Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Mərakeşin paytaxtı Rabat şəhərində yerləşən “Rabat American School”da “Mədəniyyətlər Günü” tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, 21 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan ardıcıl dördüncü dəfə öz zəngin mədəniyyətini və qonaqpərvərlik ənənələrini təqdim edib.
Azərbaycanın milli stendi ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar ölkəmizin tarixi, adət-ənənələri və mədəni irsi ilə yaxından tanış olublar.
Ziyarətçilərə milli mətbəxin nümunələri – dovğa, qutab, paxlava, eləcə də limonlu çay təqdim edilib. Milli geyimlər də xüsusi maraqla qarşılanıb və Azərbaycan mədəniyyətinin estetik gözəlliyini nümayiş etdirib.
Tədbir çərçivəsində milli rəqslər də təqdim olunub. Qonaqlara Azərbaycan musiqisi ilə tanış olmaq və rəqs hərəkətlərini sınamaq imkanı yaradılıb. Bu isə tədbirdə canlı və dostluq atmosferi formalaşdırıb.
Tədbir xalqlar arasında mədəni mübadilənin və qarşılıqlı hörmətin əhəmiyyətini bir daha nümayiş etdirib.(Report)
08:24 27.04.2026
Oxunuş sayı: 56