Professor Deniz Ülke Kaynak: Müharibələrin görünməyən cəbhəsi insanın psixoloji dünyasıdır
Müharibələrin geniş vüsət aldığı müasir dünyada silahlı qarşıdurmalar əksər hallarda hərbi texnologiyalar, geosiyasi hesablamalar və strateji maraqlar prizmasından izah olunur.
Halbuki bu proseslərin ən ağır və uzunmüddətli təsiri insan taleyində, cəmiyyətlərin kollektiv yaddaşında və psixoloji durumunda üzə çıxır. Məhz bu həssas məqamlara diqqət yönəldən Türkiyənin tanınmış siyasətşünaslarından, Üsküdar Universiteti Humanitar Elmlər Fakültəsinin dekanı Prof. Dr. Deniz Ülke Kaynağın mövzu ilə bağlı dəyərləndirməsi xüsusi diqqət çəkir.

“Bəzən müharibələr xəritələr üzərində başlayır, amma əslində insanların yaddaşında, qorxularında, alçaldılma hissində və gələcəyə dair itirilmiş inamında dərinləşir”
Bunu Türkiyənin tanınmış siyasətşünaslarından biri, Üsküdar Universiteti Humanitar Elmlər Fakültəsinin dekanı, siyasətşünas alim Prof. Dr. Deniz Ülke Kaynak Crossmedia.az-a açıqlamasında bildirir.
"Uzun illərdir siyasət psixologiyası sahəsində elmi araşdırmalar aparan, bu istiqamətdə əldə etdiyi nəticələri həm mediada, həm də akademik nəşrlərdə ictimaiyyətlə bölüşən professorun fikrincə, bugünkü regional və qlobal qarşıdurmaları yalnız hərbi güc göstəriciləri, iqtisadi resurslar və klassik geosiyasi rəqabət çərçivəsində dəyərləndirmək artıq yetərli deyil. Çünki müasir münaqişələr eyni zamanda kollektiv travmaların, status itkisi qorxusunun, təhqir hissinin, tarixi incikliklərin və gələcəklə bağlı dərin qeyri-müəyyənliyin siyasi qərar və davranışlara çevrilmiş formasıdır. Bu baxımdan, müharibələrin görünən tərəfi cəbhədə baş versə də, onların əsl ağırlığı cəmiyyətlərin psixoloji dünyasında, kollektiv yaddaşında və təhlükəni qavrama biçimində formalaşır".
Prof. Dr. Deniz Ülke Kaynakın yanaşmasına görə, bu gün beynəlxalq münasibətlər sistemində psixo-politik qat getdikcə daha çox ön plana çıxır:
"Dövlətlər yalnız maddi güclə deyil, həm də keçmişdən daşıdıqları xatirələrlə, cəmiyyətin özünü necə hiss etməsi ilə, təhlükəni necə qavraması ilə və hansı tarixi hekayə içində özünü konumlandırması ilə hərəkət edirlər. Bu baxımdan, qorxu, alçaldılma və ümid sadəcə emosional anlayışlar deyil; onlar artıq siyasi qərarların arxa planını formalaşdıran strateji amillərə çevrilib. Müəyyən hallarda liderlik davranışları da məhz bu zəmində sərtləşir, rasional hesablamanın yerini simvolik güc nümayişi, tarixi kompensasiyalar və kollektiv həssaslıqlara söykənən siyasət alır".
Onun qənaətincə, müharibələrdə nəticəni hər zaman ən böyük ordu və ya ən yüksək texnoloji üstünlük müəyyən etmir:
"Bəzən əsas fərqi yaradan məsələ tərəflərin münaqişəyə hansı mənanı yükləməsi, onu nə dərəcədə varlıq məsələsi kimi görməsi və nə qədər uzunmüddətli dözüm nümayiş etdirməsidir. Bu çərçivədə “güclü tərəf” ilə “sona qədər dayana bilən tərəf”in eyni olmaya biləcəyi ortaya çıxır. Əgər bir tərəf savaşa məhdud siyasi hədəflərlə daxil olursa, digər tərəf onu bir mövcudluq məsələsi kimi yaşayırsa, zaman keçdikcə hərbi üstünlükdən daha çox psixoloji və ictimai davamlılıq önə çıxır. Xüsusilə cəmiyyətin savaşın məqsədini mənimsəmədiyi hallarda iqtisadi, siyasi və mənəvi xərclər ictimai sualları artırır və qərarvericilərin mövqeyini zəiflədir".
Prof. Dr. Deniz Ülke Kaynak hesab edir ki, XXI əsrin ilk dövrü artıq təkcə klassik güc rəqabəti ilə deyil, çoxqatlı böhranlar atmosferi ilə xarakterizə olunur:
"Təhlükəsizlik böhranları, iqtisadi sarsıntılar, pandemiya təcrübəsi, enerji gərginliyi və qlobal nizamın dağılma hissi cəmiyyətlərdə dərin bir qeyri-müəyyənlik yaradıb. Belə bir şəraitdə dövlətlər və toplumlar daha çox müdafiə refleksi ilə davranır, daha sərt kimlik dilinə yönəlir, daha kəskin mənəvi və siyasi çərçivələr axtarırlar. Bu da geosiyasəti sadəcə sərhədlər və ittifaqlar məsələsi olmaqdan çıxarıb, duyğuların, kollektiv reflekslərin və ictimai psixologiyanın təsir etdiyi daha mürəkkəb bir sahəyə çevirir. Bu mənada, yaxın coğrafiyada yaşanan proseslər bir daha göstərir ki, davamlı sabitliyin yolu yalnız hərbi balansdan keçmir. Sülh üçün siyasi məsuliyyət, rasional diplomatiya, cəmiyyətlərin psixoloji həssaslıqlarını nəzərə alan yanaşma və emosional radikallaşmanı dərinləşdirməyən siyasi dil vacibdir. Çünki müharibələrin görünən cəbhəsi sərhədlərdə qurulsa da, onların əsl taleyi çox vaxt insanların yaddaşında, qorxu dünyasında, kollektiv özünüdərkində və gələcəyə dair ümidinin səviyyəsində həll olunur. Məhz buna görə bugünkü geosiyasi gərginliklərə baxarkən yalnız xəritəyə deyil, həm də insanın daxilində formalaşan psixoloji xəritəyə diqqət yetirmək lazımdır".
14:55 02.04.2026
Oxunuş sayı: 75