Açıq su hövzələri nə qədər təhlükəlidir, riskləri necə azaltmaq olar?
Qobustanda baş verən 9 yaşlı uşağın gölməçəyə düşərək ölməsi ciddi bir hadisədir və təbii şəkildə yaranan təhlükə mənbələrinin cəmiyyət üçün nə qədər riskli olduğunu bir daha göstərir.
Belə halların qarşısını almaq üçün həyətdə, kənd və şəhər ərazilərində süni və təbii su hövzələrinin təhlükəsizliyinin təmin edilməsi, qoruyucu çəpərlərin qurulması və uşaqların nəzarət altında saxlanması kimi preventiv tədbirlər həyati əhəmiyyət daşıyır.
Eyni zamanda, ictimai maarifləndirmə və risklərin qiymətləndirilməsi mexanizmlərinin inkişaf etdirilməsi də bu cür faciələrin qarşısını almağa yönəlmiş əsas addımlardan biridir.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib:

"Əgər evdə azyaşlı uşaqlar varsa, onların təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görülməlidir. Hər bir ev sahibi, valideyin uşağın ola biləcək təhlükələrdən qorunması üçün ətrafda qoruyucu çəpər və ya digər maneələr yaratmalıdır.
Təhlükəli su çuxurlarının üzəri örtülməli, uşağın təsadüfən yıxılaraq ciddi xəsarət almasının qarşısı alınmalıdır. Məsələn, həyətdə çimərlik, süni göl və ya axan çay varsa, azyaşlı uşaqların birbaşa həmin yerlərlə təması olmayacaq şəkildə çəpər və digər təhlükəsizlik tədbirləri təmin edilməlidir".
Ekspert əlavə edib ki, bu, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir:
"Evdə azyaşlı uşaqların, həmçinin yaşlı və ya sağlamlıq problemləri olan insanların mövcudluğunu nəzərə alaraq, yıxılma və ya düşmə ehtimallarına qarşı ilkin təhlükəsizlik tədbirlərini — sadə və effektiv çəpərlər, maneələr və qoruyucu üsullar — həyata keçirmək vacibdir".
Ayhan
13:38 10.04.2026
Oxunuş sayı: 56