Qazaxıstanla Azərbaycan ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib
Aprelin 16-da müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər.
Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
20:05 16.04.2026
Oxunuş sayı: 59