Aprel döyüşləri nələri dəyişdi?
Azərbaycanın müasir hərb tarixində Aprel döyüşləri xüsusi yer tutur və milli qürur mənbəyi kimi yadda qalmışdır. Bu döyüşlər xalqımızın iradəsinin, dövlətimizin gücünün və ordumuzun peşəkarlığının parlaq təcəssümü kimi tarixə həkk olunmuşdur. Qısa zaman kəsiyində əldə edilən uğurlar bir daha sübut etdi ki, Azərbaycan əsgəri Vətən torpağını qorumaq uğrunda istənilən fədakarlığa hazırdır.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusu yüksək döyüş ruhu, dəqiq planlaşdırılmış əməliyyatları və müasir hərbi strategiyası ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Əsgər və zabitlərimizin göstərdiyi şücaət, qorxmazlıq və vətənpərvərlik hissi hər bir vətəndaş üçün iftixar mənbəyinə çevrildi. Bu döyüşlər təkcə hərbi uğur deyil, həm də milli birlik və həmrəyliyin güclü təzahürü oldu.
Nəticə etibarilə, Aprel döyüşləri Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq salnaməsi kimi yaşayır və gələcək nəsillər üçün örnək rolunu oynayır. Bu şanlı tarix bir daha nümayiş etdirdi ki, güclü ordu və sarsılmaz xalq birliyi dövlətin ən böyük təminatıdır. Ordumuzun göstərdiyi rəşadət Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut etdi.

Əlamətdar gün ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Aprel döyüşləri 2016-cı ilin 2-5 aprel tarixlərində baş verdi və həm hərbi, həm də siyasi baxımdan münaqişədə dönüş nöqtəsi hesab olunur. Döyüşlərin baş vermə səbəbi Azərbaycan silahlı qüvvələrinin Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq əks hücum əməliyyatına başlaması idi. Qısa müddətdə ciddi hərbi uğurlar əldə olundu və 5 aprel 2016-cı ildə tərəflər arasında atəşkəs razılaşması əldə edildi. Bu döyüşlər Azərbaycan tarixində mühüm hərbi-siyasi hadisələrdən biri kimi qiymətləndirilir və 4 günlük müharibə kimi tanınır. Ermənistan tərəfinin cəbhə xəttində davamlı təxribatları, beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməməsi və uzun illər davam edən nəticəsiz danışıqlar əsas səbəblərdən idi. Ermənistan status-kvonu saxlamağa çalışırdı ki, bu da Azərbaycan üçün qəbul edilməz idi. Bu baxımdan, döyüşlər həm taktiki, həm də strateji məqsədlərlə həyata keçirilmişdi".
O bildirib ki, ordunun güclənməsi və hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsi mühüm rol oynadı: "Döyüşlər cəmiyyətdə və orduda ruh yüksəkliyini artırdı, yeni texnika və texnologiyalardan istifadə imkanı yaratdı, həmçinin kadr potensialının səmərəli tətbiqini təmin etdi. Beləliklə, Qarabağ müharibəsi üçün psixoloji və hərbi baza formalaşdı. Döyüşlər nəticəsində ermənilərin “dondurulmuş münaqişə” anlayışı və orduları haqqında yaratdıqları miflər dağıldı. Ermənistan hərbi qüvvələrində istifalar və intiharlar baş verdi. Azərbaycan ordusunun Ali Başqanı İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar özünü göstərdi və Ermənistan müdafiə xəttinin zəif tərəfləri üzə çıxdı. Münaqişə pasiv mərhələdən aktiv təhlükə mərhələsinə keçdi. Danışıqlarda Azərbaycanın mövqeyi gücləndi. Strateji uğurlar, xüsusilə Lələtəpə yüksəkliyinin azad edilməsi və Talış istiqamətində yüksəkliklərin nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyırdı. Bu yüksəkliklər gələcəkdə logistik və taktiki üstünlük yaratdı və 2020-ci il müharibəsində əhəmiyyətli rol oynadı. Qəhrəmanlıq nümayişləri də unudulmur. Döyüşdə iştirak edən əsgər və zabitlər sonadək mövqelərini qoruyaraq böyük şücayətlər göstərdilər. Beynəlxalq ictimaiyyət döyüşlərə reaksiyalar verdi, lakin konkret tədbirlər görülmədi və daha çox status-kvonu qorumağa yönəlmiş yanaşma nümayiş olundu.
Azərbaycanın əsas məqsədi torpaqların işğaldan azad edilməsi idi. Aprel döyüşləri 2020-ci il müharibəsi üçün təcrübə rolunu oynadı, orduda islahatların səmərəliliyi, silahlardan istifadənin praktiki bacarıqları və taktiki təcrübə artırıldı, həmçinin cəmiyyətdə qələbəyə inam gücləndi.
Bu baxımdan, aprel döyüşləri II Qarabağ müharibəsi üçün hərbi və psixoloji baza yaratdı. Tarixi torpaqların azadlığı uğrunda mübarizə davam etdi və nəticəsi 44 günlük müharibədə, həmçinin lokal antiterror əməliyyatları zamanı özünü göstərdi. Vətən uğrunda birlik və fədakarlıq, güclü ordu və dövlət prinsipi bütün Azərbaycan vətəndaşlarının dəstəyi ilə möhkəmləndi".

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biridir: "Bu döyüşlər zamanı Azərbaycan Ordusu işğaldan azad etdiyi əraziləri, xüsusilə Lələtəpə və Talış kəndi ətrafındakı yüksəklikləri, vətən müharibəsində qələbəmizi təmin etmək üçün səmərəli istifadə etdi. Başqa sözlə desək, Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatı Lələtəpə yüksəkliyi və Talış dağı ətrafındakı strateji yüksəklikləri ələ keçirməklə başladı və möhtəşəm qələbəyə qədər davam etdi. Aprel döyüşlərində Azərbaycan əsgərinin gücü və qəhrəmanlığı bütün dünyaya nümayiş olundu. Bu döyüşlər göstərdi ki, qəhrəman Azərbaycan əsgəri düşmənin istənilən təxribatının qarşısını almağa və onları layiqincə cəzalandırmağa qadirdir. Düşmən şəxsi heyət və texnika baxımından böyük itkilərə məruz qaldı. Qələbə yalnız döyüş meydanında deyil, həm də böyük vətən müharibəsinin hazırlıq prosesinin tərkib hissəsi kimi əhəmiyyətli idi. Eyni zamanda, bu döyüşlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərə qayıdışının əsasını qoydu. Məsələn, Çoçuq Mərcanlı kəndinə qayıdış məhz Aprel döyüşlərindən sonra başladı və bu proses bu gün də davam etməkdədir".
Ekspert əlavə edib ki, Aprel döyüşləri həm də uzun illər ərzində Ermənistan tərəfindən yaradılmış “Ohanyan səddi” və “məğlubedilməz Ermənistan ordusu” kimi miflərin ifşa edilməsinə səbəb oldu: "Döyüşlər göstərdi ki, Azərbaycan Ordusu qarşısına çıxan hər maneəni qətiyyətlə aşmağa qadirdir. Sonrakı dövrlərdə həm Günnüt istiqamətində, həm də Vətən müharibəsində əldə olunan qələbələr bu qəhrəmanlıqların davamı oldu. Nəticə etibarilə, Azərbaycan Ordusu 1994-cü ildə başlatdığı Horadiz əməliyyatından bu günə qədər bir addım belə geri çəkilməyib. Hər bir əsgər, zabit və hərbçi bu şanlı yol boyunca geri addım atmayıb, xalqımızın və dövlətimizin şərəfini qoruyub".
Elmir Heydərli
14:21 02.04.2026
Oxunuş sayı: 1439