Bu müharibə Rusiya üçün qapanıb: Müharbə bitir?
Hazırda Rusiya- Ukrayna danışıqlarında əsas ziddiyyətlərdən biri ərazi məsələsi olaraq qalır və bu faktor sülh prosesinin irəliləməsinə ciddi maneə yaradır. Xüsusilə Donbas bölgəsi ətrafında formalaşan mövqelər tərəflər arasında razılaşmanı çətinləşdirən əsas nöqtə kimi çıxış edir. Rusiya bu ərazilərin tam şəkildə təhvil verilməsini tələb etsə də, Ukrayna mövcud vəziyyətdə nəzarətində olan bölgələrdən geri çəkilməyə hazır görünmür və bu da danışıqlarda kompromis imkanlarını məhdudlaşdırır.

Politoloq Natiq Miri Crossmedia.az-a danışıb: " Bugün sülh prosesinə ən böyük əngəl ərazi məsələsidir. Çünki Rusiya Donbasın bütün ərazisinin Rusiyaya qeyd-şərtsiz təhvil verilməsini istəyir. Burada da əsas problem Donbasın tərkib hissəsi olan Luqansk və Donetsk vilayətlərinin bütün əraziləridir ki, Luqanskın çox kiçik hissəsi Ukrayna ordusunun nəzarətindədir. Demək olar, Luqanskin böyük əksəriyyəti Rusiya tərəfindən işğal olunub, ancaq Donetsk vilayətinin hələ də 20–25 faizə qədəri Ukrayna ordusunun nəzarətindədir. Nəzarətdə olan şəhərlər bir növ qala şəhərləri adlanır. Yəni həm yüksəkliklər, həm meşəliklər nöqteyi-nəzərindən Ukraynanın mövqeləri müdafiə baxımından güclüdür. Və bu müdafiə xətti elə bir səviyyədə qurulub ki, artıq 3 ildən artıqdır müxtəlif yaz-yay-payız-qış əməliyyatlarına rəğmən və konkret tarixlərlə bu ərazilərin tamamilə işğalı əmri verilmiş olsa da, fakt ondan ibarətdir ki, Rusiya ordusu bunu həyata keçirə bilməyib. Üstəlik, bu gün Pokrovsk, Mirnoqrad aqlomerasiyası, o cümlədən Kramatorsk, Slavyansk və digər bölgələr var ki, bunlar bir növ "qala şəhərləri" adlanır. Ona görə ki, burada qurulan müdafiə xətti, ümumilikdə bu coğrafiya və mövqelər tamamilə Rusiyaya təhvil verilərsə, bundan sonra artıq Rusiyanın digər vilayətlərə- Zaporojye, Xarkov, o cümlədən Dnepropetrovsk və hətta Kiyevə qədər tamamilə hamar yolu açılacaq. Yəni təhvil veriləcək bu ərazilər Ukraynanın digər ərazilərinə qarşı hərbi əməliyyatlar üçün bir plasdarm rolunu oynayacaq. Buna görə də bu, Ukrayna üçün aldadıcı ola bilər. Çünki Ukrayna heç bir vaxt Rusiyaya etimad edə bilməz. Çünki Rusiya etimad olunacaq bir ölkə deyil. O baxımdan verdiyi istənilən vədə və imzaladığı istənilən sülh sənədi heç nə ifadə etmir və bunu Ukrayna rəhbərliyi də anlayır. Bu kontekstdə vasitəçi kimi çıxış edən ABŞ rəhbərliyinin də Ukraynaya təzyiqi var. ABŞ rəhbərliyi Ukrayna-Rusiya müharibəsinin bitirilməsi ilə bağlı bu siyasi uğuru sadəcə Donald Trampın adına yazmaq istəyir. Ancaq Ukrayna bundan daha böyük itkilər verir, əsgərləri həlak olur, şəhərləri dağılır. Çünki Ukrayna ədalətli tərəfdir və öz vətənini qoruyur. Müharibədə Ukrayna dövləti və xalqı göstərdi ki, onlar öz torpaqlarını Rusiya qarşısında təslim etməyəcək. Bu gün hərbi üstünlük artıq Rusiyanın tərəfində deyil, əksinə dron istehsalı, dron əleyhinə sistemlərin və antidron mexanizmlərinin yaradılması baxımından Ukrayna Rusiyanı artıq üstələyib. Paralel olaraq Ukrayna Rusiyanın dərinliklərində olan bütün hərbi-strateji obyektləri vurmaq üçün ballistik raketlər də istehsal etməyə başlayıb. Getdikcə bu raketlərin mənzili də artır. Yəni artıq tədricən Rusiyanın heç bir ərazisi Ukrayna raketləri üçün təhlükəsiz deyil. Bu da müharibənin artıq simmetrik müharibə mərhələsinə çatdığını göstərir. Yəni Rusiya hansı şəhərləri, paytaxtı və ya Ukraynanın qərb ərazilərini vurursa, Ukrayna da rahatlıqla Moskva, Sankt-Peterburq, Ural və daha uzaq şəhərləri həm dron, həm də raketlərlə vura bilir. Bu da Rusiyanın mövqelərini ciddi şəkildə sarsıdır. Artıq Rusiyada anlayırlar ki, bu müharibə Rusiya nöqteyi-nəzərindən uduzulub, ona görə də döyüşsüz, Trampın təzyiqi ilə Donbasın işğal olunmayan ərazilərini almaq təhvil verməsini istəyirlər. O baxımdan ərazi məsələsinin həlli Ukraynanın Donbas ərazilərini Rusiyaya təhvil verməsi şərti ilə mümkün deyil. Bu, mümkünsüzdür. Rusiya istədiyini əldə edə bilməyəcək. Qalır yeganə məsələ: hər kəsin mövcud mövqelərində qalması ilə təmas xətti (cəbhə xətti) ayrıcı xətt kimi elan oluna bilər və yalnız bu şərtlərlə müharibəni bitirmək olar. Əlbəttə, məsələnin digər tərəfləri də var. Məsələn, Zaporojye atom elektrik stansiyasına kimin nəzarət etməsi məsələsi kimi ciddi məsələlər də var. Eyni zamanda, Ukraynanın müharibədən sonra təhlükəsizliyinə təminat və zəmanət məsələləri də hələlik tam həll olunmayıb. İstər Avropa İttifaqı, istər ABŞ tərəfindən veriləcək zəmanətlər də hələlik dəqiqləşməyib. Ancaq əsas əngəl ərazi məsələsidir ki, Ukrayna heç bir halda Rusiyaya öz torpaqlarını döyüşsüz verməyəcək. Bu məsələ həll yolu deyil. Bu məsələ Rusiya üçün artıq qapadılıb".
O bildirib ki, danışıqlar mərhələsi hələlik dayanıb: "Bu da bilavasitə ABŞ-İsrail-İran qarşıdurması kontekstində dayanıb. Çünki ABŞ-nin başı bu qarşıdurmaya qarışıb. Üstəlik, Hörmüz boğazının bağlanması kimi məsələlər neft bazarında qiymətlərin kəskin qalxmasına və qlobal iqtisadi böhrana səbəb olub ki, bu da Donald Tramp üzərində böyük təzyiqdir . Ona görə də bu məsələ ilə məşğul olur. Ancaq perspektivdə ABŞ hələlik vasitəçi kimi qalmaqda davam edir. Lakin Ukrayna öz torpaqlarını qaytarmamaqla bağlı inadını davam etdirəcək və hansısa mərhələdə ABŞ vasitəçilikdən imtina edə bilər. Artıq görünür ki, Ukrayna da bu vəziyyətə hazırlaşır. Ukrayna prezidenti Zelenskinin son Türkiyə səfəri də məhz bununla bağlı idi. Əgər ABŞ vasitəçilikdən çıxsa, bu rolu Türkiyə doldura bilər. Əslində, ABŞ-də Donald Tramp hakimiyyətə gəlməmişdən əvvəl də əsas vasitəçi Türkiyə idi və İstanbul danışıqlarının təşkil olunması, hətta sülhə yaxın razılaşmaların əldə olunması prosesi də bunun göstəricisi idi. Türkiyə tərəflərə bərabər məsafə saxlayan və ədalətli yanaşan vasitəçi imici qazanmışdı. Buna görə də Zelenski ABŞ-nin çəkiləcəyi halda Türkiyənin bu missiyanı yerinə yetirməsini istəyir və Türkiyə rəhbərliyi də buna müsbət yanaşır. Üstəlik, Trampın NATO-dan çıxmaqla bağlı hədələri də nəzərə alınır və Ukrayna anlayır ki, NATO-da ABŞ-dən sonra ən böyük orduya malik ikinci dövlət Türkiyədir. O baxımdan ABŞ-nin boşaldacağı boşluğu Türkiyənin güc baxımından doldura biləcəyini düşünür. Buna görə də hələlik danışıqlarda böyük qeyri-müəyyənlik var. Əgər ABŞ yenə də Rusiya yönlü addımlar atarsa və Ukraynaya təzyiqi davam etdirərsə, bu danışıqların heç bir perspektivi olmayacaq. Əgər ABŞ geri çəkilərsə, tamamilə yeni bir vəziyyət yaranacaq və Türkiyə vasitəçi kimi prosesə müdaxilə edə bilər".
Fatimə Məmmədova
19:11 13.04.2026
Oxunuş sayı: 59