Maaş artımı, yoxsa sistem islahatı - Dövlət qulluğunda nə dəyişir?
Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Belə ki, dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının minimum məbləğlərinin, əməyin ödəniş səviyyələrinin, habelə vəzifələr, səviyyə və pillələr üzrə artım faizlərinin müəyyən edilməsi ilə bağlı yeni mexanizmin hazırlanması nəzərdə tutulur.
Bu qərar dövlət sektorunda əmək münasibətlərinin daha şəffaf və ədalətli şəkildə tənzimlənməsinə xidmət edir.
Məsələ ilə bağlı Baş nazir Əli Əsədov tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, aidiyyəti dövlət qurumları – o cümlədən Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi – digər müvafiq orqanlarla birlikdə beş ay müddətində təkliflərini hazırlayaraq, Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Bu təşəbbüs dövlət qulluğunda əməkhaqqı sisteminin daha effektiv və müasir prinsiplər əsasında formalaşdırılmasına yönəlib.
Məsələ ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu qərarı sadəcə maaş artımı kimi yox, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi və daha sistemli formaya salınması kimi qiymətləndirmək lazımdır.
Prezidentin 19 mart 2026-cı il tarixli 626 nömrəli Fərmanı ilə inzibati vəzifələr üzrə minimum aylıq maaş 1170 manat, yardımçı vəzifələr üzrə isə 760 manat müəyyən edilib.
Eyni zamanda, ödəniş səviyyələri, pillələr üzrə artım faizləri və konkret maaş məbləğləri də təsdiqlənib. Bu, göstərir ki, dövlət qulluğunda ödəniş mexanizmi daha aydın, pilləli və fərqləndirilmiş model üzrə qurulur.
Qərarın mühüm tərəfi odur ki, burada vahid yanaşmadan deyil, vəzifənin məsuliyyət dərəcəsinə və qulluq şəraitinə uyğun diferensial yanaşmadan söhbət gedir.
Məsələn, bəzi inzibati vəzifələr üzrə baza maaşlarının 10 faiz yüksək müəyyən edilməsi də bunu göstərir. Yəni məqsəd yalnız əməkhaqqını artırmaq deyil, eyni zamanda, dövlət idarəçiliyində vəzifələr üzrə daha dəqiq maaş arxitekturası yaratmaqdır.
Məncə, bu addım dövlət qulluğunda motivasiya, kadr sabitliyi və peşəkar kadrların sistemdə saxlanılması baxımından müsbət təsir göstərə bilər.
Çünki maaş siyasəti dövlət sektorunun cəlbediciliyində əsas amillərdən biridir. Əgər ödəniş sistemi aydın və məntiqli qurulursa, bu həm dövlət qulluqçusu üçün sosial təminatı gücləndirir, həm də idarəetmədə daha sağlam karyera mühiti yaradır.
Digər tərəfdən, məsələyə yalnız sosial addım kimi baxmaq da düzgün olmaz. Bu qərarın büdcə və institusional idarəetmə tərəfi də var.
Fərmanda göstərilir ki, həmin əməkhaqları 2026-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək. Nazirlər Kabinetinin 7 aprel 2026-cı il tarixli sərəncamı isə bu modelin tətbiqi üçün normativ bazanın uyğunlaşdırılmasını və aidiyyəti qurumların mərhələli fəaliyyətini nəzərdə tutur.
Yəni bu, təkcə maaş artımı deyil, bütövlükdə hüquqi və inzibati mexanizmin yeni çərçivəyə keçirilməsidir.
Ümumilikdə hesab edirəm ki, bu qərar dövlət qulluğunda maaş sisteminin şəffaflaşdırılması, vahid prinsiplər üzrə tənzimlənməsi və idarəetmədə institusional nizamın gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Amma onun real effektivliyi yalnız maaş artımı ilə deyil, bunun dövlət aparatında motivasiya, səmərəlilik və peşəkarlıq səviyyəsinə necə təsir göstərəcəyi ilə ölçüləcək".
Elmir Heydərli
13:22 10.04.2026
Oxunuş sayı: 78