Rusiya üçün tarixi imkan: ABŞ ilə NATO arasındakı ixtilafdan istifadə edəcək
ABŞ ilə NATO ölkələri arasında Ukrayna və İran məsələlərinə yanaşmada ciddi fikir ayrılıqları yaranıb. Bu ziddiyyətlər xüsusilə hərbi və siyasi qərarların qəbulunda özünü göstərir. Müşahidəçilər alyans daxilində münasibətlərin getdikcə gərginləşdiyini qeyd edirlər. Mövcud vəziyyət NATO-nun gələcək birliyi ilə bağlı sualları artırır.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, ABŞ Şərqi Avropa ilə bağlı NATO ölkələrinin Ukraynaya yardım təkliflərini tam həcmdə qəbul etmir: " Eyni ilə də İran məsələsində ABŞ-ın təkliflərini NATO ölkələri qəbul etmir. Bəlkə də, son dövrlərdə ilk dəfədir ki, NATO ilə ABŞ arasında bu qədər dərin fikir ayrılıqları yaranır. Təbii ki, belə bir fürsətdən istifadə ediləcək. Yəqin ki, yaxın perspektivdə NATO ölkələrinə qarşı Rusiya müəyyən kiçik miqyaslı müdaxilələrə yol verib, NATO-nun nəbzini yoxlamağa çalışacaq".
Ekspert, həmçinin qeyd edib ki, ABŞ NATO-da ən böyük vəsait yatıran ölkə olaraq NATO ölkələrinə də xəbərdarlıq edir ki, əgər bu müharibədə yanımda deyilsinizsə, sizin problemlərinizin həllində də mən kənarda dayanaram: " Dolayısı ilə ABŞ NATO üzvü olan Avropa ölkələrini Rusiya qarşısında tək qoyur. İranda və Ukraynada davam edən münaqişələrin münasibəti məsələsində ABŞ ilə NATO ölkələri arasında kifayət qədər ziddiyyətlər yaranıb".
Fatimə
20:55 16.04.2026
Oxunuş sayı: 72