Yeni sistem, yeni suallar - incəsənət müəllimlərini nə gözləyir?
Müasir təhsil sistemində keyfiyyətin artırılması, müəllim əməyinin daha obyektiv qiymətləndirilməsi və peşəkar kadrların stimullaşdırılması məsələləri prioritet istiqamətlərdən biri kimi ön plana çıxır.
Xüsusilə, son illərdə tətbiq edilən sertifikasiya mexanizmi bu baxımdan mühüm alətə çevrilib. Bu kontekstdə mədəniyyət sahəsində də oxşar yanaşmanın tətbiqi diqqət çəkir.
Belə ki, Mədəniyyət naziri Adil Kərimli tərəfindən Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə səsləndirilən fikirlər incəsənət müəllimlərinin də gələcəkdə sertifikasiya nəticələrinə uyğun olaraq maddi stimullaşdırılmasının mümkünlüyünü gündəmə gətirir.
Bu isə bir tərəfdən sahədə peşəkarlığın artırılması, digər tərəfdən isə müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilə bilər.
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, Adil Kərimli tərəfindən səsləndirilən bu fikir əslində uzun illərdir müzakirə olunan, amma real nəticəyə çevrilməyən bir problemin nəhayət, sistemli şəkildə həllinə doğru atılan addım kimi görünür.

“Açığı, gecikmiş, amma vacib addımdır. Dünya praktikasına baxsaq, inkişaf etmiş ölkələrdə müəllimin dəyəri sadəcə diplomla yox, bilik, bacarıq və peşəkarlıqla ölçülür. Sertifikasiya mexanizmi də məhz bunun üçündür – kim həqiqətən bu peşənin yükünü daşıya bilir, kim isə sadəcə “ad üçün müəllimdir”, bunu ayırd etmək üçün.
Əgər bu proses şəffaf və ədalətli qurularsa, maaş artımı ilə əlaqələndirilməsi tam məntiqlidir. Çünki keyfiyyət varsa, qarşılığı da olmalıdır.
Amma məsələ təkcə imtahan keçirmək deyil. Əsas sual budur: bu sertifikasiya doğrudanmı peşəkarlığı ölçəcək, yoxsa yenə formal bir prosedura çevriləcək?
Əgər bu sistem sadəcə kağız üzərində qalacaqsa, o zaman müəllimə əlavə stressdən başqa heç nə verməyəcək. Amma əgər həqiqətən obyektiv meyarlarla işləsə – onda bu, incəsənət təhsilində keyfiyyət sıçrayışı yarada bilər".
Deputat bildirib ki, incəsənət müəlliminin sıradan bir ixtisas olmadığını – o, zövq formalaşdırır, düşüncə yaradır, cəmiyyətin estetik səviyyəsini müəyyən etdiyini unutmayaq:
"Belə bir sahədə çalışan insanın həm qiymətləndirilməsi, həm də maddi stimullaşdırılması son dərəcə vacibdir.
Qısası, ideya doğrudur, istiqamət düzgündür. Amma hər şey icradan asılıdır. Əgər bu qərar doğrudan da, ədalətli tətbiq olunarsa, bu, təkcə maaş artımı yox, müəllim peşəsinin nüfuzunun bərpası demək olacaq. Əks halda isə növbəti “islahat görüntüsü” kimi yadda qalacaq".
Təhsil eksperti Elçin Süleymanov bildirib ki, sertifikasiya və attestasiya imtahanları Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta məktəblərdə çalışan müəllimlərin əməkhaqqına birbaşa təsir göstərib.
“Belə ki, müəllimlərin topladıqları bala uyğun olaraq onların maaşlarında 10 faizdən 30 faizə qədər artım müşahidə olunur.

İncəsənət müəllimlərinin maaşlarına da, ehtimal ki, bu mexanizmin tətbiqi nəzərdə tutulacaq. Çünki sertifikasiya və attestasiya prosesinin əsas məqsədi müəllimlər arasında müsbət mənada rəqabət mühitinin formalaşdırılmasıdır. Eyni zamanda, bu mexanizm daha səriştəli və peşəkar müəllimlərin fərqləndirilməsi və onların həvəsləndirilməsi funksiyasını da yerinə yetirir".
Ekspert qeyd edib ki, bu proses incəsənət sahəsini də əhatə edəcək:
"Çünki hər hansı bir sahədə uğurla tətbiq olunan müsbət təcrübənin digər sahələrdə də tətbiqi təbii və gözləniləndir.
Qeyd etdiyim kimi, bu yanaşma artıq uzun müddətdir ki, orta təhsil sistemində tətbiq olunur və onun müsbət nəticələri də müşahidə edilməkdədir.
Ümid edirəm ki, incəsənət məktəblərində də bu proses eyni şəkildə tətbiq ediləcək və nəticə etibarilə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir".
Ayhan
11:30 24.03.2026
Oxunuş sayı: 61