Yaxın Şərqdə atəşkəs - Regionda sülhə doğru addım, yoxsa taktiki pauza?
Yaxın Şərqdə əldə olunan atəşkəs bölgədə davam edən gərginliyin azaldılması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Məsud Pezeşkianın açıqlamasına əsasən, bu razılaşma təkcə hərbi əməliyyatların dayandırılması deyil, eyni zamanda uzunmüddətli sülhün təmin olunması üçün siyasi dialoqun başlanmasına şərait yarada bilər.
Onun sözlərinə görə, atəşkəs gələcək danışıqlar üçün platforma rolunu oynayaraq, regionda müharibənin tam dayandırılması və təcavüz hallarının qarşısının alınması istiqamətində zəmin formalaşdırır.
Bu yanaşma İranın regional sabitlik və təhlükəsizlik məsələlərində diplomatik həll yollarına üstünlük verdiyini bir daha nümayiş etdirir.
Məsələ ilə politoloq Elçin Alıoğlu Crossmedia.az öz fikirlərini bölüşüb:
"İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi açıqlama müəyyən mənada məntiqi və rasional görünür. Lakin mövcud atəşkəs son dərəcə kövrəkdir və istənilən an pozula bilər.

Artıq bölgədə gərginliyin davam etdiyini göstərən əlamətlər müşahidə olunur: İranın hərbi strukturları Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə hədəflərə zərbələr endirməkdə davam edir, ABŞ-ın isə bölgədə təxminən 65 min nəfərlik hərbi kontingenti hələ də mövcuddur.
Bütün bu proseslərin gələcək istiqaməti əsasən İslamabadda keçiriləcək danışıqların ilk raundunun nəticələrindən asılı olacaq.
Şübhəsiz ki, münaqişənin tezliklə başa çatması bütün tərəflərin marağındadır. Lakin reallıq ondan ibarətdir ki, tərəflərin heç biri geri addım atmaq niyyətində deyil.
Atəşkəsin ilkin şərtləri üzrə müəyyən razılaşmalar əldə olunsa da, İsrail Yəməndə hərbi əməliyyatlarını davam etdirir.
Eyni zamanda, İran nüvə və ballistik raket proqramlarından imtina etmək niyyətində deyil. ABŞ isə Tehrandan bu proqramların dayandırılmasını, raket potensialının minimuma endirilməsini və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyin kəsilməsini tələb edir. Bu şərtlər kifayət qədər ağır və tərəflər üçün çətin qəbul ediləndir.
Digər tərəfdən, tərəflərin hər biri özünü qalib kimi təqdim edir ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Qərarların bəzən impulsiv xarakter daşıması da əlavə risk yaradır. ABŞ prezidenti Donald Trampın bəzi hallarda mütəxəssislərlə və hərbi rəhbərliklə geniş məsləhətləşmələr aparmadan qərarlar verməsi bu qənaəti gücləndirir.
Mövcud silahlı qarşıdurmanın İsrailın təşviqi ilə başladığına dair fikirlər də səsləndirilir və bu, müxtəlif mənbələrdə dolayısı ilə təsdiq olunur. Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə atəşkəsin davamlılığı və danışıqların nəticəsi olduqca qeyri-müəyyən olaraq qalır.
Nəticə etibarilə, tərəflərin sərt və dəyişməz mövqeləri fonunda vəziyyət həm unikal, həm də paradoksal xarakter alıb. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir.
Aydın olan isə budur ki, münaqişə hələ yekunlaşmayıb və yeni hərbi toqquşmaların baş vermə ehtimalı yüksək olaraq qalır. Mövcud atəşkəs daha çox taktiki fasilə təsiri bağışlayır, tərəflər bu müddətdən qüvvələrini bərpa etmək və növbəti mərhələyə hazırlaşmaq üçün istifadə edirlər".
Elmir Heydərli
12:13 10.04.2026
Oxunuş sayı: 54