Qlobal iqtisadiyyata zərbə: Enerji böhranı istehsal və nəqliyyatı sarsıdır
Dünya iqtisadiyyatı ciddi təzyiqlə üz-üzə qalıb və bunun təsirləri artıq onlarla ölkədə hiss olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Bildirilir ki, yaranmış vəziyyətin əsas səbəbləri sırasında enerji infrastrukturuna hücumlar və Hörmüz boğazı ətrafında artan gərginlik dayanır.
Məlumata əsasən, bir sıra ölkələrdə istehsal və xidmət sektorlarında ciddi problemlər yaranıb. Hindistan və Banqladeşdə fabriklər fəaliyyətini dayandırır, İrlandiya, Polşa və Almaniyada isə hava nəqliyyatında fasilələr müşahidə olunur. Eyni zamanda, Vyetnam, Cənubi Koreya və Tayland enerji istehlakına məhdudiyyətlər tətbiq edir.
Sənaye istehsalı da geriləyir. Yaponiyada avtomobil sektoru, Hindistanda isə metal sənayesi istehsalı azaldır. Çində isə bəzi fabriklərdə işçilərin ixtisarı qeydə alınır.
Ekspertlər bildirirlər ki, neft, qaz və gübrə qiymətlərinin kəskin bahalaşması qlobal tədarük zəncirində problemlər yaradıb. Bu isə alüminium, helium və mikroçiplər kimi strateji məhsulların çatışmazlığına səbəb olub.
Bundan əlavə, təyyarə yanacağının bahalaşması dünyanın aparıcı aviaşirkətlərini uçuşları azaltmağa məcbur edib. Bu vəziyyət artıq turizm və biznes səfərlərinə də mənfi təsir göstərir.
Qeyd olunur ki, hətta münaqişə qısa müddətdə başa çatsa belə, yüksək enerji qiymətlərinin təsiri yaxın illərdə də davam edə bilər.
16:18 28.04.2026
Oxunuş sayı: 66