Bürclər və rəqəmlər taleyimizi yazır? Doğum xəritəsi taleyi dəyişə bilərmi? - Numeroloqla müsahibə
İnsanlar tarix boyu öz taleyi, xarakteri və gələcək istiqamətlərini anlamaq üçün müxtəlif simvolik sistemlərə müraciət edib. Bu sistemlərdən biri astrolojiya, digəri isə numerologiyadır. Hər iki yanaşma kainatla insan arasında görünməz bir əlaqə olduğunu iddia edir və bu əlaqəni ya planetlərin hərəkəti, ya da rəqəmlərin enerjisi üzərindən izah etməyə çalışır.
Son illərdə xüsusilə gənclər arasında astrolojiya və numerologiyaya marağın artması, bu sahələrin yenidən müzakirə mövzusuna çevrilməsinə səbəb olub.
Bürclərin insan davranışına təsiri, doğum xəritəsində Günəş – Ay – Yüksələn üçlüyünün rolu, retrograd planetlərin psixoloji və ya “karmik” təsirləri kimi suallar geniş debat yaradır. Eyni zamanda münasibət uyğunluğu analizləri (synastry), yanlış anlaşılan bürclər və 2026–2027-ci illərə dair astroloji proqnozlar da bu marağın bir hissəsinə çevrilib.
Digər tərəfdən numerologiya insan həyatını rəqəmlər üzərindən şərh edərək, xüsusilə “Həyat Yolu” və “Tale nömrəsi” kimi anlayışlarla fərdi potensialı izah etməyə çalışır. Doğum tarixi ilə ad-soyadın rəqəmsal dəyərləri arasındakı fərqlər isə bu sistemin ən çox müzakirə olunan mövzularındandır. Bütün bu suallar bir əsas məsələyə gətirib çıxarır: insanın taleyi həqiqətən kosmik və riyazi kodlarla yazılıbmı, yoxsa bu sistemlər sadəcə insanın özünü anlama cəhdinin simvolik formasıdır?
Numeroloq və Karmik Numerologiya Mentoru İlhamə Xudiyeva Crossmedia.az-a geniş müsahibə verib:
– Bu ay hansı bürclər üçün yaddaqalan olacaq?

Ən çox Qoç bürcləri üçün yaddaqalan bir ay olacaq. Bununla yanaşı, Şir, Dolça, Balıq, Qız, Oxatan və Əkizlər bürcləri üçün də bu il ərzində həyatlarında köklü dəyişikliklər gözlənilir. Bürclər üzrə yanaşsaq, xüsusilə Günəşi Qoç bürcündə olanlar, yüksələni və ya Ayı Qoç olanlar üçün bu dövr dəyişikliklərlə yadda qalacaq. Eyni zamanda, xəritəsində Qoç bürcündə planet yerləşimləri olanlar və Saturnu Qoçda (1996-cı ilin mart ayından 1998-ci ilin aprel ayına qədər doğulan şəxslər) yerləşən şəxslər üçün də bu ay xüsusi əhəmiyyət daşıyır.
Ümumilikdə isə bu ayın son iki həftəsi və növbəti ayın ilk iki həftəsi daha gərgin keçə bilər. Bunun əsas səbəbi Qoç enerjisinin hazırda çox yüksək və aktiv olmasıdır. Hal-hazırda bu bürcdə stellium, yəni planet qruplaşması müşahidə olunur və bu da enerjini daha da gücləndirir.
Qoç impulsiv, ani reaksiya verən və tez qəzəblənən enerji daşıdığı üçün gərgin hadisələrin baş vermə ehtimalı artır. Su elementinin də aktiv olması səbəbindən hazırkı dövrdə sellər, daşqınlar və sürüşmələr kimi təbiət hadisələrinin artması diqqət çəkir. Məsələn, Bakıda yağıntıların intensiv olması da təsadüfi deyil. Numerologiya baxımından da hazırda 14 enerjisinin aktiv olması balans və su mövzularını ön plana çıxarır. Hazırda bir çox insan zəlzələ ehtimalından narahat olsa da, daha yüksək ehtimal gərgin siyasi və ya hərbi hadisələr, eləcə də su ilə əlaqəli təbii fəlakətlərdir.
– Hansı bürclərin xüsusiyyətləri sizi təəccübləndirir və niyə məhz o bürclər?
Əslində, “təəccübləndirir” sözünü istifadə etməzdim. Bu sahədə ixtisaslaşdıqdan və üzərində uzun müddət çalışdıqdan sonra artıq nə bürclər, nə də ümumilikdə insan davranışları məni təəccübləndirmir. Çünki zaman keçdikcə insanların davranışlarının arxasında duran səbəbləri daha aydın görməyə başlayırsan, kimin nəyi niyə etdiyini anlamaq mümkün olur. Bir insanı tanıyarkən, xüsusilə onun doğum tarixini bildikdə, zəif və güclü tərəflərini müəyyən etmək daha asanlaşır. Numerologiyada doğum tarixi əsas rol oynayır, astrologiyada isə buna əlavə olaraq doğum saatı və məkan da böyük vaciblik daşıyır. Bu biliklər insana insanları daha dərindən dərk etmək imkanı verir.
Onların davranış motivləri, reaksiyaları və seçimlərinin səbəblərini daha aydın görürsən. Məsələn, əvvəllər daha gənc və təcrübəsiz olduğum dövrdə bəzi hadisələri haqsızlıq və ya ədalətsizlik kimi qiymətləndirirdim. Amma indi hadisələrə yanaşmam tamamilə dəyişib. Daha dərindən baxdıqda anlayırsan ki, əslində hər şey müəyyən bir ədalət və səbəb-nəticə çərçivəsində baş verir. Bəzən ilk baxışda “ədalətsizlik” kimi görünən hallar belə insanın özünü daha yaxşı tanıması, zəif tərəflərini görməsi və onları gücləndirməsi üçün bir fürsət rolunu oynayır.
– Onda belə bir sual verim: hansı bürc xüsusiyyətləri sizə daha spesifik gəlir?
Mənə görə ən spesifik və eyni zamanda ən çox sevdiyim bürclər Qız və Şir bürcləridir, xüsusilə avqust ayında doğulanlar. Qız bürcü insanları adətən çox çalışqan və məsuliyyətli olurlar. Sanki həyata işləmək, nəsə yaratmaq və fayda vermək üçün gəliblər.
Bu xüsusiyyət Şir bürcünün enerjisi ilə birləşəndə isə təsir daha da güclənir. Yəni söhbət avqust ayında doğulan bir Qız bürcündən gedirsə, həmin insanda həm irəli getmək istəyi, həm də görünmək və gördüyü işlə diqqət çəkmək arzusu daha qabarıq olur. Belə insanlar bir tərəfdən öndə olmağa, seçilməyə və fərq yaratmağa can atırlar, digər tərəfdən isə bunun üçün ciddi zəhmət çəkirlər.
Məhz bu xüsusiyyətlərin vəhdəti onların uğurunu iki qat artırır. Buna örnək olaraq bizim birinci xanım Mehriban Əliyevanı qeyd edə bilərəm. O, avqust ayında doğulan bir Qız bürcüdür. Həm çox zəhmətkeş və çalışqandır, həm də enerjisi və aurası ilə sanki hər zaman “mən buradayam” mesajını verir.
– İnsanın doğum xəritəsində sizcə ən vacib element hansıdır: Ay, Günəş, yoxsa yüksələn bürc?
Çox insan Günəş bürcünü əsas hesab edir, çünki bu, onların gündəlik həyatda bildiyi “öz bürcü”dür. Məsələn, bir insan Buğa bürcü olduğunu bilir və düşünür ki, onu əsasən bu bürc təyin edir. Amma əslində doğum xəritəsində yüksələn bürc daha önəmli rol oynayır. Yüksələn bürc insanın ətrafına yansıtdığı enerjini, ilk təəssüratı və davranış tərzini göstərir. Yəni insanlar sizi ilk dəfə tanıyanda məhz yüksələn bürcünüzün enerjisini görür və hiss edirlər. Bəzən buna görə “heç Buğa bürcünə oxşamırsan” kimi fikirlər səslənir. Bunun səbəbi odur ki, qarşı tərəf ilk növbədə sizin yüksələn bürcünüzün təsirini qəbul edir.
Ay bürcü isə insanın emosional dünyasını ifadə edir. Bir hadisəyə necə reaksiya verməyimiz, üzüləndə və ya sevinəndə hisslərimizi necə yaşamağımız daha çox Ay bürcü ilə bağlıdır. Ümumilikdə isə insanın xaricə ən çox yansıtdığı və ilk baxışda hiss olunan enerji yüksələn bürcdür. Lakin bir çox insan bunu bilmir. Bunun əsas səbəbi doğum saatının dəqiq məlum olmamasıdır. Çünki yüksələn bürcü hesablamaq üçün doğum saatı mütləq lazımdır. Əvvəllər doğum saatları çox zaman qeyd olunmurdu, buna görə də xüsusilə köhnə nəsildə bunu dəqiq bilənlərin sayı çox azdır. İndi isə doğum saatları daha dəqiq qeyd edilir və insanlar öz astroloji xəritələrini daha düzgün şəkildə öyrənə bilirlər.
Nəticə olaraq, insan xəritəsində bütün bürclərin müəyyən təsirlərini daşıyır, lakin başqalarına ən çox yansıtdığı xüsusiyyətlər əsasən yüksələn bürcü ilə bağlı olur.
– Retroqrad planetlər həqiqətən taleyə təsir edir, yoxsa bu sadəcə psixoloji amildir?
Bəli, mənə görə retroqrad planetlər taleyə də təsir edir. Amma əvvəlcə “retroqrad” anlayışının nə demək olduğunu qısa izah edim. “Retro” o deməkdir ki, planet geriyə doğru hərəkət edir. Yəni real olaraq geri getmir, amma Yer kürəsindən baxdıqda bu şəkildə müşahidə olunur. Astroloji baxımdan isə bu dövr daha çox keçmişdə həll olunmamış məsələlərin yenidən gündəmə gəlməsi kimi şərh edilir. Sanki həyat insana deyir: “geri dön və yarımçıq qalanı tamamla”. Yəni keçmişdə bağlanmamış, həll olunmamış və ya üzərində düşünülməmiş mövzular bu dövrdə yenidən qarşımıza çıxır.
Məsələn, retroqrad dövrlərdə tez-tez keçmiş münasibətlərdən olan insanların, yəni “ekslərin” yenidən əlaqəyə keçməsi müşahidə olunur. Amma bu, mütləq həmin münasibətə geri qayıtmaq mənasına gəlmir. Əsas sual budur: niyə həmin insan və ya situasiya yenidən həyatımıza daxil olur? Bunun səbəbi çox vaxt tamamlanmamış emosiyalar və ya açıq qalan mövzular olur.
Ola bilər ki, münasibət bitib, amma duyğular hələ də tam bağlanmayıb. Bəzən isə məsələ yalnız bir tərəflə bağlı olmur, qarşı tərəfin daxilində də həll olunmamış hisslər və ya suallar qalır. Bu yalnız münasibətlərə aid deyil. Eyni proses iş, dostluq və digər həyat sahələrində də özünü göstərə bilər. Keçmişdə yarımçıq qalan və bağlanmayan mövzular yenidən gündəmə gəlir. Bu baxımdan retroqradın əsas təsiri insanı geri baxmağa, analiz etməyə və həll olunmamış məsələləri tamamlamaya yönləndirməsidir.
– İnsanların psixoloji inancıdır, yoxsa planetlər həqiqətən taleyə təsir edir?
Mənə görə hər ikisinə təsir edir, həm psixoloji olaraq, həm də taleyə. Çünki retroqrad dövrlərdə həyatımıza qayıdan insanlar və ya yenidən üzə çıxan hadisələr çox zaman təsadüfi olmur. Bu, həm iş sahəsində, həm münasibətlərdə, həm də özümüzə verib sonradan unutduğumuz sözlərlə bağlı ola bilər. Məsələn, insan özü ilə bağlı hansısa məsələni həll etməyə qərar verir, amma zaman keçdikcə bunu unudur. Retroqrad dövründə isə həmin mövzu ilə bağlı bir hadisə baş verir və o anlayır ki, bunu əvvəldən həll etməli idi. Bu zaman onu həll etmək də, etməmək də insanın həyat yoluna təsir göstərir.
Eyni zamanda bunun psixoloji tərəfi də danılmazdır. İnsan diqqətini keçmişdə yarımçıq qalan məsələlərə yönəldir, analiz edir və qərarlar verir. Bu qərarlar da təbii olaraq taleyinə təsir edir. Mən özüm bu sahəyə ilk vaxtlarda çox skeptik yanaşırdım. 5 ilə yaxın İT sahəsində çalışmışam. Texnologiyaya yönəlməyimin əsas səbəbi riyaziyyat və fizikanı çox sevməyim idi. Riyazi və məntiqi düşüncəm hər zaman güclü olub. Məhz buna görə əvvəllər astrologiya və numerologiyaya daha səthi baxırdım.
Düşünürdüm ki, “planetlər mənim həyatıma necə təsir edə bilər?” Lakin zamanla araşdırdıqca gördüm ki, bu sahələrdə də ciddi riyazi və məntiqi sistem mövcuddur. Numerologiyada konkret rəqəmlər üzərində hesablamalar aparılır. Astrologiyada isə planetlər arasındakı bucaqlar və aspektlər insan həyatındakı müəyyən tendensiyaları izah edir. Məhz bu sistemlilik məndə maraq yaratdı. İlk olaraq bunu öz üzərimdə, daha sonra yaxınlarım üzərində yoxladım və nəticələrin dəqiqliyi məni təəccübləndirdi. İnsanlar həyatlarına dair bu qədər detallı məlumatın hesablamalarla necə ortaya çıxdığını görəndə çox təəccüblənirdilər.
Bu gün mən bu sahəyə sadəcə inanc kimi yox, konkret sistem və hesablamalara əsaslanan bir yanaşma kimi baxıram. Mənim üçün burada həm psixoloji təsir, həm də insanın həyat seçimlərinə yön verən talesel təsir mövcuddur.
– Bu gün numerologiya və doğum xəritələri ilə bağlı platformalarda həm peşəkarlar, həm də qeyri-peşəkarlar aktivdir. İnsanlar da bəzən peşəkarların paylaşımlarını istinadsız şəkildə götürüb paylaşırlar. Sizcə bu, insanların numerologiya və bürclərə olan inam sisteminə nə dərəcədə təsir göstərir?
Məncə, burada ən vacib məqam insanın həmin şəxsi bir müddət izləməsidir. Bu gün artıq Instagram, Facebook və digər platformalar vasitəsilə hər kəsin fəaliyyətini müəyyən qədər müşahidə etmək mümkündür. İnsanlar tələsik qərar vermək əvəzinə həmin şəxsin səhifəsini ən azı bir müddət izləməlidirlər. Onun həyat tərzi, gündəlik fəaliyyəti, danışdıqları ilə göstərdikləri nə dərəcədə üst-üstə düşür, bunlara diqqət etmək vacibdir.
Məsələ yalnız nə danışmaq deyil, həmin insanın dediklərini öz həyatında nə qədər tətbiq etməsidir. Əgər bir şəxs bu sahədə həqiqətən peşəkardırsa, onun verdiyi bilik və yanaşmalar ilk növbədə öz həyatında da öz əksini tapmalıdır. İnsanlar onun bu vaxta qədər hansı nəticələr əldə etdiyini, nə dərəcədə uğurlu olduğunu da müşahidə etməlidirlər. Digər tərəfdən, insanın danışıq tərzi və ötürdüyü enerji də çox önəmlidir. Bəzən bir şəxsin bu sahəyə həqiqi maraqla yanaşdığı, yaxud sadəcə maddi maraq üçün daxil olduğu hiss olunur. Danışıq üslubu, davranışları və ümumi yanaşması bunu müəyyən qədər göstərir.
Məncə, burada insanların öz müşahidə qabiliyyəti də vacib rol oynayır. Bir şəxsi qısa müddət izləmək belə onun haqqında ilkin fikir formalaşdırmağa kömək edir. Xüsusilə bir ay kimi müddətdə həmin insanın məzmunu, yanaşması və ardıcıllığı artıq müəyyən mənzərə yaradır. Bu baxımdan, qeyri-peşəkar və istinadsız paylaşımlar təbii ki, insanların bu sahəyə olan inamına təsir göstərə bilər. Amma insanlar daha diqqətli müşahidə etdikdə peşəkarla qeyri-peşəkarı ayırd etmək mümkündür.
– Numerologiyada ən vacib nömrə hansıdır: həyat yolu nömrəsi, yoxsa taleyin nömrəsi?
Əslində, numerologiyada bütün nömrələr vacibdir. Hər birinin öz yeri, funksiyası və mənası var. Yəni yalnız bir rəqəmi əsas götürüb digərlərini ikinci plana keçirmək doğru olmaz. Lakin prioritet baxımından yanaşsaq, life path number, yəni həyat yolu nömrəsi daha əsas hesab olunur.
Həyat yolu nömrəsi doğum tariximizdəki rəqəmlərin cəmlənməsi ilə hesablanır və insanın bu dünyaya niyə gəldiyini, var olma səbəbini və həyat missiyasını göstərir. Başqa sözlə, insanın hansı istiqamətdə inkişaf etməli olduğunu və həyatında hansı təcrübələri yaşamaq üçün gəldiyini izah edir. Bunu doğum tarixinizdəki bütün rəqəmləri toplayaraq hesablaya bilərsiniz.
– Maraqlıdır, doğum tarixi ilə ad və ya rəqəmlər arasındakı fərq nədən ibarətdir? Sizcə hansının təsiri daha çoxdur?
Hər biri təsir edir və heç birini digərindən tam ayrı düşünmək doğru olmaz. Doğum tarixi insanın əsas enerjisi, həyat yolu və bu dünyaya hansı missiya ilə gəldiyini göstərir. Yəni bu, insanın baza kodu kimi qəbul oluna bilər. Ad isə daha çox insanın gündəlik həyatda daşıdığı vibrasiya və frekansla bağlıdır. İnsan cəmiyyət içində adla tanınır, çağırılır və enerji mübadiləsi əsasən bu ad üzərindən formalaşır. Buna görə də adın da təsiri kifayət qədər güclüdür.
Amma ad dəyişimi çox zaman insanların düşündüyü qədər sadə proses deyil. Sadəcə adı dəyişməklə həyatın avtomatik şəkildə dəyişəcəyini düşünmək düzgün yanaşma deyil. Əvvəlcə insanın doğum tarixinə, enerjilərinə və ümumi xəritəsinə baxılmalıdır. Bütün bu proses riyazi və enerjisel hesablamalar əsasında aparılmalıdır. Yəni insanın mövcud frekansı müəyyən olunur və ona uyğun enerji seçilir. Eyni zamanda, insanın həyatında hansı sahədə dəyişiklik istədiyi də nəzərə alınmalıdır, bu, karyera, maliyyə və ya münasibətlər ola bilər. Burada çox önəmli olan bir başqa məqam isə inanc sistemidir.
Təkcə hesablamalar kifayət etmir; insan özü də həmin dəyişiklik prosesinə inanmalı və addım atmalıdır. Mənim yanaşmama görə, numerologiya ilə yanaşı insanın şüuraltı inancı da böyük rol oynayır. İnsan bir hadisənin baş verəcəyinə həqiqətən inananda və bu istiqamətdə addım atanda, nəticələr daha güclü şəkildə özünü göstərir. Yəni qısaca desək, doğum tarixi insanın əsas kodunu, ad isə onun gündəlik vibrasiyasını göstərir. Hər ikisi birlikdə təsir edir və nəticə daha çox insanın bu enerjilərlə necə işləməsindən asılı olur.
– Məsələn, bu mövzu bir az mübahisəlidir. İnsan özünü pislə müqayisə etməlidir, yoxsa yaxşı ilə?
Mən düşünürəm ki, insan ümumiyyətlə özünü heç kimlə müqayisə etməməlidir, nə pislə, nə də yaxşı ilə. Çünki hər iki halda müqayisə insanın daxili balansını poza bilər. Bəzən insan özünü daha uğurlu və ya daha yaxşı görünən biri ilə müqayisə etdikdə, özündə olmayanları görür və bu, mənfi hisslər, hətta depressiv düşüncələr yarada bilir. Digər tərəfdən, özünü “daha pis vəziyyətdə olan” biri ilə müqayisə etmək də sağlam yanaşma deyil. Bu, inkişafdan çox, sadəcə təsəlli hissi yaradır.
Məncə, insan müqayisə etmək əvəzinə diqqətini öz inkişafına yönəltməlidir. Özünə sual verməlidir: “Mən bu həyatda nə məqsədlə yaşayıram? Hara doğru gedirəm? Bu gün özüm üçün faydalı nə etmişəm?” Əsas müqayisə yalnız insanın öz keçmiş versiyası ilə olmalıdır. Yəni dünənki mənlə bugünkü mən arasında nə qədər inkişaf var, məncə, əsas meyar budur.
Sosial platformalar isə təəssüf ki, bu müqayisə hissini daha da artırır. Çünki insanlar çox zaman həyatlarının yalnız müsbət və ideal görünən tərəflərini paylaşırlar. Bu da digərlərində öz həyatını başqalarının görüntüsü ilə ölçmək hissi yaradır. Süni intellekt və numerologiya məsələsinə gəldikdə isə, bu gün bir çox insan doğum xəritəsi, yuxu və müxtəlif analizlər üçün bu texnologiyadan istifadə edir.
Sadə hesablamalarda müəyyən qədər faydalı ola bilər, çünki sistemə daxil edilən məlumat bazasına əsasən nəticə verir. Lakin daha dərin analizlərdə hər zaman eyni dəqiqliyi vermir. Mənim müşahidəmə görə, kompleks, dəqiq və əlaqələndirilmiş analizlərdə insan faktoru, analitik düşüncə və peşəkar yanaşma daha çox vacibdir. Çünki real analiz yalnız tək bir məlumat üzərində qurulmur; maliyyə, karyera, həyat yolu və digər sahələr bir-biri ilə əlaqələndirilərək dəyərləndirilməlidir.
– Numerologiya ilə bağlı bu sahə ilə maraqlanan insanların bilməli olduğu təməl biliklər nələrdir?
Fikrimcə, bu sahədə təkcə nəzəri bilik kifayət etmir. Ən vacib məqam analitik zəka və müşahidə qabiliyyətidir. Çünki rəqəmlərin mənalarını əzbərləmək bir tərəfdir, onları insanın həyatı, davranışları və yaşadığı situasiyalarla əlaqələndirmək isə tamam başqa bir bacarıqdır. Burada insanın analitik düşüncəsi, empatiya hissi və düzgün analiz qabiliyyəti çox önəmlidir.
Eyni yanaşma psixologiyada da var. Təkcə 4 il təhsil almaq insanı avtomatik olaraq yaxşı mütəxəssis etmir. İnsanları hiss etmə, dinləmə və dərin analiz etmə bacarığı mütləqdir. Numerologiyada da bu belədir. Təməl biliklərə gəldikdə isə, ilk mərhələdə rəqəmlərin mənalarını öyrənmək vacibdir, həm klassik, həm də karmik numerologiya baxımından.
Daha sonra bu rəqəmlərin insan həyatına necə təsir etdiyini anlamaq lazımdır. Xüsusilə maliyyə, karyera, karma və həyat yolu kimi mövzularla əlaqəsini dərk etmək əsas baza biliklərdən sayılır. Mən həmişə öz Karmik Numerologia tələbələrimə də tövsiyə edirəm ki, ilk mərhələdə yaxın çevrələri üzərində təcrübə aparsınlar. Çünki nəzəri bilik real insan üzərində tətbiq edilmədikcə tam oturmur.
Bu sahədə əsas məsələ məlumatı sadəcə əzbərləmək deyil, onu real həyatla əlaqələndirməyi bacarmaqdır. Ümumilikdə mən bunu üç əsas mərhələyə bölürəm: əvvəl baza biliklər, sonra real insanlar üzərində tətbiq və ən azı 3 ay davamlı praktika.
Mən özüm də bu sahəyə tam şəkildə daxil olmaq üçün təxminən 1 il intensiv şəkildə öyrənmə və təcrübə mərhələsindən keçmişəm.
– Astroloqlar və numeroloqlar efirlərdə adətən yüksək enerjili və müsbət aura yayan insanlar kimi görünürlər. Bu, şəxsi həyatınızda da belədir, yoxsa daha çox efir və konsultasiya üçün formalaşan bir obrazdır?
Çox gözəl sualdır. Açığı, mən deyə bilmərəm ki, bu sahədə olan hər kəs günün istənilən saatında eyni dərəcədə müsbət enerji ötürür. Çünki nəticə etibarilə astroloq da, numeroloq da ilk növbədə insandır. Hər bir insan kimi onların da şəxsi həyatında emosional eniş-yoxuşlar, yorğunluq, gərginlik və müxtəlif hisslər olur. Sadəcə efirdə və ya konsultasiyada gördüyümüz tərəf çox zaman onların özünü idarə etmə və enerjisini düzgün təqdim etmə bacarığını göstərir.
Yəni efirdə gördüyümüz müsbət enerji hər zaman “obraz” demək deyil, amma bu, şəxsi həyatda da insanın daim eyni ruh halında olması mənasına gəlmir. Mən düşünürəm ki, bu sahə ilə maraqlanan insanlar zamanla daxildən də dəyişirlər. Hətta tam peşəkar olmasalar belə, bu mövzular üzərində düşündükcə və öz üzərlərində işlədikcə psixoloji və mənəvi inkişaf yaşayırlar. Mənim öz həyatıma baxsaq, mənə tez-tez deyirlər ki, çox sakit və səbirli görünürsən. Amma bu, sonradan qazandığım bir xüsusiyyətdir.
Təxminən 6–7 il əvvəl mən belə deyildim. Əksinə, daha aqressiv və daha gərgin bir insan idim. Zamanla öz üzərimdə işlədikcə və həyatı daha dərindən anladıqca bu tərəfim dəyişdi. Mən belə düşünürəm ki, insan inkişaf etdikcə, bir o qədər təvazökar, balanslı və sakit olur. Həqiqətən bilən və dərk edən insanlar çox zaman özlərini sübut etməyə ehtiyac duymurlar. Onlar sadəcə öz yolları ilə gedirlər və anlayırlar ki, onları anlayan insanlar onsuz da bu yolda onlarla birlikdə davam edəcəklər.
– Reenkarnasiya nədir?
Reenkarnasiya anlayışı ondan ibarətdir ki, insan ruhu tək bir həyatla məhdudlaşmır. Bu yanaşmaya görə, insan dünyaya gəlir, müəyyən təcrübələr yaşayır, seçimlər edir və bu həyat boyunca müxtəlif dərslər alır.
Bu dərslər yalnız mükafat və ya cəza kimi deyil, daha çox inkişaf və dərk prosesi kimi izah olunur. Yəni insanın yaşadığı hadisələr onun ruhsal inkişafına xidmət edir. Reenkarnasiya yanaşmasına görə, insan bu həyatda öyrənmədiyi və ya tamamlamadığı dərsləri növbəti həyatlarda fərqli formalarda yenidən yaşaya bilər. Başqa sözlə, ruh inkişaf etmək və müəyyən təcrübələri tamamlamaq üçün yenidən başqa bir bədəndə dünyaya gəlir.
Məsələn, bəzi insanlar müəyyən həyat mövzularında, xüsusilə münasibətlər, ailə və ya maddi sahədə eyni çətinlikləri təkrar yaşadıqlarını bildirirlər. Bu yanaşmaya görə, bunun səbəbi həmin mövzu ilə bağlı öyrənilməli olan dərslərin hələ tamamlanmamasıdır. Mən öz analizlərimdə də bunu daha çox “həyat dərsləri” kimi izah edirəm. Yəni insanın qarşısına çıxan hadisələr təsadüfi deyil, onun daxili inkişafı və öyrənməli olduğu mövzularla bağlıdır.
Əsas məqam odur ki, insan münasibətlər, seçimlər və davranışlarda niyyətini aydın bilməli və şüurlu şəkildə hərəkət etməlidir. Çünki bir çox uğur və ya çətinliyin kökündə məhz bu dərslər dayanır.
– Müşahidələrinizə görə, ilk həyat yaşayan insanla bir neçə reenkarnasiya yaşayan insan arasında fərq varmı?
Ümumiyyətlə, bir neçə reenkarnasiya mərhələsindən keçdiyi düşünülən insanlarda hadisələrə daha dərin baxmaq, daha erkən yaşlarda yetkin düşünmək və məsuliyyəti öz üzərinə götürmək meyli daha güclü olur. Məsələn, bəzi insanlar yaşca gənc olsalar da, düşüncə tərzi, həyata baxışı və emosional reaksiyaları daha yetkin görünür. Ətrafdakılar da çox zaman onlara “yaşından böyük düşünürsən” deyirlər. Belə insanlarda hadisələrdən dərs çıxarma və eyni səhvi təkrar etməmək xüsusiyyəti daha qabarıq olur.
Yəni eyni situasiyanı bir neçə dəfə yaşadıqdan sonra dayanıb özlərinə sual verirlər: “Mən burada nəyi fərqli etməliyəm?” Daha az reenkarnasiya təcrübə mərhələsində olduğu düşünülən insanlarda isə bəzən eyni mövzuların təkrar yaşanması və həmin insanlar tərəfdən səbəblərin daha çox kənarda axtarılması müşahidə olunur.
Yəni bir tərəf daha çox “burada mən nəyi öyrənməliyəm?” sualını verir, digər tərəf isə “niyə bunlar ancaq mənim başıma gəlir?” sualına yönəlir. Mənim yanaşmama görə, əsas fərq məhz insanın özünü dərk etmə səviyyəsində, hadisələrdən dərs çıxarma qabiliyyətində və daxili balansında özünü göstərir.
– Hansı bürclər və ya enerjilər münasibətdə cütlük olaraq daha yaxşı anlaşırlar?
Bu sual bir qədər mübahisəlidir. Çünki bunu standart şəkildə demək düzgün deyil. Məsələn, ümumi olaraq “Şir Dolça ilə uyğundur” və ya “filan bürc filan bürclə daha yaxşı anlaşır” kimi fikirlər tez-tez səslənir. Amma real həyatda bunu qəti qayda kimi qəbul etmək olmaz. Çünki hər insanın doğum xəritəsi, enerji quruluşu və həyat təcrübəsi fərqlidir. Yəni bir insan Günəş bürcünə görə Şir ola bilər, amma yüksələn bürcü, Ay bürcü və digər yerləşimləri onu tamamilə fərqli şəkildə göstərə bilər.
Eyni yanaşma numerologiyada da keçərlidir. Bu səbəbdən yalnız bürcə və ya doğum tarixinə baxaraq “siz mütləq uyğun gəlirsiniz” və ya “uyğun deyilsiniz” demək peşəkar yanaşma deyil. Əslində uyğunluğu müəyyən etmək üçün hər iki insanın enerjisini, xarakterini və münasibət içində davranış tərzini birlikdə analiz etmək lazımdır. Bəzən cəmiyyətdə stereotiplər də formalaşır.
Məsələn, “Əqrəblər münasibət üçün uyğun deyil” və ya “filan rəqəmli insanlar çətindir” kimi ümumiləşdirmələr edilir. Mənsə bu yanaşmanı doğru hesab etmirəm. Çünki hər insanın həm müsbət, həm də inkişaf etdirməli olduğu tərəfləri var. Nəticə daha çox insanın öz enerjisini necə idarə etməsindən və münasibət içində necə davrandığından asılıdır. Mənim yanaşmama görə, nə bürc, nə rəqəm, nə də hər hansı enerji təkbaşına qəti hökm vermir. Əsas məsələ insanın enerjisi, zəkası, emosional yetkinliyi və münasibət içində davranışıdır.
Ona görə də cütlük uyğunluğunu yalnız ümumi stereotiplərlə deyil, fərdi analizlər, konsultasiyalarla dəyərləndirmək daha doğrudur.
– Bəs münasibətin uğurlu olması üçün numeroloji və astroloji tərəfdən xüsusi məsləhətiniz varmı?
Əlbəttə ki, var. Əminliklə deyirəm ki, bu qeyd edəcəyim nüansı bizim ölkəmizdə bilən ikinci bir numeroloq və ya astroloq yoxdur. Əgər münasibətin uğurlu və ya uzunmüddətli olmasını istəyirsinizsə, kişi partnyorun reenkarnasiya sayının qadın partnyordan az olması lazımdır.
Diqqət edin, burada kişi və qadının yaşından deyil, doğum tarixinə əsasən hesablanan reenkarnasiya sayından söhbət gedir. Əgər bir kişinin öz yaşı xanımından az və ya çox olmasından asılı olmayaraq, xanımın reenkarnasiya sayından azdırsa, bu münasibətin uzun müddətli və uğurlu olmasına səbəb olacaq. Bu hesablama və analizi isə mən şəxsi konsultasiyalara müraciət edənlər üçün tətbiq edirəm.
Ayhan
15:10 13.04.2026
Oxunuş sayı: 850