Suriyada keçid hökumətinin yaradılmasına ehtiyac var
Suriyada iqtidarın devrilməsi və Bəşər Əsəd rejiminin məhvi Suriyanı dünyada gündəmə gətirib. Xalq küçələrə axışaraq yeni rejimi sevinclə qarşılayıb. Bəs ölkədə hakimiyyət dəyişikliyinin olması Suriyanın bundan sonrakı siyasətində hansı rolu oynayacaq? Beynəlxalq güclərin məsələyə münasibəti necə olacaq?
Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlamasında politoloq Natiq Miri bildirib:
"Suriyada Bəşər Əsəd rejimi süqut etdi və uzun illər davam edən bir mərhələ başa çatdı. 2011-ci ildən bəri ölkədə geniş miqyaslı qarşıdurma və vətəndaş müharibəsi yaşandı. Bu müddət ərzində Əsəd rejimi hakimiyyətini qorumaq üçün müxtəlif regional qüvvələrin Suriyaya müdaxiləsinə imkan yaratdı. Bu da ölkəni geosiyasi baxımdan mürəkkəb vəziyyətə saldı. İran və Rusiyadan başqa, ABŞ-ın rəhbərlik etdiyi koalisiya da Suriyaya müdaxilə etdi və bu günə qədər ABŞ Suriyada varlığını davam etdirir. ABŞ PKK terrorçularını dəstəkləməklə yanaşı, Suriyanın neftlə zəngin üçdə bir hissəsini nəzarət altında saxlayır. Bu vəziyyət region üçün potensial təhlükə olaraq qalır.
Hazırda Suriyada keçid hökumətinin yaradılmasına ehtiyac var. Bu hökumət bütün etnik qrupları və müxalif qüvvələri birləşdirərək milli birliyi təmin etməlidir. Belə bir hökumətin legitimliyi isə beynəlxalq siyasi-diplomatik dəstəkdən asılıdır. ABŞ-ın bölgədəki mövcudluğu və PKK terrorçularına dəstəyi isə Türkiyə üçün ciddi təhlükə olaraq qalır. Xüsusilə, Bayden administrasiyasının ABŞ qoşunlarının Suriyadan çıxarılmayacağını bəyan etməsi bu gərginliyi artırır".
Natiq Miri böyük güclərin məsələyə baxış bucağından danışarkən qeyd edib ki:
"Rusiyanın məsələyə yanaşması hələlik qeyri-müəyyən olsa da, görünür, Aralıq dənizindəki Tartus hərbi bazasının toxunulmazlığı qarşılığında müəyyən razılaşmalar əldə olunub. Eyni zamanda, müxalif qüvvələrin artıq Tartus liman şəhərini nəzarət altına alması, lakin Rusiya bazasına müdaxilə etməməsi bu razılaşmanın bir göstəricisidir. Rusiya Ukrayna müharibəsi səbəbilə zəifləsə də, BMT çərçivəsində yeni keçid hökumətinin legitimliyini tanıya bilər.
ABŞ-ın bölgədəki siyasəti isə Tramp administrasiyası ilə dəyişə bilər. Tramp, Suriya məsələsində ABŞ-ın qarışmaması gərəkdiyini və ölkənin öz problemlərini həll etməsinin vacib olduğunu bildirdi. Biden administrasiyası isə məsələyə fərqli baxış bucağından yanaşır. Təbii ki, ABŞ bürokratlarının sonra hansı qərar verəcəyini bilmirik amma hələki yanaşmaları bu cürdür".
Ayhan Ağarzayev
13:04 09.12.2024
Oxunuş sayı: 5662