Yağış sularından yüzlərlə zərərçəkmiş var - sığorta sistemi bu yükü qarşılaya biləcəkmi?
Aprelin 4-6 tarixlərində Azərbaycan ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra ciddi fəsadlara səbəb olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının açıqladığı məlumatlara görə, baş verən hava hadisələri nəticəsində 600-dən çox sığortalı zərər görüb və qeyri-həyat sığorta şirkətlərinə yüzlərlə müraciət daxil olub.
Xüsusilə, nəqliyyat vasitələri və daşınmaz əmlakla bağlı sığorta hadisələrinin üstünlük təşkil etməsi təbii fəlakətin miqyasını açıq şəkildə nümayiş etdirir.
İlkin qiymətləndirmələrə əsasən, artıq yüzlərlə hadisə üzrə zərərin məbləği müəyyən edilib və ümumi itkilərin həcmi yüz minlərlə manatla ölçülür.
Bununla yanaşı, müraciətlərin böyük hissəsinin Bakı və Abşeron ərazisində qeydə alınması urban ərazilərin bu cür ekstremal hava şəraitinə daha həssas olduğunu göstərir.
Hazırda sığorta şirkətləri tərəfindən bütün müraciətlər üzrə qiymətləndirmə və tənzimləmə prosesi davam edir və yekun zərər məbləğinin yarım milyon manatı keçəcəyi gözlənilir.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Sığorta qanunvericiliyinə əsasən, həm fiziki, həm də hüquqi şəxslər özlərinə məxsus əmlakı – o cümlədən ev, avtomobil, daşınar və daşınmaz əmlak, kənd təsərrüfatı məhsulları və digər aktivləri, eləcə də göstərdikləri xidmətlərlə bağlı riskləri sığortalaya bilərlər. Sığorta sistemi iki əsas növə bölünür: icbari sığorta və könüllü sığorta.
İcbari sığorta dövlət tərəfindən müəyyən edilir və əsas məqsədi vətəndaşların mülki məsuliyyətinin təmin olunması, eyni zamanda mümkün zərərlərin dövlət büdcəsinə yük olmadan qarşılanmasıdır. Bu çərçivədə daşınar və daşınmaz əmlakın, xüsusilə, yaşayış evlərinin sığortalanması mühüm əhəmiyyət daşıyır.
Avtomobil nəqliyyatı vasitələri üzrə tətbiq edilən icbari sığorta yalnız mülki məsuliyyət sığortasıdır. Yəni, sürücü başqa nəqliyyat vasitəsinə və ya üçüncü şəxslərə zərər vurduğu halda, həmin zərər müəyyən edilmiş limitlər çərçivəsində sığorta şirkəti tərəfindən ödənilir.
Mövcud praktikaya görə, bir zərərçəkmiş şəxs üzrə kompensasiya limiti 5 000 manatadək, nəqliyyat vasitəsinə dəyən zərər üzrə isə eyni məbləğdə müəyyən edilir. Eyni zamanda, hadisə zamanı bir neçə zərərçəkmişin olması halları da nəzərə alınır.
Bununla yanaşı, avtomobillər üçün könüllü sığorta – yəni kasko sığortası mövcuddur. İcbari sığortadan fərqli olaraq, kasko sığortası avtomobilin özünə dəyən zərərləri də əhatə edir.
Əgər sığorta müqaviləsində nəzərdə tutulubsa, təbii fəlakətlər – sel, daşqın, güclü yağış, dolu və digər hallar nəticəsində avtomobilə dəyən zərər sığorta şirkəti tərəfindən tam və ya qismən ödənilir.
Daşınmaz əmlakın sığortası isə dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evlərini, mənzilləri və qeyri-yaşayış sahələrini əhatə edir.
İcbari sığorta çərçivəsində bu əmlaklara yanğın, sel, daşqın və digər risklər nəticəsində dəymiş zərər müəyyən olunmuş qaydada kompensasiya edilir.
Kənd təsərrüfatı sahəsində də sığorta mexanizmləri tətbiq olunur. Əkin sahələri və becərilən məhsullar – taxıl, tərəvəz və digər bitkilər sığortalanaraq, güclü yağış, tufan və digər təbii hadisələr nəticəsində yaranan zərərlərin qarşılanması təmin edilir.
Son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində avtomobillərə, yaşayış evlərinə və əkin sahələrinə ciddi ziyan dəymişdir.
Qeyd olunmalıdır ki, bu kimi hallarda zərərin ödənilməsi yalnız müvafiq sığorta müqaviləsinin – icbari və ya könüllü sığortanın mövcudluğu ilə mümkündür.
Xüsusilə, avtomobillərə dəyən zərərlərin ödənilməsi üçün təkcə icbari sığorta kifayət etmir. Bu cür hallarda yalnız kasko sığortası mövcud olduqda sığorta şirkəti dəymiş zərəri qiymətləndirərək ödənişi həyata keçirir".
Elmir Heydərli
12:42 10.04.2026
Oxunuş sayı: 55