Süni yağışlar iddiası – regionda yağan yağışlar təsadüfdürmü?
Son günlər sosial şəbəkələrdə sürətlə yayılan bir iddia geniş müzakirələrə səbəb olub: guya müharibənin ilk günlərində İran tərəfindən BƏƏ ərazisində yerləşən gizli iqlimə təsir mərkəzi vurulduqdan sonra regionda hava şəraiti kəskin şəkildə dəyişib.
İddialara görə, bundan dərhal sonra İraq və İranda uzun sürən quraqlıq birdən-birə sona çatıb, güclü və davamlı yağışlar başlayıb, temperatur isə nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Hətta bildirilir ki, əvvəllər ciddi su çatışmazlığı yaşayan Tehran üçün belə risklər aradan qalxıb.
Bu versiyanı irəli sürənlər hesab edir ki, BƏƏ-də fəaliyyət göstərən və rəsmi olaraq hava modifikasiyası ilə məşğul olan qurumlar — məsələn UAE National Center of Meteorology — əslində daha geniş və gizli məqsədlər daşıyırdı.
Onların fikrincə, bu mərkəzlər vasitəsilə regionda süni quraqlıq yaradılır, kənd təsərrüfatına zərbə vurulur və iqlim proseslərinə məqsədli şəkildə müdaxilə edilirdi.
Bəs bu iddialar nə dərəcədə reallığa uyğundur?
Həqiqətənmi iqlim bu səviyyədə idarə oluna bilər, yoxsa bu, real texnologiyalarla konspirativ yanaşmaların qarışmasından yaranan bir narrativdir?
Bu suallar hazırda həm ictimaiyyətdə, həm də ekspert mühitində ciddi maraq doğurur.
Crossmedia.az mövzu ilə bağlı araşdırma aparıb:

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, doğrudur, İran Birləşmiş Ərəb Əmirliklərində bəzi yerləri vurdu. Amma bulud toxumlama mərkəzini vurması inandırıcı görünmür.
“Mən o üsulu bilirəm, buludları qovub yağış yağdırırlar. Ona görə inandırıcı görünmür ki, belə bir şeyi nə İsrail nə də ABŞ BƏƏ-yə verməzlər. Əgər belə bir şey varsa da müsbətdir, selbasmalar olsa da yağışın ziyanı yoxdur”.
Ekoloq Jurnalistlər Birliyinin sədr müavini, ekoloq Elçin Bayramlı da bildirib ki, bu cür iddialar uzun illərdir müxtəlif ölkələrin mediasında və sosial şəbəkələrdə müzakirə olunur.
“Milyonlarla video, foto və faktlar ortaya qoyulub. Elm və texnologiya son dövrlərdə çox inkişaf edib və artıq təsir imkanları da genişlənib. Hava şəraitinə, yağışlara və digər proseslərə təsir etmək üçün müəyyən texnologiyalar mövcuddur. Amerikada, Alyaskada yerləşən HAARP stansiyası da bu sahə ilə əlaqələndirilir.
Eyni zamanda, yaxın regionlarda da belə mərkəzlərin olduğu iddia olunur. Bildirilir ki, bu texnologiyalar vasitəsilə Türkiyə, İran, İraq kimi ölkələr üzərində quraqlıq yaradılır, buludların yağıntı vermə qabiliyyəti azaldılır və təyyarələr vasitəsilə atmosferə xüsusi kimyəvi maddələr səpilir.
Nəticədə bu ölkələrdə quraqlıq yaranır, kənd təsərrüfatı sıradan çıxır və səhralaşma baş verir. Bu proses qlobal qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirilən plan kimi təqdim olunur. Əslində bunun gizli olmadığı da iddia edilir.

Məsələn, “chemtrail” layihəsi kimi təqdim olunan məsələlər ABŞ-da müzakirə olunur. İddialara görə, təyyarələr vasitəsilə atmosferə müxtəlif kimyəvi tozlar səpilir. Bu, guya qlobal istiləşmənin qarşısını almaq məqsədilə edilir — belə ki, bu tozlar atmosferdə təbəqə yaradaraq günəş şüalarının yerə çatmasını azaldır”.
Ekoloq əlavə edib ki, bu barədə çoxlu video və materiallar paylaşılır:
“Təyyarələrin arxasında qalan izlərin adi su buxarı olmadığı, saatlarla və bəzən günlərlə havada qaldığı iddia olunur. Bu maddələrin tərkibində alüminium və digər zərərli komponentlərin olduğu da qeyd edilir və bunun insan sağlamlığına təsir edə biləcəyi deyilir.
Bəzi iddialara görə, bir çox ölkələrdə qəzaya uğramış təyyarələrdə bu cür maddələr aşkar edilib. Həmçinin, bəzi ölkələrin bu tip uçuşları öz hava məkanlarında qadağan etdiyi bildirilir.
Digər tərəfdən, ionosferə təsir edən stansiyalar vasitəsilə hava hadisələrinin idarə oluna biləcəyi də iddia olunur. Buna süni yanğınların yaradılması, atmosfer təzyiqinin dəyişdirilməsi, külək və qasırğaların formalaşdırılması kimi nümunələr göstərilir.
Hətta bəzi fikirlərə görə, zəlzələlərə belə təsir etmək mümkündür. Bu texnologiyaların 50 ilə yaxındır mövcud olduğu, həm ABŞ, həm də SSRİ tərəfindən araşdırıldığı iddia olunur.
Buludların süni şəkildə dağıdılması və ya yağışın artırılması kimi texnologiyalar isə daha əvvəldən məlumdur. Son illərdə Türkiyə, İran və İraqda baş verən quraqlıqlar da bu iddialarla əlaqələndirilir.
Azərbaycanda da bəzi çayların və su mənbələrinin quruması müşahidə olunub. Eyni zamanda, sonradan qısa müddətdə yağıntıların artması və su ehtiyatlarının bərpa olunması bəzi insanlar tərəfindən süni müdaxilənin göstəricisi kimi qiymətləndirilir.
Məsələn, Urmiya gölünün quruması və daha sonra yağışlarla dolması, Türkiyədə bəzi göllərin və su anbarlarının əvvəl boşalıb sonra dolması kimi hadisələr buna nümunə göstərilir”.
E.Bayramlı əlavə edib ki,bəzi şəxslər iddia edir ki, təyyarələrin müəyyən ərazilər üzərindən keçərək buraxdığı izlərdən sonra məhsuldarlıq azalır və insanlarda müxtəlif sağlamlıq problemləri yaranır:
“Bu görüntülər sosial mediada geniş yayılıb və bu proseslərin məqsədli olduğu iddia edilir. Bu məsələlərin təsadüfi olmadığı, qlobal planın bir hissəsi olduğu fikri də irəli sürülür. İqlim dəyişiklikləri və qlobal istiləşmə ilə bağlı bəzi proseslərin süni şəkildə yaradıldığı düşünülür.
Bu yanaşmaya görə, beynəlxalq iqlim razılaşmaları vasitəsilə ölkələr üzərində iqtisadi və siyasi təsir imkanları artırılır. Müxtəlif məhdudiyyətlər, xüsusilə sənaye və kənd təsərrüfatı sahələrində tətbiq edilən qaydalar da bu kontekstdə izah olunur.
Bəzi ölkə rəsmilərinin də bu mövzuda açıqlamalar verdiyi qeyd edilir. Nəticə olaraq, bu iddiaların beynəlxalq səviyyədə araşdırılmasının vacibliyi vurğulanır.
Hətta BMT səviyyəsində belə məsələlərin araşdırılması üçün komissiyaların yaradıla biləcəyi qeyd olunur. Mövcud fikirlərə görə, baş verənlər təbii proseslərdən çox, texnoloji müdaxilələrlə bağlı ola bilər”.
Ayhan
12:35 24.04.2026
Oxunuş sayı: 1039