Tramp bu addımı ilə blef edir - AÇIQLAMA
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az saytına açıqlamasında bildirib ki, ABŞ-ın NATO-dan çıxması məsələsi hələ ki real görünmür:
"Donald Tramp ötən dörd il ərzində də maliyyə yükünün çox olması və digər səbəblərdən NATO-dan çıxa biləcəyi ilə bağlı açıqlamalar vermişdi. Fikrimcə Donald Tramp bu addımla blef edir, çünki o, digər üzv dövlətlərdən NATO-ya ayrılan məbləği 3 faizə qədər, yəni ümumdaxili məhsulun 3 faizinə qədər artırmağı təklif edir. Həmin dövlətlər isə bu məsələdə geri addım atırlar. İndi Donald Tramp bu cür açıqlama verməklə bir növ blef edir və o biri dövlətlərin ümumdaxili məhsulunun 3 faizə qədərinin NATO-ya üzvlük haqqı ödənilməsi məsələsini gündəmə gətirmək istəyir. Amma, fikrimcə, Amerika dərin dövlətdir və Trampın NATO-dan çıxmaqla bağlı bu fikrini və açıqlamasını dəstəkləyəcəyini düşünmürəm.
Həmçinin politoloq qeyd edib ki, ikinci bir məsələ isə odur ki, Tramp hakimiyyətə seçilən kimi, hətta Ağ Evə çıxmamış Rusiya-Ukrayna müharibəsini dayandıra biləcəyi ilə bağlı açıqlama vermişdi:
"Amma Trampın hakimiyyətə gəlməsinə artıq bir aya yaxın vaxt qalmasına baxmayaraq, hələ də Rusiya-Ukrayna müharibəsində dəyişiklik yoxdur. Əksinə Amerikanın Ukraynaya yenidən bir milyard dollarlıq yardımın ayrılması ilə bağlı qərar qəbul etdiyini görürük və müharibə getdikcə daha aktiv fazaya keçir. O baxımdan düşünürəm ki, Tramp istəsə belə NATO-dan çıxmaq məsələsi inandırıcı görünmür. Onun NATO-dan çıxması Amerikanın Avrasiya siyasətini zərbə altında qoya bilər, ona görə də bu cür açıqlamalar sadəcə üzv dövlətlərdə üzvlük haqqının artırılmasına hesablanmış bir fikir kimi dəyərləndirilə bilər".
Gülşad İbrahimova
16:29 09.12.2024
Oxunuş sayı: 10455