İlham Əliyev: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir
Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələr prioritet təşkil edir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib.
"Bütövlükdə, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir", - deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu ölkələrlə Azərbaycanın tarixi, mədəni, etnik kökləri gözəl təməl formalaşdırır:
"Bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq".
14:04 02.04.2026
Oxunuş sayı: 37