İddia: Təhsil ekspertləri valideynlərin şikayətləri əsasında mövqe bildirirlər
Son dövrlərdə buraxılış imtahanlarının məzmunu ilə bağlı aparılan müzakirələrdə təhsil üzrə ekspertlər mühüm bir məsələyə xüsusi diqqət yönəldirlər: imtahanlarda təqdim olunan mətnlərin həcmi. Onların fikrincə, uzun və mürəkkəb mətnlər şagirdlərin əsas bilik və bacarıqlarını ölçməkdən daha çox, vaxt çatışmazlığı və yorğunluq kimi amillərlə nəticələnir. Bu isə qiymətləndirmənin obyektivliyinə müəyyən mənada təsir göstərə bilər.
Məhz bu səbəbdən ekspertlər təklif edirlər ki, imtahanlarda istifadə olunan mətnlərin həcmi daha optimal səviyyəyə endirilsin və şagirdlərin diqqəti əsas məzmunun qavranılmasına yönəldilsin. Daha yığcam və məqsədyönlü mətnlər həm vaxtın səmərəli idarə olunmasına şərait yaradar, həm də abituriyentlərin real bilik səviyyəsinin daha dəqiq qiymətləndirilməsinə imkan verər.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Adil Vəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Belə hesab edirəm ki, adətən təhsil ekspertləri auditoriyaların və valideynlərin şikayətləri əsasında mövqe bildirirlər. Diqqət yetirdikdə isə görürük ki, ən çox şikayət edən auditoriya, əsasən, aşağı bal toplayan iştirakçılardır. Bu baxımdan, birinci buraxılış imtahanında daha çox şikayətlərin olması, ikinci buraxılış imtahanı ilə müqayisədə, təsadüfi deyil.

Hesab edirəm ki, həm birinci, həm də ikinci buraxılış imtahanlarında təqdim olunan sualların səviyyəsi, demək olar ki, eyni olmuşdur. Sadəcə olaraq, ikinci buraxılış imtahanında iştirak edənlər aradakı zaman intervalında daha yaxşı hazırlaşmış və nəticə etibarilə daha az narazılıq müşahidə olunmuşdur.
Mətnlərin həcmi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu, auditoriyanın istəyi əsasında müəyyənləşdirilmir. Dövlət İmtahan Mərkəzi imtahan materiallarını hazırlayarkən bütün iştirakçıların ümumi səviyyəsini nəzərə alır və suallar geniş sual bankından, müəyyən edilmiş meyarlar əsasında seçilir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, mətnlərin həcmi ilə bağlı yanaşma birmənalı deyil. Əgər mətnlər daha qısa təqdim olunsa, bu zaman onların səthi və ya yetərincə aydın olmaması ilə bağlı şikayətlər yarana bilər. Əksinə, mətnlər daha geniş olduqda isə onların həddindən artıq uzun və çətin qavranılan olması iddia edilə bilər. Bu baxımdan, hər iki halda narazılıq ehtimalı mövcuddur".
Müsahibimiz xatırladıb ki, Dövlət İmtahan Mərkəzi uzun illərdir qəbul və buraxılış imtahanlarını təşkil edir və bu sahədə ciddi təcrübəyə malikdir: "İmtahan sualları peşəkar ekspert qrupu tərəfindən hazırlanır və yüzlərlə sual arasından iştirakçıların ümumi səviyyəsinə uyğun olanlar seçilir. Nəticələr elan olunduqdan sonra isə adətən hər il müşahidə etdiyimiz və artıq müəyyən mənada təkrarlanan şikayətlərin yenidən gündəmə gəldiyini görürük.
Əslində isə həmin iştirakçılar əvvəlki illərdə – 9-cu, 10-cu və 11-ci siniflərdə müxtəlif sınaq imtahanlarında qarşılaşdıqları çətinlikləri yenidən qabardırlar. Bu kontekstdə Məleykə Abbaszadə tərəfindən də vurğulanan mühüm bir məqam diqqətəlayiqdir: adətən şagirdlərin 9-cu sinifdə göstərdikləri nəticələr 11-ci sinifdə də təxminən eyni səviyyədə qalır.
Bu isə onu göstərir ki, nəticələr daha çox uzunmüddətli hazırlıq səviyyəsinin göstəricisidir və ani faktorlarla izah olunması hər zaman doğru yanaşma deyil".
Elmir Heydərli
11:28 23.03.2026
Oxunuş sayı: 54