Britaniya mediası Rusiya ordusunda kannibalizm halları barədə iddialar yayıb
Rusiya-Ukrayna müharibəsinin ön xəttində Rusiya hərbçiləri arasında qida çatışmazlığı fonunda dəhşətli kannibalizm (adam yemə) hadisələrinin baş verdiyi iddia edilir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mənbə Ukrayna Baş Kəşfiyyat İdarəsindən (GUR) əldə etdiyi fotoşəkillər və rus zabitləri arasındakı audioyazıların deşifrəsini dərc edib.
Məlumata görə, hərbçilərin həlak olmuş döyüş yoldaşlarının cəsədlərindən qida kimi istifadə etdiyi ən azı beş rəsmi hal qeydə alınıb. İddia edilən epizodlardan biri 2025-ci ilin noyabrında Mirnoqrad yaxınlığında baş verib. Bildirilir ki, "Xromoy" ləqəbli rus hərbçisi iki xidmət yoldaşını öldürərək onlardan birinin cəsədini yeməyə cəhd edib.
"The Sunday Times" qəzeti bu məlumatların Ukrayna tərəfindən təqdim edildiyini və müstəqil şəkildə tam təsdiqlənmədiyini xüsusi vurğulasa da, GUR bu halları Rusiya ordusundakı dərin mənəvi və psixoloji tənəzzülün, həmçinin təchizat sisteminin tamamilə çökməsinin sübutu kimi qiymətləndirir. Qeyd edək ki, analoji iddialar daha əvvəl Volçansk və Kupvansk istiqamətlərində mühasirəyə düşən rus bölmələri ilə bağlı da səsləndirilmişdi. Hazırda bu şok iddialar beynəlxalq mediada geniş müzakirə olunur.
20:53 26.04.2026
Oxunuş sayı: 55