Süni intellekt biznesi ələ keçirir – ekspert 5 illik dönüş nöqtəsini açıqladı
Süni intellekt artıq qlobal iqtisadiyyatın əsas transformasiya alətlərindən birinə çevrilməkdədir. Azərbaycanda da bu texnologiyanın xüsusilə kiçik və orta biznes (KOB) sektorunda tətbiqi aktuallaşır. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə süni intellektin bu sahədə standart iş alətinə çevrilməsi mümkün istiqamətlərdən biridir, lakin bu prosesin uğuru konseptual yanaşmadan birbaşa asılıdır.

İKT üzrə mütəxəssis Elvin Abbasov Crossmedia.az-a açıqlamasında bildirib ki, yaxın 5 il ərzində süni intellektin Kiçik və Orta Biznes (KOB) sektorunda standart alətə çevrilməsi məsələsinə konseptual yanaşma sərgilənərsə, bu məqsədə nail olmaq olar: " Bu yanaşma süni intellektin sadəcə texnoloji bir əlavə deyil, biznesin fundamental idarəetmə strukturuna inteqrasiya olunmasını nəzərdə tutur. KOB-lar üçün bu keçid fərdi infrastruktur qurmaqdan çox, hazır rəqəmsal modulların və bulud əsaslı xidmətlərin biznes modelinə tətbiqi vasitəsilə daha əlçatandır. Belə bir strateji yanaşma, kiçik bizneslərin çevikliyini artıraraq onların rəqabət qabiliyyətini yeni müstəviyə qaldıra bilər. Azərbaycanda süni intellektin geniş tətbiqi yolunda duran əsas maneə texnologiyanın fiziki mövcudluğu deyil, məhz yüksək ixtisaslı kadr çatışmazlığıdır. Qlobal bazarda texnoloji alətlər və açıq qaynaqlı həllər kifayət qədərdir, lakin bu sistemləri yerli biznes mühitinə uyğunlaşdıracaq "körpü mütəxəssislərin" azlığı inkişaf sürətini ləngidir".
Ekspertin sözlərinə görə, prosesə yalnız proqram təminatı kimi deyil, insan kapitalına yatırım kimi yanaşmaq şərtdir: "Kadr bazasının genişləndirilməsi və rəqəmsal savadlılığın artırılması, texnoloji transformasiyanı arzuolunan hədəfdən real nəticəyə çevirəcək əsas amildir".
Fatimə
18:45 17.04.2026
Oxunuş sayı: 74