Ukrayna ərazi bütövlüyünü təmin edəcək- Ekspert əmindir
Ukrayna Prezidenti Volodimir Zelenskinin son bəyanatı beynəlxalq media və diplomatik dairələrdə uzunmüddətli təsirləri ola biləcək bir siyasi müzakirəni gündəmə gətirib. Brüsseldə Avropa Şurasında çıxışı zamanı Zelenski ABŞ-nin Kiyevə uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdiyinə dair yayılan xəbərləri qəti şəkildə təkzib edib. Prezidentin sözlərinə görə, Ukrayna 150–3000 km məsafəni əhatə edən öz istehsalı olan sistemlərdən istifadə etmək imkanına malikdir və ABŞ-dən “Tomahawk” kimi sistemlərlə təmin olunacağına dair iddialar əsassızdır.
Zelenskinin bəyanatı yalnız hərbi-siyasi məzmun daşımır — eyni zamanda münaqişənin beynəlxalq hüquq, müttəfiqlik siyasəti və regional təhlükəsizlik üzərində yaratdığı narahatlıqları da yenidən gündəmə gətirib.
Mövzu barədə hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a bildirib ki, Zelenskinin ABŞ-nin uzaqmənzilli sistemlərə dair xəbərləri təkzib etməsi fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ bu məlumatları açıq şəkildə inkar etmir: “ABŞ Prezidenti Donald Tramp deyir ki, biz Ukraynaya birbaşa raket satmırıq, biz raketləri digər Avropa və NATO ölkələrinə satırıq. Son vaxtlar Ukrayna öz daxili imkanları hesabına raket və dron istehsalını artırıb və artıq Rusiyanın neft emalı zavodlarına, kritik infrastrukturuna xeyli ziyan vurub. Bu proses bu gün də davam edir. Elə bu günün özündə Rusiyanın dronlarının bağlı olması onu deməyə əsas verir ki, Ukrayna artıq müharibəni təkcə öz ərazisində deyil, Rusiya ərazisinə keçirməyi bacarıb”.

Ekspert əlavə edib ki, Azərbaycanın Ukraynaya münasibəti sabit və humanitar yönümlüdür:
“Azərbaycan Ukraynaya dünən də humanitar yardım edib, bu gün də edir və bundan sonra da etməyi planlaşdırır. Azərbaycan hökuməti Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, müharibədən əziyyət çəkən insanlara reabilitasiya sahəsində yardım göstərib. Bu istiqamətdə fəaliyyətin davam edəcəyinə şübhə yoxdur".
O, həmçinin qeyd edib ki, Azərbaycanın mövqeyi dəyişməzdir — müharibə tezliklə başa çatmalı, ədalət bərpa olunmalıdır:
“Azərbaycan prezidentinin Şuşada ukraynalı jurnalistin sualına cavab verərkən dediyi “işğalla heç vaxt barışmayın, mübarizə aparın” ifadəsi bu gün də öz aktuallığını saxlayır. Ukrayna da bunu yaxşı anlayır və nəzərə alır".
ABŞ-nin Kiyevə raket verməsi və ya bu prosesin yubatması məsələsinə toxunan müsahimiz bildirib ki, Vaşinqtonun qeyri-müəyyən siyasəti tərəfləri yorub: “Trampın qeyri-ciddi münasibəti bu cür fikirlərin formalaşmasına səbəb olur. Hesab edirəm ki, Ukrayna ABŞ-nin dəstəyi olsa da, olmasa da, Avropanın köməyi ilə müharibəni davam etdirəcək və sonda öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək".
Mehriban Yariyeva
22:05 24.10.2025
Oxunuş sayı: 1458