CROSSMEDIA - Monoetnik dövlət olan Ermənistan... - SƏRT TƏNQİD
Gündəm

Monoetnik dövlət olan Ermənistan... - SƏRT TƏNQİD

Azərbaycan, əsrlər boyu müxtəlif etnik və dini qrupların birgə yaşadığı, sülh və tolerantlığın möhkəm əsaslara söykəndiyi bir ölkədir. Bu gün Azərbaycanın multikulturalizm modeli, regionda və dünyada sülh, harmoniya və birlik anlayışlarının təcəssümü kimi qəbul edilir.

Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a verdiyi açıqlamasında Azərbaycanın bu sahədəki nümunəvi mövqeyindən bəhs edib.

Tural Gəncəliyev qeyd edib ki, Azərbaycanın multikultural və tolerantlıq siyasəti ölkənin tarixi ənənələrindən qaynaqlanır. “Azərbaycan xalqının dövlətçilik tarixi müxtəlifliyin zənginliyindən güc alır. Bizim qurduğumuz böyük imperiyalar və güclü dövlətlər də məhz bu dəyərlərin birləşdirici rolu sayəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini qruplar bir bayraq altında birləşərək vahid Azərbaycançılıq ideyasını dəstəkləyiblər,” - deyə deputat vurğulayıb.

O, Azərbaycanın bu sahədəki uğurlarını dünya miqyasında multikulturalizm dəyərlərinin zəifləməsi ilə müqayisə edib. “Bu gün dünyada, xüsusilə də Avropa İttifaqında multikulturalizm anlayışı ciddi deqradasiyaya uğrayır. İslamofobiya, türkofobiya və hətta azərbaycanofobiya kimi neqativ tendensiyalar getdikcə artır. Radikal partiyalar bu tendensiyalardan istifadə edərək ayrı-seçkilik siyasəti aparır və cəmiyyətlərdə nifaq toxumları səpir,” - deyə o bildirib.

Tural Gəncəliyev Ermənistanın monoetnik dövlət siyasətini də kəskin şəkildə tənqid edib. “Ermənistan, monoetnik bir dövlət olaraq digər etnik və dini qruplara qarşı tamamilə qapalıdır. Onlar müxtəlif icmalarla birgə yaşamaq anlayışına sahib deyillər. Bu fakt Ermənistanın zəif dövlətçilik ənənələrinin bir göstəricisidir və onların regional sülhə töhfə verə bilməməsinin səbəbidir,” - deyə deputat əlavə edib.

Deputat, Azərbaycanın multikultural birliyinin Vətən müharibəsində mühüm rol oynadığını vurğulayıb. “44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşərək işğal altındakı torpaqlarını azad etdi. Düşmən qüvvələri, informasiya müharibəsi çərçivəsində ölkəmizdəki müxtəlif etnik qruplar arasında ixtilaf yaratmağa çalışsa da, buna nail ola bilmədi. Azərbaycan xalqının birliyi və multikultural dəyərləri bir daha öz gücünü göstərdi,” - deyə Tural Gəncəliyev bildirib.

Sonda Tural Gəncəliyev Azərbaycanın multikultural dəyərlərinin dünya üçün nümunə olduğunu qeyd edib: “Azərbaycanın təcrübəsi, sülh və harmoniyanın mümkünlüyünü göstərən ideal bir modeldir. Bu gün dünyanın bir çox regionunda milli və dini zəmində münaqişələr mövcuddur. Azərbaycan modeli bu problemlərin həlli üçün beynəlxalq səviyyədə öyrənilməli və tətbiq edilməlidir.”

Deputatın fikrincə, Azərbaycanın multikultural siyasəti həm tarixi, həm də müasir dövr üçün unikal bir yanaşmadır və bu dəyərlər ölkəmizi dünya xalqları arasında xüsusi mövqeyə yüksəldir.

Maral Şahverdili

07:34 10.12.2024

Oxunuş sayı: 5100

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR