AMEA-da "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Aprelin 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli "2026-cı ilin Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən tədbirdə ölkəmizdə şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri, yerli və xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislər, tədqiqatçılar və KİV nümayəndələri iştirak edirlər.
Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbirin ölkəmizin seysmik vəziyyətinin elmi əsaslarla qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Akademik İsa Həbibbəyli bildirib ki, zəlzələlərlə bağlı fundamental və tətbiqi tədqiqatların aparılması, eləcə də cəmiyyətin bu sahədə düzgün və vaxtında məlumatlandırılması müasir dövrdə xüsusi aktuallıq kəsb edir.
O, AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycanda seysmik proseslərin tədqiqi üzrə aparıcı elmi qurum olduğunu qeyd edib. Alim Mərkəzin yalnız elmi araşdırmalarla kifayətlənmədiyini, eyni zamanda maarifləndirmə fəaliyyətini də sistemli şəkildə həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, Seysmoloji Xidmət Mərkəzi elmi tədqiqatlara əsaslanaraq, müasir texnologiyaların son nailiyyətlərini tətbiq etməklə və beynəlxalq seysmoloji prosesləri dərindən araşdırmaqla real və əsaslandırılmış proqnozlar təqdim edir.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, dünyada seysmologiya sahəsində baş verən yeniliklər Azərbaycan reallıqları kontekstində öyrənilir, təhlil olunur və tətbiq edilir.
AMEA rəhbəri Respublika Seysmoloji Xidmət Mərkəzinin apardığı araşdırmaların şəhərsalma prosesində seysmoloji risklərin yetərincə nəzərə alınmamasının gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu baxımdan Mərkəzin müvafiq dövlət qurumları ilə apardığı əməkdaşlıq və məsləhətləşmələr onun məsələyə yüksək məsuliyyətlə yanaşdığını təsdiqləyir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin dövlət təyinatlı qurum kimi fəaliyyətini uğurla davam etdirdiyini deyən akademik İsa Həbibbəyli Mərkəzin xüsusilə Fövqəladə Hallar Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, Azərbaycan seysmologiya elminin inkişafına göstərilən dəstəyə görə Nazirliyin rəhbərliyinə təşəkkürünü ifadə edib.
O, həmçinin Mərkəzin beynəlxalq əlaqələrinin də son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini söyləyərək, Orta Asiya respublikaları, Cənubi Qafqaz, Türkiyə, MDB və Avropa ölkələri ilə qurulan elmi əməkdaşlığın Azərbaycan seysmologiya elminin nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqinə şərait yaratdığını vurğulayıb. AMEA prezidenti konfransda Orta Asiya ölkələri və Yaponiyadan olan alimlərin məruzələrlə çıxış etməsini Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq elmi nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, konfransda təqdim olunan məruzələrdən birində XII əsrdə Memar Əcəminin Möminə Xatun türbəsi kimi memarlıq abidələrinin inşasında seysmoloji risklərin nəzərə alındığını sübut edən elmi tədqiqatların yer alması xüsusi maraq doğurur. Bu araşdırmalar “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrasına mühüm elmi dəstək verəcək.
Akademik İsa Həbibbəyli cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini və may ayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi edəcəyini xatırladıb. Qeyd edib ki, bu konfrans çərçivəsində səsləndiriləcək elmi məruzələr və aparılacaq müzakirələr seysmologiya elminin aktual problemlərini əhatə etməklə yanaşı, ölkədə şəhərsalmanın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətlərinə də mühüm töhfələr verəcək. Azərbaycan alimləri Prezident İlham Əliyev tərəfindən Azərbaycan seysmologiya elmi qarşısında müəyyənləşdirilən strateji vəzifələrin həyata keçirilməsində bundan sonra da fəal şəkildə və məsuliyyətlə iştirak edəcəklər.
Sonra çıxış edən Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev bildirib ki, dövlət başçısının “2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycanda şəhərsalma siyasətinin dövlətin strateji prioritetləri sırasında olduğunu aydın şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, bu sənəd yalnız memarlıq və urbanistika sahəsinin inkişafına deyil, eyni zamanda təhlükəsizlik, dayanıqlılıq və davamlı inkişaf prinsiplərinin elmi əsaslarla araşdırılmasına xidmət edir. General-leytenant Adil Abdullayev vurğulayıb ki, məhz bu kontekstdə seysmik risklərin qiymətləndirilməsi və effektiv idarə olunması məsələləri xüsusi aktuallıq kəsb edir və bu sahədə elmi tədqiqatların nəticələrinin praktik qərarların qəbulunda nəzərə alınması olduqca vacibdir.
Azərbaycanın seysmik cəhətdən aktiv zonada yerləşdiyini və tarixən burada dağıdıcı zəlzələ faktlarının qeydə alındığını deyən Adil Abdullayev bu hadisələrin həm insan itkilərinə, həm də ciddi iqtisadi zərərlərə səbəb olduğunu bildirib. O, seysmik təhlükəliliyin öyrənilməsinin və düzgün qiymətləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Nazir müavini müasir mərhələdə seysmik risklərin qiymətləndirilməsinin xüsusilə ön plana çıxdığını qeyd edərək, sürətlə gedən urbanizasiya prosesləri, əhalinin sıxlığının artması, çoxmərtəbəli yaşayış və ictimai binaların geniş yayılması, habelə iri enerji və nəqliyyat infrastrukturu layihələrinin reallaşdırılmasının bu məsələnin aktuallığını daha da artıran əsas amillərdən olduğunu deyib.
“Bu gün xüsusilə Abşeron yarımadası və Bakı şəhərində əhalinin yüksək sıxlığı seysmik risklərin daha ciddi şəkildə nəzərə alınmasını zəruri edir”, – deyə bildirən general-leytenant Adil Abdullayev vurğulayıb ki, seysmik risklərin azaldılması istiqamətində kompleks və sistemli tədbirlərin həyata keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu tədbirlərə ilk növbədə zəlzələyə davamlı tikinti normalarının hazırlanması və elmi əsaslarla təkmilləşdirilməsi daxildir. Yeni binaların layihələndirilməsi zamanı seysmik aktivlik mütləq nəzərə alınmalı, mövcud tikililər isə müasir standartlara uyğun şəkildə gücləndirilməli və ya zərurət yarandıqda yenidən qurulmalıdır.
Adil Abdullayev bildirib ki, seysmik riskin azaldılması üçün müasir elmi yanaşmalardan biri kimi seysmik mikrorayonlaşdırma prosesinin aparılması önəmlidir. Bunun üçün respublika ərazisi üzrə seysmik səviyyələr dəqiqləşdirilməli, seysmik mikrorayonlaşdırma işləri sürətləndirilməlidir. Hazırda nazirlik Seysmoloji Xidmət Mərkəzi və Yaponiyadan olan mütəxəssislərlə birgə bu istiqamətdə işlər həyata keçirir. Yaxın zamanlarda bununla bağlı Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edəcək yeni xəritələr hazırlanacaq.
Nazir müavini, həmçinin qeyd edib ki, əhalinin seysmik təhlükələrlə bağlı maarifləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin yaradılması, fövqəladə hallar xidmətlərinin hazırlıq səviyyəsinin yüksəldilməsi və mütəmadi təlimlərin keçirilməsi risklərin minimuma endirilməsində mühüm rol oynayır. Şəhərsalma siyasətində riskli zonaların düzgün qiymətləndirilməsi və bu ərazilərdə tikinti fəaliyyətinin məhdudlaşdırılması da əsas şərtlər sırasında yer alır.
General-leytenant Adil Abdullayev vurğulayıb ki, bütün bu tədbirlərin paralel və əlaqələndirilmiş şəkildə icrası zəlzələlərin insan həyatı və infrastruktur üzərində mümkün mənfi təsirlərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək.
“Azərbaycanda seysmik təhlükəsizliyin düzgün qiymətləndirilməsi və risklərin effektiv idarə olunması yalnız elmi tədqiqatlarla məhdudlaşmamalı, həm də dövlət siyasəti, şəhərsalma planlaşdırılması və ictimai təhlükəsizlik strategiyaları ilə inteqrasiya olunmalıdır”, - deyə o, əlavə edib.
Daha sonra FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli “Yüksək binaların hesablanmasında seysmik spektr qrafiklərinin müqayisəli təhlili” mövzusunda məruzəsini təqdim edib.
Konfrans öz işini müvafiq panellər üzrə davam etdirib.
Panel iclaslarında “Azərbaycan və ona bitişik regionlarda Yer qabığının deformasiyalarının GPS vasitəsilə monitorinqi”, “Seysmoaktiv zonalarda təbii radioaktiv sahələrin anomaliyaları”, “Zəlzələdən sonrakı dövrdə ictimai təhlükəsizliyin təminində mülki müdafiənin rolu”, “Abşeron yarımadasında qravitasiya sahəsinin inversiyası”, “Lənkəran təbii vilayətində yamac proseslərinin müqayisəli təhlili” və digər mövzularda məruzələr dinlənilib.
Qeyd edək ki, konfrans öz işinə aprelin 29-da yekun vuracaq.
15:45 28.04.2026
Oxunuş sayı: 46