Azərbaycanlı boksçular Şvelmdə çempion olublar
Almaniyanın Şvelm şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan boks turniri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Berlində yerləşən Azərbaycan Evinin, Şvelmdə fəaliyyət göstərən “Fight Club Stolz” idman klubunun və Maqdeburqda fəaliyyət göstərən Diaspora Boks Liqasının birgə təşkilatçılığı ilə baş tutub.
Müxtəlif klubları təmsil edən 50 idmançının qatıldığı yarışda azərbaycanlı boksçular uğurlu çıxışları ilə fərqləniblər. Belə ki, 64 kq çəki dərəcəsində Ramal Abdullayev, 70 kq-da Alay Qurbanov, 73 kq-da isə Azər Soltanov bütün döyüşlərini qələbə ilə başa vuraraq çempion olublar. 67 kq-da mübarizə aparan Anar Ağayev qarşılaşmanı heç-heçə ilə tamamlayıb. 80 kq-da Renat Məmişov və 91 kq-da Azər Ağayev isə rəqiblərinin döyüşdən imtinası səbəbindən qalib elan olunublar. Yarış dünyada yeni yaradılan SFC Hibrid Kombat Döyüş Federasiyasının ilk açıq turniri kimi yadda qalıb.
Məlumat üçün bildirək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Maqdeburqda yaradılan Diaspora Boks Liqası Almaniyada yaşayan azərbaycanlı idmançıların iştirakı ilə mütəmadi idman yarışları təşkil edir. Soydaşlarımızın bu cür yarışlarda iştirakı ölkəmizin təbliği ilə yanaşı, gənclərin idmana və sağlam həyat tərzinə cəlb olunmasına mühüm töhfə verir.
19:33 02.04.2026
Oxunuş sayı: 42