Novruz festivalında istedadlı uşaqların sərgi və yarmarka nümayiş etdirilib
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz festivalı” çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə sosial dəstək” İctimai Birliyinin istedadlı uşaqlarının əl işləri və rəsm əsərlərindən ibarət sərgi və yarmarka nümayiş etdirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri və “Şəms” uşaq xoru konsert proqramı ilə çıxış edib, həmçinin “Sədəf” Xalq Çalğı Alətləri ansamblının solo konserti olub.
Ansamblın bədii rəhbəri Qönçə Mehdiyeva çıxışında tədbirin əhəmiyyətindən danışaraq, uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsinin, onların istedadlarının üzə çıxarılmasının və sosial dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb. O, belə tədbirlərin uşaqların özünəinamının artmasına və gələcək uğurlarına töhfə verdiyini də qeyd edib.
Festival çərçivəsində təşkil olunan istedadlı uşaqların əl işləri və rəsm əsərlərindən ibarət sərgi və yarmarka onlara yaradıcılıq potensiallarını nümayiş etdirmək və bacarıqlarını geniş ictimaiyyətə çatdırmaq imkanı yaradıb.
Sonda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə bildirib ki, filarmoniyanın əsas prioritetlərindən biri xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək, onların cəmiyyətə inteqrasiyasına və yaradıcılıq potensiallarının üzə çıxmasına töhfə verməkdir. O qeyd edib ki, uşaqlara göstərilən diqqət və qayğı onların həyatına işıq, gələcəyinə isə ümid gətirir. Hər bir uşaq sevgi və dəstək sayəsində öz istedadını nümayiş etdirə bilər.
23:19 20.03.2026
Oxunuş sayı: 42