Kiçik və orta sahibkarlara nəzarət azaldılmalıdır - MÜSAHİBƏ
Bir çox ölkədə olduğu kimi, Azərbaycanda kiçik və orta sahibkarlıq iqtisadiyyatın mühüm tərkib hissəsi kimi xarakterizə olunur. Buna baxmayaraq, mövcud problemlər qeyd olunan sahənin arzuolunan səviyyədə inkişafına mane olur. İnsanlar əziyyət çəkir, iş qurur, amma bəzən arzuladıqları nəticəni əldə edə bilirlər. Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyevlə mövcud durum və çətinliklər barədə həmsöhbət olduq:
- – Son illər dünyada kiçik və orta sahibkarlıq sahəsində müşahidə olunan dinamikanı necə qiymətləndirirsiniz?
- – Dünya iqtisadiyyatında aparıcı rol oynayan ölkələr, o cümlədən Almaniya, Fransa, İtaliya, İsveç, Yaponiya, ABŞ, Cənubi Koreyada ümumdaxili məhsulun azı 55 faizi kiçik və orta sahibkarlığın payına düşür. Hətta İspaniyada bu rəqəm 70 faizdir. Almaniyada əmək fəaliyyəti ilə məşğul olanların 99 faizi kiçik və orta sahibkarlıqla məşğuldur. Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə orta sinif mühüm yer tutur. Kiçik və orta sahibkarlıqla məşğul olanların yarıdan çoxu isə bu sinifin meyarlarına uyğun gəlir. Təəssüf ki, son illərdə orta sinif azalır. Bunun əsas səbəbi iqtisadi, xüsusilə maliyyə problemlərdir. Həmçinin hərbi xərclərin artması da bu məsələdə xüsusi rol oynayır. Həmçinin kredit siyasəti də bu məsələyə təsir edir. Son iyirmi ildə azalan orta sinif nümayəndələrinin çox cüzi hissəsi zənginlər kateqoriyasına daxil olur, əksər hissə isə sürətlə əvvəlki maddi durumundan daha aşağı səviyyəyə düşür. Son illər gedən müharibələr nəticəsində artan inflyasiya bu məsələyə təsir edir. Ümumiyyətlə, son illərdə qlobal iqtisadiyaytda çox ciddi poseslər baş verir. Məşhur “BlackRock” şirkətinin baş icraçı direktoru Larri Fink də artıq bu barədə çağırış edib və bildirib ki, müxtəlif mexanizmlərlə prosesin qarşısı alınmalıdır.
- – Bəs ölkəmizdəki mövcud durum necədir?
- – Azərbaycanda son 10 – 12 ildə bu sahədə kifayət qədər addım atılıb. Hətta Milli Məclisdə mikrosahibkarlıqla bağlı xüsusi qanun qəbul olunub. Fərqli addımlar atılıb, “yol xəritəsi” hazırlanıb. Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də bu istiqamətdə müstəsna xidmətləri var. Amma ÜDM-də kiçik və irta sahibkarlığın payı baxımından beynəlxalq standartlara hələ çatmamışıq. COVİD- 19 pandemiyasından əvvəl dövlət proqramı hazırlanmışdı. Amma pandemiya qarşıya qoyulan tapşıqların icrasının qarşısısını aldı. Həmçinin makroiqtisadi göstəricilərdə geriləmə müşahidə olundu. Pandemiya illərində qlobal iqtisadiyyatda 7 – 8 faiz problem oldu. Pandemiyadan sonra isə inkişaf olsa da, inflyasiya da müşahidə olundu. Çünki pandemiya dövründə bir çox dövlət vətəndaşlara külli miqdarda dəstək oldu, pul ayırdı. Məsələn, ABŞ-də 3 trilyon dollara qədər vəsait insanlara paylanmışdı. Nəzərdə tutulmuşdu ki, insanlar həmin pulları dərhal istehlak bazarında xərcləyəcək və iqtisadiyyata təkan veriləcək. Amma belə olmadı. İnsanlar pulu gələcək üçün yığdılar. Beləliklə, inflyasiyaya şərait yaradıldı. Bu, bir çox ölkədə müşahidə olundu. Azərbaycanda inflyasiyasının qarşısının alınması məqsədilə müəyyən addımlar atıldı. Beləliklə, biz pandemiyadan qismən daha az zərərlə çıxdıq və çox keçmədən əvvəl inkişaf trayektoriyamıza qayıtdıq.
- – Müəyyən bürokratik əngəllər sahibkarlığın inkişafına nə qədər mane olur?
- – Kiçik və orta sahibkarlıq inkişaf etməkdə olan digər ölkələr kimi Azərbaycanın da gələcəyidir. Çeviklik, kiçik addımlarla ciddi nəticələrin əldə olunması, bürokratik əngəllərin yoxluğu şərait yaradır ki, sahibkarlığın bu növü öndə olsun. Baxmayaraq ki, elmi inkişafa təkan verən nəhəng kampaniyalardır, amma cəmiyyətin sosial vəziyyətini düzəldən, bazarı qiymətlərlə təmin edən məhz kiçik və orta sahibkarlıqdır. Bu baxımdan da ölkəmizdə bu məsələyə xüsusi diqqət yetirilir. İnkişafdən razı olsaq da, inkişaf tempi bizi qane etmir. Kiçik və orta sahibkarlıqla bağlı inkişaf tempini daha çox görmək istərdik. Bunun üçün fundament var. Son 30-35 ildə insanların regionlardan böyük şəhərə gəlməsi, yəni urbanizasiya müəyyən problem yaradır. Son 20 ildir ki, dövlətin diqqəti nəticəsində regionlarda da sahibkarlıq mühiti inkişaf edir. Nəticədə regionlarda da komfort şərait yaradılır. Bunlar, əlbəttə, mühüm məqamlardır.

- – Xalis gəlirə tətbiq olunan vergi siyasəti, sizcə, sahibkarların qazanclarına adekvatdır?
- – Sahibkarlığın inkişafı üçün tədbirlərə ehtiyac var. İlk növbədə təbliğat və təşviqatdan başlamaq lazımdır. Yəni insanları kiçik və orta sahibkarlığa meyilləndirmək lazımdır. Dünyanın sürətlə inkişaf etdiyini nəzərə alsaq, deməliyik ki, yəni proqramlara ehtiyac var. Məsələn, özünüməşğulluq proqramı bu baxımdan təqdir olunmalıdır. İldə təxminən 6-7 min insan bu proqramdan yararlanır. Amma bu, azdır. Dövlət sayı artırmağa çalışmalıdır. Hər il 35-40 min adam bu proqramdan yararlanmalıdır. Bürokratiya isə çox yerdə var. Dövlət məsləhətlə idarəetməyə, yəni indiqativ idarəetməyə üstünlük verir. Məsələn, İtaliya kənd təsərrüfatı ilə məşğul olanlara müəyyən istiqamətlər göstərilir. Hakimiyyətlər adətən prosesə təkan verməyə çalışırlar. Amma, fikrimcə, nəzarət daha da azaldılmalıdır. Sadəcə nəzarət edilməlidir ki, qanunlar pozulmasın, məhsullar keyfiyyətli olsun. Kəmiyyətə, qiymətə qarışmaq isə doğru deyil. Vergi sistemində də müasir addımlar atılmalıdır. Ən vacibi isə insanların bu sahəyə marağı artırılmalıdır. Məsələn, Şəmkirdə bu istiqamət üzrə yüksək dinamika müşahidə olunur. Dövlət gərək kəndlilər üçün xüsusi proqram hazırlasın, həmçinin regionlar üçün xarakterik problemlər həllini tapsın.
- – Bəs xarici ölkələrin hansı təcrübəsindən istifadə etmək olar?
- – Bizim üçün texnologiya və təcrübə çox vacibdir. Azərbaycan büdcəsinin 48 faizi həcmində daxildə əmanətlər var. Onlar istifadə olunmur, inflyasiya yaranır. Bu vəsaitlərin istifadəsi üçün də proqrama ehtiyaca var. Bəlkə də, onların böyük bir hissəsi kiçik və orta sahibkarlıq üçün istifadə oluna bilər. Bu məsələdə Türkiyə xeyli inkişaf edib. O təcrübədən yararlana bilərik. Həmçinin Belarus təcrübəsi də faydalı ola bilər. Onlarda məhsullar keyfiyyətli və ucuzdur.
- – Bəs sahibkarlığı stimullaşdırmaq üçün hansı güzəştlər tətbiq oluna bilər?
- – Qanundakı boşluqlar aradan qaldırılmalıdır. İqtisadiyönümlü qanunlar daha çox kiçik və orta sahibkarlığa dəstək mahiyyətli olmalıdır. İkinci bir tərəfdən isə maliyyə məsələsidir. Bu gün kiçik və orta sahibkar 15 min manata qədər kredit göterə bilər. Bu limiti keçəndən sonra iş görmək çətin olur. Bu rəqəm sığortalanmaq şərti ilə 50 min manata qədər artırılmalıdır. Mən millət vəkili kimi fəaliyyət göstərəndə də dəfələrlə demişəm ki, regionlarda infrastruktur xərcləri və vergi kiçik və orta sahibkarlar üçün bir il – il yarım müddətində güzəştli olsun.
- – Xalis gəlirə tətbiq olunan vergi siyasəti, sizcə, sahibkarların qazanclarına adekvatdır?
- – Sahibkar və biznesmen anlayışları fərqlidir. Sahibkar daha çox istehsalçıdır. Biznesmen isə həmin məhsulu daha uğurlu satandır. Azərbaycanda yüzlərlə uğurlu sahibkar var. Onlar özlərinə və partnyorlarına daha tələbkardır. Öz işi ilə yaşayan sahibkar üçün adekvat qazanc həmişə var.
18:16 14.04.2026
Oxunuş sayı: 92