Sol zolaq niyə boş qalmalıdır? – ekspert izah edir
Son dövrlərdə magistral yollarda nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə yol hərəkəti qaydalarının tətbiqində müəyyən sərtləşdirmələr müşahidə olunur.
Xüsusilə sol, yəni birinci zolağın yalnız ötmə üçün nəzərdə tutulmasına dair tələblərin icrasına nəzarət gücləndirilmiş və bu qaydanın pozulmasına görə cərimələr tətbiq edilməyə başlanmışdır.
Bu yanaşma sürücülər arasında yol intizamını artırmaq, hərəkətin dinamikliyini qorumaq və süni sıxlıqların qarşısını almaq məqsədi daşıyır.
Qaydalara əsasən, sol zolaqda fasiləsiz hərəkət yalnız istisna hallarda — sağ zolaq (ikinci zolaq) dolu olduqda və ya ötmə zərurəti yarandıqda mümkündür.
Əks halda, bu zolağın əsassız şəkildə tutulması digər sürücülərin hərəkətinə maneə yaradır və ümumi yol təhlükəsizliyinə mənfi təsir göstərir.
Beləliklə, tətbiq edilən yeni nəzarət mexanizmləri sürücülərin məsuliyyətini artırmaqla yanaşı, yol hərəkətinin daha nizamlı və təhlükəsiz təşkilinə xidmət edir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

“Yol hərəkətində sürücülərin zolaqlar üzrə düzgün hərəkət etməsi təhlükəsizliyin təmin olunması baxımından atılan mühüm addımlardan biridir. Bu baxımdan hər bir sürücü istifadə etdiyi zolağın təyinatını bilməli və ona uyğun davranmalıdır.
Hərəkət zamanı sürət həddinin seçilməsi də zolaqların xüsusiyyətlərinə və yol şəraitinə uyğun müəyyən edilməlidir. Bu məsələdə iki əsas nüans xüsusilə diqqətə çatdırılmalıdır.
Birinci nüans yolun texniki vəziyyəti ilə bağlıdır. Belə ki, yolda çala-çuxurların olması, örtüyün zədələnməsi və ya zolağın yararsız vəziyyətdə olması nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradır və onların istismarını çətinləşdirir.
Belə hallarda aidiyyəti qurumların vaxtında məlumatlandırılması və məsələnin ictimai gündəmə çıxarılması vacibdir. Bu, müvafiq qurumların operativ şəkildə cari təmir işləri aparmasına və problemin aradan qaldırılmasına şərait yaradır. Nəticədə yol hərəkəti iştirakçıları üçün təhlükə və maneələr minimuma endirilmiş olur.
İkinci mühüm məsələ zolaqlardan düzgün istifadə ilə bağlıdır. Yolun sol zolağında uzun müddət və səbəbsiz şəkildə hərəkət edən nəqliyyat vasitələri digər sürücülərin manevr imkanlarını məhdudlaşdırır və ümumi hərəkət axınına maneə törədir. Bu baxımdan manevr etmə qaydalarına riayət olunması xüsusi əhəmiyyət kəsb edir.
Manevr zamanı sürücülər zolaq dəyişərkən bir-birinə qarşılıqlı hörmət göstərməli, təhlükəsiz məsafəni gözləməli və hərəkətin ahəngini pozmamalıdırlar.
Ümumilikdə, nəqliyyat vasitələrinin istismarı zamanı əsas məqsəd onların təhlükəsiz və səmərəli hərəkətinin təmin olunmasıdır. Zərurət olmadıqda sol zolaqdan istifadə edilməsi məqsədəuyğun hesab edilmir.
Qeyd olunan qaydalara əməl olunmasına nəzarət təhlükəsizlik kameraları və elektron ölçmə cihazları vasitəsilə həyata keçirilir. Qayda pozuntularına yol verən şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunur".
Elmir Heydərli
11:30 22.04.2026
Oxunuş sayı: 918