402 min problemli kredit – vətəndaş borcunu niyə ödəyə bilmir?
Azərbaycanda problemli kreditlərlə bağlı icra proseslərinin həcmi son illərdə diqqət çəkən sosial-iqtisadi məsələlərdən birinə çevrilib.
Mövcud statistik göstəricilər ölkə üzrə minlərlə vətəndaşın bank və bank olmayan kredit təşkilatları qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi nəticəsində məhkəmə və icra mərhələsinə keçən işlərin sayının artdığını göstərir.
Bu vəziyyət maliyyə intizamı, borclanma mədəniyyəti və iqtisadi sabitlik baxımından mühüm müzakirə mövzusu olaraq qalır.
Rəsmi məlumatlara əsasən, hazırda 402 mindən çox icra işi problemli kreditlər kateqoriyasına aid edilərək məcburi icra mərhələsinə yönəldilib.
Bu işlər əsasən bankların və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu borc münasibətlərindən irəli gəlir. Məsələnin miqyası ölkədə kredit öhdəliklərinin icrası və borc münasibətlərinin tənzimlənməsi sahəsində daha sistemli yanaşmaya ehtiyac olduğunu bir daha gündəmə gətirir.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Problemli kreditlər dedikdə, vətəndaşların banklarla və ya digər şəxslərlə bağladıqları kredit müqavilələri üzrə öhdəliklərini müəyyən olunmuş müddətdə yerinə yetirməməsi nəticəsində yaranan borc problemləri nəzərdə tutulur.
Məsələn, əgər vətəndaş kredit ödənişini bir ay gecikdirirsə, həmin kredit artıq problemli kredit kimi qiymətləndirilir. Gecikmə davam etdikdə və xüsusilə, iki ay ərzində ödəniş həyata keçirilmədikdə, bank tərəfindən borcluya müvafiq xəbərdarlıqlar və pretensiya məktubu göndərilir.
Pretensiya mərhələsindən sonra bankın iki əsas hüquqi mexanizmdən istifadə etmək imkanı yaranır. Birinci halda, kredit müqaviləsi notariat qaydasında təsdiqlənmişdirsə, bank notariusa müraciət edərək icra qeydi ala bilər.
Bu icra qeydi birbaşa icra orqanına göndərilir və icra məmurları tərəfindən borcun məcburi qaydada tutulması prosesi başlanır. İkinci halda isə bank məhkəməyə müraciət edərək əsas borcun, hesablanmış faizlərin və gecikməyə görə tətbiq olunan cərimələrin tutulmasını tələb edir.
Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra sənəd icra şöbəsinə göndərilir və icra tədbirləri başlanır.
Qeyd etmək lazımdır ki, iş məhkəməyə verildikdən və ya icra qeydi tətbiq edildikdən sonra faiz hesablanması dayandırılır və yalnız həmin tarixədək hesablanmış borclar – əsas məbləğ, faiz və cərimələr – tələb olunur. Təcrübədə məhkəmələr cərimə məbləğini adətən əsas borcun təxminən 10 faizi həcmində müəyyən edir.
İcra mərhələsində borcluya icra sənədi təqdim edilir və ona borcun könüllü ödənilməsi üçün adətən 10 gün müddət verilir. Bu müddət ərzində borc ödənilmədikdə, əlavə olaraq borc məbləğinin 10 faizi həcmində icra xərci hesablanır.
Daha sonra icra məmurları borclunun əmlak vəziyyətini araşdırır, onun adına qeydiyyatda olan daşınar və daşınmaz əmlaklar müəyyən edilir və zərurət olduqda həmin əmlaklara həbs qoyulur.
Əmlak mövcud olduğu halda, o, bazar dəyərinə uyğun qiymətləndirilir və açıq hərrac vasitəsilə satışa çıxarılır. Əgər borclunun əmlakı yoxdursa, lakin rəsmi gəliri mövcuddursa, onun aylıq gəlirinin müəyyən hissəsi – adətən 50 faizə qədər – tutularaq borcun ödənilməsinə yönəldilir. Borclunun nə əmlakı, nə də rəsmi gəliri olduqda isə icra məmuru onu izahat verməyə dəvət edir və əlavə vaxt tanıyır.
Bu müddət ərzində də borc ödənilmədikdə, borclu şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Bu zaman onun barəsində inzibati protokol tərtib olunur və məhkəmə tərəfindən cərimə və ya inzibati həbs tətbiq edilə bilər.
Əgər borcun ödənilməsindən qərəzli şəkildə yayınma halları aşkar edilərsə və görülən tədbirlər nəticə verməzsə, məsələ cinayət məsuliyyəti müstəvisinə keçə bilər və aidiyyəti istintaq orqanlarına materiallar göndərilə bilər".
Elmir Heydərli
10:30 27.04.2026
Oxunuş sayı: 1019