Küləkdə aşan ağaclar - qarşısı niyə vaxtında alınmır?
Son günlər Bakıda müşahidə olunan güclü külək paytaxt ərazisində bir sıra fəsadlara səbəb olub. Əlverişsiz hava şəraiti nəticəsində şəhərin müxtəlif rayonlarında ağacların aşması və iri budaqların qırılması halları qeydə alınıb. Bu vəziyyət həm nəqliyyatın hərəkətinə, həm də şəhər infrastrukturunun təhlükəsizliyinə təsir göstərib.
Rəsmi qurumlara daxil olan müraciətlər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ərazilərdə operativ təmizlənmə və bərpa işlərinə başlanılıb.
Bildirilir ki, güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti xidmətlər tərəfindən fasiləsiz tədbirlər görülür və təhlükəsizlik üçün zəruri addımlar atılır.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məsələ burasındadır ki, küləkli hava şəraiti ilə bağlı həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi tərəfindən əvvəlcədən müvafiq xəbərdarlıqlar edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xüsusilə aşma təhlükəsi olan, qocalmış və qəzalı vəziyyətdə olan ağaclarla bağlı vaxtında və effektiv tədbirlər görməlidir ki, bu kimi hadisələrin qarşısı alınsın.
Bununla yanaşı, ən mühüm məsələ vətəndaşların şəxsi təhlükəsizlik qaydalarına riayət etməsidir. İnsanlar verilən xəbərdarlıqlara ciddi yanaşmalı, riskli hava şəraitində ehtiyatlı davranmalı və mümkün təhlükələrdən yayınmalıdırlar".
Elmir Heydərli
13:15 29.04.2026
Oxunuş sayı: 61