isə musiqişünas alimlərin üzərinə böyük məsuliyyət qoyur.
Bu baxımdan bugünkü müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tanınmış musiqişünas Səadət Təhmirazqızıdır.
İlk öncə özünüzü təqdim edin zəhmət olmasa.
Mən Şirinova Səadət Təhmiraz qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Qızıl Qələm”, “Məhsəti Gəncəvi” və “Gənclər” mükafatlarının laureatıyam. Musiqişünas kimi həm Azərbaycan bəstəkarlarının yaradıcılığı, həm də xalq musiqimiz və muğam sənətimizlə bağlı bir sıra tədqiqatların və kitabların müəllifiyəm.
Uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərmişəm. Azərbaycan Radiosunda müxtəlif verilişlər hazırlamışam. Hazırda mindən artıq verilişim mövcuddur ki, onların böyük hissəsi şəxsi arxivimdə qorunur. Eyni zamanda, beş yüzdən çox verilişim Azərbaycan Radiosunun fondunda saxlanılır. Bununla yanaşı, qırxa yaxın sənədli televiziya filminin ssenari müəllifiyəm və fəaliyyət göstərdiyim dövrdə çoxsaylı verilişlərin həm ssenari müəllifi, həm də redaktoru olmuşam.
Hazırda da həmin qurumla əməkdaşlığımı davam etdirirəm. “Azərbaycan xalq rəqsləri” adlı layihə üzərində çalışıram və bu layihə Azərbaycan Radiosunda yayımlanır.
Musiqinin sizin həyatınızda nə kimi yeri var?
Mən musiqiçi ailəsində dünyaya göz açmışam. Atam respublikanın Əməkdar artisti Təhmiraz Şirinovdur. Valideynlərimin dediyinə görə, çox kiçik yaşlarımdan musiqiyə xüsusi münasibətim olub. Körpə ikən musiqi eşidəndə sakitləşər, musiqi dayanan kimi ağlayardım. Atam mahnı oxuyanda isə sakitləşdiyimi deyirdilər. Bunlar mənim xatırlamadığım, amma ailəmdən eşitdiyim xatirələrdir.
Ancaq özümün aydın xatırladığım ilk hadisələrdən biri altı yaşımda xalamın mənə fortepiano hədiyyə etməsidir. Həmin fortepiano bu gün də mənim evimdədir və mənim üçün sadəcə musiqi aləti deyil, illərin, xatirələrin, duyğuların canlı şahidi, ən sədaqətli dostumdur. Mən ona doğma varlıq kimi baxıram. O alət mənim uşaqlığımın, ilk musiqi düşüncələrimin və ilk melodiyalarımın sirdaşı olub. Bu gün də mən həmin alətdə öz musiqi düşüncələrimi, duyğularımı bölüşürəm.
Sonralar atamdan eşitdiyim musiqi parçalarını həmin fortepianoda yavaş-yavaş ifa etməyə başlamışdım. Biz buna musiqidə “slux” deyirik, yəni eşidilən melodiyanı duyub təkrarlamaq qabiliyyəti. Atam da məni bu istiqamətdə həvəsləndirdi və musiqi məktəbinə yönəltdi.
Orta məktəbin ikinci sinfində oxuyanda Əhməd Cəmilin “Təzə il” şeirini əzbərləmişdim. Bir gün həmin şeiri öz-özümə melodiya ilə oxumağa başladım. Mənə elə gəlirdi ki, bu mahnını haradasa və ya kimdənsə eşitmişəm. Atam evə gələndə ona da oxudum. Qulaq asıb dedi ki, belə mahnı yoxdur, sən bunu özün bəstələmisən. O zaman mən heç “bəstələmək” anlayışını belə bilmirdim. Amma həmin an mənim musiqiyə gəlişimin, musiqi yolumun ilk addımı oldu.
Məhz bundan sonra atam məni musiqi məktəbinə yönəltdi və mən beşillik musiqi təhsilini üç ilə tamamladım. Daha sonra Sumqayıt şəhərində Sultan Hacıbəyov adına Musiqi Kollecində Musiqi nəzəriyyəsi fakültəsində 4 il təhsil aldım, oranı fərqlənmə diplomu ilə bitirdim. Hətta bir dövr şərqşünas olmaq istəmişdim. Bakı Dövlət Universitetinə sənədlərimi də vermişdim. Lakin sonradan yenidən musiqiyə qayıtdım. Bakı Musiqi Akademiyasında bakalavr və magistratura təhsilimi də fərqlənmə diplomu ilə başa vurdum. Sonra isə elmi fəaliyyətə başladım. Bu yolda mənim elmi rəhbərim unudulmaz musiqişünas alim Ramiz Zöhrabov olub. Onun mənim yaradıcılığımda və formalaşmağımda böyük rolu var.
Bu gün düşünürəm ki, musiqi mənim taleyim imiş. Mən sənəti insanın qisməti hesab edirəm. Amma eyni zamanda hər uğurun arxasında zəhmət dayanır. Musiqi mənə həm elm qazandırdı, həm nüfuz, həm də həyat yolu. Azərbaycan Radiosunda hazırladığım verilişlər vasitəsilə Azərbaycanın ən böyük sənətkarları ilə ünsiyyət qurmaq imkanım oldu. Sara Qədimova, Tükəzban İsmayılova, İlhamə Quliyeva, Habil Əliyev, Canəli Əkbərov, Əbülfət Əliyev, Yaqub Məmmədov, İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Aygün Bayramova, Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Alim Qasımov və daha neçə-neçə sənətkarlarla yaxından çalışmışam.
Yadımdadır, bir dəfə Habil Əliyevi verilişə dəvət etmişdim. Bilirsiniz, 2000-ci illərdə muğama münasibət bir qədər soyuq idi. Məhz 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sayəsində muğam artıq beynəlxalq səviyyədə tanınır və UNESCO-nun maddi-mənəvi irs siyahısına daxil edilib. Elə bu səbəbdən əvvəlcə razılaşmaq istəmirdi ki, mən orda nə danışacam. Sonra atamın adını eşidəndə dedi ki, “atanın xətrinə gələcəyəm”. Verilişdən sonra isə mənə dedi: “Bu dəfə atan Təhmirazın xətrinə gəlmişdim, amma bir də çağırsan, sənin öz xətrinə gələcəyəm”. Bu sözlər mənim üçün çox böyük dəyər idi. Görünür, mənim muğamla bağlı fikirlərim, düşüncələrim Habil müəllimi qane etmişdi.
Mənim üçün musiqi sadəcə peşə deyil. Musiqi mənim mənəvi dünyamdır, həyatımın ayrılmaz hissəsidir. Hətta deyərdim ki, mən musiqiyəm, musiqi də məndir.
Musiqişünas olmaq qərarını nə zaman verdiniz?
Əslində, musiqişünas olmaq qərarını konkret bir tarixlə bağlamaq çətindir. Çünki həyatımın bütün yolları məni addım-addım bu sahəyə gətirib çıxardı.
Bakı Musiqi Akademiyasında təhsil aldığım illərdə artıq hiss edirdim ki, musiqiyə daha dərindən yanaşıram. Çalışırdım ki, hamının düşündüyü kimi düşünməyim, daha çox araşdırım, mütaliə edim.
Bu yolda müəllimlərimin üzərimdə çox böyük zəhməti olub. Xüsusilə də Ramiz Zöhrabovun. Mən ona həmişə mənəvi ata kimi baxmışam. Eyni zamanda sənətşünaslıq üzrə elmlər doktoru, professor İmrus Əfəndiyeva, professorlar Zemfira Qafarova, Gülnaz Abdullazadə, akademik, Əməkdar elm xadimi Zemfira Səfərovanın mənim yaradıcılıq yolumda mühüm rolu olub. 2007-ci ildən etibarən isə dünya şöhrətli bəstəkarımız, UNESCO-nun Sülh artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə sıx yaradıcılıq əlaqələrim var. Belə böyük sənətkarlarla təmasda olduqca insan öz üzərində daha çox məsuliyyət hiss edir. Düşünürdüm ki, onların hər birinin musiqi elmində öz yolu var və mənim də öz dəst-xəttim olmalıdır.
Beləcə, tədqiqatlar aparmağa başladım. Azərbaycan Radiosu da bu baxımdan mənim üçün böyük bir məktəb oldu. Hazırladığım araşdırmaları efirdə təqdim edir, musiqinin maarifləndirici tərəfini insanlara çatdırmağa çalışırdım.
Bilirsiniz, musiqi yalnız melodiyadan ibarət deyil. Onun fəlsəfə, ədəbiyyat, riyaziyyat, fizika ilə bağlılığı var. Musiqinin öz nəzəriyyəsi, öz qanunları mövcuddur. Harmoniya, polifoniya, forma, analiz – bütün bunlar musiqişünaslığın əsas sütunlarıdır.
Bu gün Azərbaycanda çox dəyərli musiqişünas alimlər fəaliyyət göstərirlər. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh xanım Əliyeva, Ceyran Mahmudova, Leyla Zöhrabova, Aytac Rəhimova, Xatirə Həsənzadə, Zümrüd Dadaşzadə, Lalə Hüseynova və digər həmkarlarımızın bu sahədə mühüm xidmətləri var. Xüsusilə qeyd etməliyəm ki, Fərəh xanımın Üzeyir Hacıbəyli irsi haqqında, XX əsr Azərbaycan musiqisi haqqında monoqrafiyaları, çox dəyərli tədqiqat işləri var ki, biz ondan bəhrələnirik. Bu gün əsası Üzeyir bəy tərəfindən qoyulan musiqişünaslıq elmini adını çəkdiyim və üzrlü saysınlar kimlərisə unutdumsa, insanlar layiqincə davam etdirirlər. Əgər bu böyük musiqişünaslar sırasında bir Səadət Təhmirazqızının da adı çəkilirsə, bu mənim üçün böyük xoşbəxtlikdir.
Nizami Gəncəvinin dediyi kimi:
“Qüdrət elmdədir, elmsiz heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”.
Əgər bu gün müəyyən mənada elmə söykənərək danışa bilirəmsə, bu, məhz musiqişünaslıq elminin mənə qazandırdığı dəyərdir.
Azərbaycan musiqisinin ən güclü tərəfi sizcə, nədir?
Azərbaycan musiqisinin ən güclü tərəfi, şübhəsiz ki, bizim muğamlarımızdır. Muğam Azərbaycan musiqisinin ruhudur, köküdür. Xalq mahnılarımız, aşıq yaradıcılığı, xalq rəqslərimiz – hamısı müəyyən mənada muğamdan rişələnir.
Dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” fundamental elmi işini məhz muğamların səs sırası üzərində qurmuşdu. O, özündən əvvəlki Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvab kimi böyük mütəfəkkirlərin irsinə söykənərək Azərbaycan musiqi elmini yeni mərhələyə yüksəltdi.
Üzeyir bəy deyirdi ki, əgər bir musiqi öz xalqının qəlbinə yol tapırsa, o zaman bütün xalqlar tərəfindən seviləcək. Bu fikir Azərbaycan musiqisinin mahiyyətini çox gözəl ifadə edir.
1908-ci ildə yazılmış “Leyli və Məcnun” operası yalnız Azərbaycanın deyil, bütün Şərqin ilk operası idi. Sonralar “Koroğlu” kimi şah əsərlər yarandı. Fikrət Əmirov isə muğamla simfoniyanı birləşdirərək dünyada analoqu olmayan simfonik muğam janrını yaratdı.
Maraqlıdır ki, muğam ruhu təkcə klassik musiqidə deyil, estrada və caz musiqisində də yaşayır. Tofiq Quliyevin, Rauf Hacıyevin, Zakir Bağırovun mahnılarında da muğam intonasiyalarını hiss etmək mümkündür. Azərbaycan cazı belə muğamdan qidalanır.
Bu musiqinin əsas gücü ondadır ki, onun kökü çox dərindir. O həm milli kimliyimizi ifadə edir, həm də dünya səviyyəsində qəbul olunur.
Sizcə, musiqidə milli kimliyi qorumaq niyə vacibdir?
Musiqi başqa incəsənət növlərindən fərqli olaraq elə bir sənətdir ki, onu hər kəs sevir. Hər bir insanın daxilində özünəməxsus bir musiqi yaşayır. Musiqini sevmək üçün peşəkar musiqiçi olmaq da vacib deyil. Bəzən elə insanlar var ki, musiqiçi olmasalar belə, onların musiqi duyumu çox güclü olur. Çünki musiqi insan ruhunun qidasıdır, onun daxili aləminin ifadəsidir.
Elə bir insan yoxdur ki, zümzüməsi olmasın. Səsi olmasa belə, insan öz sevincini, kədərini, hisslərini bir avazla ifadə edir. Musiqi insanın ruhuna toxunan ən yaxın sənətdir.
Milli kimlik məsələsinə gəldikdə isə, mən ilk növbədə laylalarımızı xatırlatmaq istəyirəm. Bizim analarımız, nənələrimiz körpələrinə layla çalıblar. O laylalar təkcə uşağın rahat yatması üçün deyil, həm də onun milli ruhda böyüməsi üçün mühüm rol oynayıb. Milli kimlik məhz həmin laylalardan başlayır.
Musiqidə milli kimliyi qorumaq üçün ilk növbədə milli ruh qorunmalıdır. O ruhun formalaşması isə uşağın körpəlikdən milli musiqi ilə böyüməsindən keçir. Düzdür, zaman dəyişib. Bu gün uşaqlar daha çox telefonlara, müxtəlif cizgi filmlərinə yönəldilir. Bunların da öz yeri var. Amma musiqi insanın mənəvi inkişafında addım-addım onu müşayiət edən bir qüvvədir. Hər yaşın öz musiqisi var.
Əliağa Vahidin çox gözəl qəzəli var:
“Musiqi ilə ola hər xəstəyə aləmdə əlac,
Bu təbabət neçə min çarəyi loğmana dəyər”.
Doğrudan da musiqi insanın sevinci, kədəri, düşüncəsinin ifadəsidir. Təsviri sənət, ədəbiyyat və digər incəsənət növləri də çox qiymətlidir. Amma musiqinin fərqi ondadır ki, o, hər kəsə daha yaxın və daha əlçatandır. İnsan təbiət qoynunda oturanda, bəlkə də hansısa rəsm əsərini xatırlamaz, amma mütləq bir musiqini zümzümə edər.
Musiqi insanın mənəvi dünyasını zənginləşdirir. Ona görə də ona xüsusi diqqət yetirilməlidir. Sovet dövründə çox gözəl bir ənənə var idi. Hər bir ailə uşaqlarını mütləq musiqi məktəbinə yönəldirdilər. Bu bədii təhsil həm milli kimliyin qorunmasına, həm də insanın daxili aləminin zənginləşməsinə böyük təsir göstərirdi.
Bu gün dövr dəyişsə də, musiqinin mahiyyəti dəyişmir. Musiqi elə bir sənətdir ki, milli kimliyin qorunmasında əvəzsiz rol oynayır. Milli kimliyi qorumaq üçün isə musiqimizi qorumaq mütləqdir.
Bu gün milli musiqimizin qarşısındakı əsas çağırışlar hansılardır?
Bu gün Azərbaycan musiqisinin qarşısında duran ən mühüm məsələ onun kökünü qorumaqdır. Sanki musiqinin özü bizə deyir ki, “məni qoruyun”. Çünki musiqi sadəcə səslər toplusu deyil, xalqın yaddaşı, ruhu və milli kimliyidir.
Dmitri Şostakoviçin çox gözəl bir fikri var: “Yaxşı musiqinin canı gözəl melodiyadır”. Həqiqətən də insan bir musiqiyə qulaq asanda, əgər orada güclü melodiya varsa, həmin musiqi onun daxilinə işləyir. İnsan o musiqidə sevgisini də tapa bilir, vətənpərvərlik hissini də, sevincini də, kədərini də.
Xüsusilə son illərdə Şuşanın azad olunmasından sonra yaranan əsərlər bu baxımdan çox diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Musiqi məbədi Şuşa” adlı kitabım nəşr olundu. Həmin kitabda Şuşaya həsr olunmuş əsərlər müxtəlif dövrlər üzrə araşdırılıb. Şuşanın işğaldan əvvəlki dövrü, işğal illəri və azadlıqdan sonrakı mərhələ həmin əsərlərdə fərqli emosiyalarla əks olunur. Birində nisgil, birində ümid, birində isə qələbə ruhu yaşayır.
Bəxtiyar Vahabzadənin “Muğam” poemasında çox maraqlı bir fikir var:
“Mahnılar var ayaqları, muğamlarsa baş tərpədər”.
Yəni musiqi insanı düşündürməli, onun daxilində müəyyən bir mənəvi vəziyyət yaratmalıdır.
Bir vaxtlar Azərbaycan Radiosunda “Musiqinin dünəni və bugünü” adlı verilişim var idi. Həmin verilişdə unudulmaz bəstəkarımız Vasif Adıgözəlov çox maraqlı bir fikir söyləmişdi. Deyirdi ki, bəzən gənclər konsertdən çıxıb aqressiv davranırlar. Bu, dinlədikləri musiqinin onlara təsiridir. Amma elə musiqilər də var ki, insanı sakitləşdirir, mənəvi zənginlik hissi yaradır.
Bu gün yaranan bəzi musiqi nümunələri isə uzunömürlü olmur. Amma Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev kimi bəstəkarların əsərləri illər keçsə də yaşayır. İnsanlar həmin mahnıları ilk notlardan tanıyırlar. Çünki o əsərlərdə həm güclü melodiya, həm dərin fikir, həm də milli ruh var.
Mənim şəxsi narahatlıqlarımdan biri də bəzi televiziya layihələrində klassik musiqimizin yersiz şəkildə istifadə olunmasıdır. İnsanları sadəcə güldürmək məqsədilə hazırlanan bayağı layihələrdə böyük bəstəkarlarımızın əsərlərinin fon musiqisi kimi təqdim olunmasını düzgün hesab etmirəm. Çünki həmin əsərlər milli sərvətdir və onlara münasibət də məsuliyyətli olmalıdır.
Bu gün süni intellekt vasitəsilə də musiqilər hazırlanır. Amma mən düşünürəm ki, həqiqi musiqini yalnız ruhu və nəfəsi olan insan yarada bilər. Musiqinin canlı enerjisi olmalıdır. Necə ki, poeziyanın ruhu var, musiqinin də ruhu var.
Azərbaycan musiqisi çox kamil bir sistemdir və onun təməlində Üzeyir Hacıbəylinin yaratdığı məktəb dayanır. Azərbaycanda professional musiqinin demək olar ki, bütün əsas janrlarının banisi məhz Üzeyir bəydir.
Bu gün Azərbaycan dövləti milli musiqimizin qorunması və inkişafı istiqamətində çox böyük işlər görür. Beynəlxalq Muğam festivalları, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev adına festivallar, caz festivalları – bütün bunlar Azərbaycan musiqisinin dünya səviyyəsində tanıdılmasına xidmət edir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə böyükdür.
Amma bütün bunlarla yanaşı, biz heç vaxt milli kökdən uzaqlaşmamalıyıq. Müasirlik vacibdir, yeni texnologiyalar vacibdir, elektron musiqi alətləri də bu gün sənətin bir hissəsidir. Lakin bütün yeniliklər milli ruh üzərində qurulmalıdır. Çünki musiqi bizim milli kimliyimizdir.
Musiqi həm də xalqları birləşdirən mənəvi körpüdür. Azərbaycan musiqiçiləri dünya səhnələrinə çıxır, dünya musiqiçiləri Azərbaycana gəlirlər. Bu körpünü elə qurmaq lazımdır ki, onun dayaqları həmişə möhkəm olsun.
Çox maraqlı suallar verdiniz. Buna görə sizə xüsusi təşəkkür edirəm. İlk növbədə sizin saytın rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sizə yaradıcılıq uğurları arzulayıram, qələminiz var olsun. Belə mövzulara yer ayırmaq, milli musiqimiz haqqında danışmaq və onu təbliğ etmək çox vacibdir. Mən bütün musiqiçi həmkarlarıma uğurlar arzulayıram. Xalqımıza isə arzum budur ki, həmişə gözəl musiqidən qidalansınlar. Çünki insanın mənəvi zənginliyini artıran ən böyük qüvvələrdən biri məhz musiqidir. Hamıya musiqi dolu, ruhu zəngin günlər arzulayıram.

16:40 29.04.2026
Oxunuş sayı: 75