İstehlak tələsi - “99 qəpik” hiyləsinə niyə aldanırıq?
Müasir bazar iqtisadiyyatında istehlakçı davranışlarının formalaşdırılması artıq təkcə iqtisadi deyil, həm də psixoloji və sosial təsir mexanizmləri ilə sıx bağlıdır.
Reklamların intensivləşməsi, marketinq strategiyalarının dərinləşməsi və rəqəmsal platformaların geniş yayılması nəticəsində insanlar çox zaman fərqində olmadan alış-verişə yönləndirilir.
Bu isə cəmiyyətdə “istehlak asılılığı” kimi yeni problemlərin yaranmasına gətirib çıxarır.
İqtisad elmləri doktoru, professor Rüfət Quliyev qeyd edir ki, “insanların seçim azadlığı zahirən qorunsa da, əslində onların qərarları əvvəlcədən formalaşdırılmış mexanizmlərlə istiqamətləndirilir”.
Onun sözlərinə görə, “özünü yaxşı hiss etmək üçün alış-veriş etmək lazımdır” düşüncəsinin formalaşdırılması istehlakçıların psixologiyasına təsirin əsas istiqamətlərindən biridir və bu, nəticədə israfçılıq və ehtiyacdan artıq alışlara səbəb olur.
Məsələ ilə bağlı psixoloq Müşviq Mustafayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Müasir dünyada marketinq strategiyaları ilə bizim fərdi psixologiyamız arasındakı o nazik sərhəd artıq demək olar ki, yox olub. Alış-veriş asılılığı, yaxud elmi dildə desək "oniomaniya", əslində bizim daxili dünyamızdakı boşluqların vitrinlərdə doldurulmağa çalışılmasıdır.
Məsələn, hamımızın rastlaşdığı o məşhur "99 qəpik" hiyləsi. İnsan özünü nə qədər rasional hesab etsə də, beyin əslində bir az tənbəldir. Biz rəqəmləri soldan sağa oxuyuruq və beyin ilk gördüyü rəqəmi bir "lövbər" kimi yaddaşa atır.
1 manatla 99 qəpik arasında cəmi bir qəpik fərq olsa da, alt şüurumuzdakı o "0" rəqəmi bizə "bu daha sərfəlidir" mesajını pıçıldayır. Biz o bir qəpiyə yox, əslində qənaət etdiyimizə dair yaratdığımız illüziyaya aldanırıq.
Bu asılılığın kökləri isə daha dərindir; bu, sadəcə yeni bir əşya sahibi olmaq istəyi deyil. Hər dəfə nəsə alanda beynimizdə "mükafat mərkəzi" aktivləşir və güclü bir dofamin dalğası yayılır.
Bu ani xoşbəxtlik hissi tənha, gərgin və ya depressiv olduğumuz anlarda bizə bir növ "dərman" kimi gəlir. İnsan həyatında nəzarət edə bilmədiyi problemlər qarşısında aciz qalanda, mağazada nəyi alacağına qərar vermək ona saxta bir güc və nəzarət hissi bəxş edir.
Amma təəssüf ki, o paketi açıb əşyanı rəfə qoyandan bir neçə saat sonra o "terapiya" effekti keçib gedir. Bu döngüdən çıxış yolu özümüzlə dürüst danışmaqdan keçir. Alış-veriş asılılığından qurtulmaq üçün "72 saat" qaydasından istifadə etmək olar.
Çox bəyəndiyiniz o əşyanı səbətə atın, amma ödəniş etmədən mağazadan çıxın. Üç gün gözləyin; əgər o həvəs sönürsə, deməli, o sizə yox, sadəcə o anda olan emosiyanıza lazım imiş. Həmçinin, bir əşyanın qiymətini pulla deyil, zəhmətinizlə ölçməyə çalışın.
Özünüzə sual verin: "Bu ayaqqabı mənim beş günlük iş saatıma, o qədər yorğunluğuma dəyərmi?"
Bu sual beynin məntiqi hissəsini dərhal oyadır. Alış-verişə çıxmazdan əvvəl isə mütləq daxili vəziyyətinizi yoxlayın – acsınızsa, qəzəblisinizsə və ya özünüzü çox tənha hiss edirsinizsə, o an verdiyiniz qərar sizin deyil, yaralarınızın qərarı olacaq.
Kartla yox, nağd pulla ödəniş etmək də fiziki olaraq pulun əlinizdən çıxdığını hiss etdirir və beyninizdə bir "itki ağrısı" yaradaraq sizi israfdan qoruyur.
Unutmayın ki, biz əşyalarımızı deyil, əşyalar bizi idarə etməyə başlayanda əsl azadlığımızı itiririk. Azadlıq isə ehtiyacların azlığındadır".
Elmir Heydərli
11:25 15.04.2026
Oxunuş sayı: 1198