Niderlandda 31 Mart Soyqırımının qurbanları anılıb
Niderlandın Rotterdam şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib. Tədbir Benilüks Azərbaycanlılarının Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə 1918-ci il mart hadisələrinin tarixi-siyasi aspektlərinə toxunaraq, Azərbaycan dövlətinin bu həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlərdən danışıb.
Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov bəşər tarixinin ən qanlı faciələrindən olan 31 Mart Soyqırımının dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Konqresin birinci müavini Sima Cəfərova soyqırımı faktlarının tarixi mənbələrə əsaslanaraq araşdırılmasının önəminə diqqət çəkib.
"Ana Vətən" Avropa Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva xalqımıza qarşı törədilən Mart soyqırımının unudulmaması istiqamətində Niderlanddakı soydaşlarımızın gördüyü işləri diqqətə çatdırıb.
Azərbaycan–Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə isə xaricdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin gücləndirilməsi ilə bağlı fikirlər səsləndirib.
Tədbirdə 31 Mart Soyqırımı və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında videoçarx göstərilib. Uzun illərdir Niderlandda Azərbaycan mədəniyyətini tanıdan kamança ustası İlham Babayevin ifasında milli musiqilərimiz səsləndirilib.
16:35 02.04.2026
Oxunuş sayı: 39