Rusiya–Ukrayna danışıqları imitasiya xarakteri daşıyır – Ekspert
Rusiya–Ukrayna danışıqlarını yalnız iki ölkə arasında baş verən proses kimi qiymətləndirmək düzgün deyil. Bu prosesdə üçüncü mühüm tərəf kimi ABŞ da iştirak edir. Hazırda təyyarə böhranı ilə bağlı verilən bəyanatlardan sonra Azərbaycanın Rusiya ilə münasibətlərində müəyyən normallaşma müşahidə olunur. Ukrayna ilə münasibətlər isə sabit olaraq qalır.
Bu sözləri Crossmedia.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Rusiya–Ukrayna danışıqlarının perspektivindən danışarkən deyib.
Ekspert bildirib ki, ABŞ–Ermənistan münasibətlərinin tənzimlənməsində iştirak edən amerikalı rəsmilər eyni zamanda Rusiya–Ukrayna danışıqlarında da əsas fiqurlar sırasındadır:

“Bu baxımdan nəzəri olaraq Azərbaycan vasitəçi rolunu üzərinə götürə bilər. Lakin mövcud şəraitdə münaqişədə yeni eskalasiya mərhələsinin başlanması ehtimalı yüksəkdir. Yay mövsümünün yaxınlaşması ilə tərəflər adətən hərbi əməliyyatları intensivləşdirir və daha əlverişli mövqelər əldə etməyə çalışırlar.
Belə bir dövrdə aparılan danışıqlar daha çox imitasiya xarakteri daşıyır. Tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər mövcuddur və onların qısa müddətdə aradan qaldırılması real görünmür. Üstəlik, Avropa Birliyinin Ukraynaya ayırmağı planlaşdırdığı böyük həcmli maliyyə dəstəyi ölkənin dayanıqlığını artırır və geri çəkilmə ehtimalını minimuma endirir”.
Sonda ekspert qeyd edib ki, yaxın aylarda danışıqlardan konkret nəticə gözləmək çətindir. Bununla belə, nəzəri baxımdan vasitəçilik üçün Türkiyə, Körfəz ölkələri və Azərbaycan uyğun platformalar hesab oluna bilər.
Nihat Tahirov
14:30 29.04.2026
Oxunuş sayı: 47