Kirayə verərkən vergini kim ödəməlidir? - qaydalar nə deyir
Müasir hüquqi münasibətlər sistemində daşınmaz əmlak əməliyyatları xüsusi yer tutur və bu sahədə şəffaflıq, hüquqi dəqiqlik və tərəflərin maraqlarının qorunması əsas prinsiplər kimi çıxış edir.
Əmlak üzərində həyata keçirilən istənilən əməliyyat – istər mülkiyyətin ötürülməsi, istərsə də istifadəyə verilməsi – yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə aparıldıqda etibarlı və davamlı olur.
Digər tərəfdən, praktika göstərir ki, hüquqi prosedurların tam və düzgün icra olunmaması, müqavilələrin formal yanaşma ilə tərtib edilməsi və bəzi hallarda qeyri-rəsmi razılaşmalara üstünlük verilməsi gələcəkdə ciddi mübahisələrə səbəb olur.
Bu baxımdan, daşınmaz əmlakla bağlı münasibətlərdə hüquqi mexanizmlərin düzgün tətbiqi, bütün şərtlərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi və tərəflər arasında aydın razılaşmanın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Daşınmaz əmlakla bağlı müqavilələr mülki qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmalıdır. İstər alqı-satqı, istərsə də kirayə müqaviləsi olsun, bu münasibətlər yalnız hüquqi çərçivədə rəsmiləşdirildikdə tərəflərin hüquqları etibarlı şəkildə qorunur.
Daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilənin bağlanması üçün ilk növbədə həmin əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi zəruridir.
Yəni, praktik dildə ifadə etsək, əmlakın çıxarışının (kupçasının) olması əsas şərtdir. Bununla yanaşı, əmlak sərbəst olmalı, yəni girovda, həbsdə və ya ipoteka yükü altında olmamalıdır.
Bu məlumatlar notariat orqanları tərəfindən elektron sistem vasitəsilə, “vahid pəncərə” prinsipi əsasında yoxlanılır. Aparılan araşdırma nəticəsində əmlakın hüquqi vəziyyəti – yəni yüklü olub-olmaması təsdiq edildikdən sonra alqı-satqı prosesi rəsmiləşdirilə bilər.
Qeydiyyatdan keçməmiş, yəni çıxarışı olmayan daşınmaz əmlaklarla bağlı rəsmi qaydada alqı-satqı aparılmır. Belə hallarda tərəflər arasında yalnız qeyri-rəsmi, şifahi razılaşmalar mövcud olur ki, bu da gələcəkdə ciddi hüquqi risklər və mübahisələr yarada bilər.
Kirayə münasibətlərinə gəldikdə isə, bu sahə də qanunvericiliklə tənzimlənir və kirayə müqaviləsinin bağlanması zəruridir. Mənzili kirayəyə verən şəxs bu fəaliyyətdən gəlir əldə etdiyi üçün qanunvericiliyə əsasən müvafiq vergi öhdəliyi daşıyır. Hazırda tətbiq olunan qaydalara görə bu gəlirdən 14 faiz vergi tutulur və həmin verginin hansı tərəf tərəfindən ödəniləcəyi müqavilədə açıq şəkildə göstərilməlidir.
Təcrübədə bəzən kirayə müqavilələrinin notariat orqanlarında formal və standart şablonlar əsasında tərtib edilməsi halları müşahidə olunur. Bu isə gələcəkdə tərəflər arasında müəyyən narazılıqlara və mübahisələrə səbəb olur.
Xüsusilə vergi öhdəlikləri, kommunal xərclərin ödənilməsi, tərəflərin hüquq və vəzifələri kimi məsələlər müqavilədə dəqiq şəkildə əks olunmadıqda problemlər qaçılmaz olur.
Bu baxımdan, hər bir detalın kirayə müqaviləsində aydın və konkret şəkildə göstərilməsi vacibdir. Ümumilikdə isə tövsiyə olunur ki, istər alqı-satqı, istərsə də kirayə müqavilələri bağlanarkən hüquqi tələblərə ciddi riayət edilsin və zərurət olduqda peşəkar hüquqi məsləhətdən istifadə olunsun".
Elmir Heydərli
12:30 22.04.2026
Oxunuş sayı: 68