Yasamal rayonunda qızlar arasında voleybol idman növü üzrə yarışa start verilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində qızlar arasında voleybol turnirinə start verilib.
28.04.2026-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində baş tutan qızlar arasında voleybol turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direkotu Dilarə Məmmədəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildiriblər ki, Azərbaycanda idman siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən və məqsədyönlü strateji xəttə əsaslanır. Bu yanaşma nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi inkişaf etdirilmiş, gənclərin fiziki sağlamlığı və mənəvi kamilliyi üçün əlverişli mühit yaradılmışdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müasir idman infrastrukturu qurulur, beynəlxalq standartlara cavab verən komplekslər istifadəyə verilir və idmançıların peşəkar inkişafı üçün geniş imkanlar təmin olunur. Qeyd edilib ki, müxtəlif səviyyəli yarışların təşkili idmanın kütləviliyinin artırılmasında mühüm rol oynayır. Bu cür tədbirlər sağlam həyat tərzinin təşviqinə xidmət etməklə yanaşı, gənclərin zərərli vərdişlərdən uzaqlaşmasına, fiziki hazırlığının güclənməsinə və onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə müsbət təsir göstərir. Bununla yanaşı vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti Azərbaycanın beynəlxalq idman arenasında mövqeyini daha da gücləndirir. Ölkəmiz mötəbər yarışlara uğurla ev sahibliyi edir, idmançılarımızın qazandığı nailiyyətlər isə Azərbaycanın dünya idman ictimaiyyətində nüfuzunu artırır. Sonda çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Qızlar arasında voleybol yarışı yüksək rəqabət şəraitində keçib. Qalib komandalar növbəti mərhələyə-final mərhələsinə yüksəlib. Qeyd edək ki, qızlar arasında voleybol idman yarışının final və mükafatlandırma mərasimi 29.04.2026-cı il tarixində baş tutacaq.
15:24 28.04.2026
Oxunuş sayı: 65