ABŞ-İran gərginliyi fonunda Ukrayna müharibəsi diqqətdən kənarda qalır
Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi fonunda mühüm dəyişikliklərə səbəb olur.
Rusiya neftinin bir hissəsinin sanksiyalardan kənarda qalması və müəyyən güzəştlər əldə etməsi ölkə büdcəsinə müsbət təsir göstərir və bu da müharibəni davam etdirmək imkanlarını artırır.
ABŞ-ın diqqətinin getdikcə Yaxın Şərqə yönəlməsi Ukraynanın əvvəlki prioritet mövqeyini zəiflədir.
Bu sözləri Crossmedia.az açıqlamasında politoloq İlqar Vəlizadə beynəlxalq gündəmin dəyişməsi və bunun Ukrayna müharibəsinə təsirindən danışarkən deyib.
Ekspertin fikrincə, bu şəraitdə Avropa İttifaqı Ukraynaya dəstək yükünü daha çox öz üzərinə götürməyə məcbur qalır:

“Lakin Avropanın da ciddi iqtisadi və enerji problemləri ilə üzləşməsi bu prosesi çətinləşdirir. Pandemiyadan başlayaraq müharibə və sanksiyalar fonunda Avropa iqtisadiyyatı ardıcıl təzyiqlərə məruz qalıb və bu da sosial-iqtisadi sabitliyə mənfi təsir göstərib. Rəsmi bəyanatlarda dəstəyin davam etdiriləcəyi bildirilsə də, real vəziyyət daha mürəkkəbdir.
Bununla yanaşı, Ukrayna müqavimətini davam etdirir, ordusunun təcrübəsi artır və bu təcrübəni bəzi Yaxın Şərq ölkələri ilə bölüşmək istiqamətində addımlar atır.
Xüsusilə, raket əleyhinə və dron əleyhinə texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri mövcuddur, lakin bu proseslərin nəticə verməsi üçün zaman tələb olunur.
Rusiya hazırda müəyyən üstünlüklər əldə edir və gələcəkdə sanksiyaların zəifləməsi, eləcə də İranın müqavimət imkanlarının azalması enerji bazarına təsir göstərə bilər. Bu isə Rusiyanın neft və qaz ixrac imkanlarını genişləndirə bilər, lakin bu daha çox orta müddətli perspektiv üçün keçərlidir.
Həm Ukrayna, həm də Rusiya mövcud vəziyyətdən maksimum faydalanmağa çalışır.
Ümumilikdə isə, həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ-İran gərginliyi daha uzunmüddətli və genişmiqyaslı proseslərə çevrilmək potensialına malikdir ki, bu da hadisələrin proqnozlaşdırılmasını xeyli çətinləşdirir”.
Nihat Tahirov
15:34 02.04.2026
Oxunuş sayı: 52