Su basmış evlərə hansı halda sığorta təminatı verilir?
Daşınmaz əmlakın sığortalanması uzun illərdir aktual mövzulardan biri olaraq qalır. Bu sahədə mövcud vəziyyət həm vətəndaşlar, həm də mütəxəssislər tərəfindən tez-tez müzakirə olunur. Xüsusilə son dövrlərdə baş verən hadisələr sığortanın əhəmiyyətini bir daha gündəmə gətirib. Bununla belə, praktiki tətbiqdə bir sıra çətinliklərin olduğu da qeyd edilir.

Crossmedia.az-a açıqlama verən əmlak eksperti Elnur Azadovun sözlərinə görə, hazırda qanunla bağlı elə hallar var ki, yığılan sığorta və sığorta təminatı məsələlərində problemlər yaranır: "İstehlakçılara zərər dəydikdə ödənişlər tam həyata keçirilmir. Problemlərin çox olması səbəbindən sığortaçıların assistansiyası bu istiqamətdə müəyyən tənzimləmələr aparır. Fikrimcə, vəziyyət bu istiqamətdə formalaşıb. Problemlər həll olunmadığına görə bu, vətəndaş məsuliyyətinə də təsir edir. Sığorta məbləği yüksələrsə, vətəndaşların bir qismi sığortaya daha çox maraq göstərər. Məsələn, 2022-ci ildə bununla bağlı qərar qəbul olundu. Geniş təbliğat aparıldı ki, kimin əmlakı varsa, onu sığortalamasa, cərimə tətbiq olunacaq. Bu, cəmiyyətdə böyük rezonans doğurdu və daşınmaz əmlakı olan insanların çoxu sığorta şirkətlərinə müraciət edərək əmlaklarını sığortalamağa başladı. Cərimələrdən ehtiyat olunurdu. Lakin sonrakı illərdə – 2023–2025-ci illərdə bu təbliğat zəiflədi. Bəzən sığorta şirkətləri həmin şəxslərə müraciət etmədikdə vətəndaşlar müddət başa çatdıqdan sonra yenidən müraciət edir. Çünki bu prosesdən müəyyən qədər faydalanan şəxslər olub. Məsələn, daşınmaz əmlakın alqı-satqısı zamanı və ya ipoteka predmeti olduqda, vətəndaşın əmlakı mütləq sığortalanır. Sığorta məbləği müəyyən edilir. Lakin zərər baş verdikdə bəzən vətəndaş ya məmnun qalmır, ya da bu proseslərdən keçmək istəmir. Bəzi hallarda isə artıq buna maraq göstərmir".
Ekspert vurğulayıb ki, qeyd olunan səbəblərdən ölkədə daşınmaz əmlakın kütləvi sığortalanması çox aşağı səviyyədədir: "Bu göstərici əsasən böyük şəhərlərdə 5–10% təşkil edir. Daşınmaz əmlakın sığortası üzrə məbləğ çox olmasa da, Bakı ilə regionlar arasında fərq qoyulması müsbət yanaşmadır. Lakin ölkədə sığortalanmalı daşınmaz əmlakın həcmi çox böyükdür. Bu əmlaklara istismara qəbul olunmamış və çıxarışı olmayan binalar daxildir. Həmçinin qeydiyyatsız tikililər mövcuddur. Ən azı 500 minə yaxın qeydiyyatsız fərdi ev olduğu bildirilir. Bundan əlavə, kənd ərazilərində yerləşən evlərin böyük hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda olduğu üçün onların da çıxarışı yoxdur. Ümumilikdə bu rəqəm ölkə üzrə 1 milyona yaxınlaşır. Çıxarış olmadığına görə bu əmlakların sığortalanması mümkün olmur. Sığorta şirkətləri bu tip əmlaklar üzrə sığorta təminatı həyata keçirə bilmir. Məsələn, son vaxtlar su basma nəticəsində ciddi zərərlər qeydə alındı. Lakin çıxarışı olmayan evlərə heç bir sığorta təminatı verilmədi. Yalnız çıxarışı olan bəzi hallarda ödənişlər həyata keçirildi. Bu da vətəndaşların narazılığına səbəb oldu və məsələ tam həllini tapmadı. Buna görə də aidiyyəti qurumların məsələyə yenidən baxması vacibdir. Həmçinin sığorta şirkətlərindən su basma ilə bağlı müraciətlərin sayı barədə məlumat alınmalıdır".
Fatimə Məmmədova
19:26 17.04.2026
Oxunuş sayı: 114