Əlcəzair telekanalında Azərbaycan mətbəxi təqdim olunub
Əlcəzairdə yaşayan diaspor fəalı Xumar Nəbiyeva bu ölkənin kulinariya telekanallarından biri olan Samira TV ilə əməkdaşlıq çərçivəsində Azərbaycan mətbəxini tanıdan layihədə iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Kanalın rəsmi “Instagram” səhifəsində yayımlanan təqdimat videosunda soydaşımız fəaliyyəti barədə məlumat verib, mətbəximizin özünəməxsus xüsusiyyətlərindən danışıb. Azərbaycanla Əlcəzair mətbəxinin bəzi oxşar yeməklərinə diqqət çəkib.
Kanalın kulinariya proqramında isə Xumar Nəbiyeva qızı Şəms Nəbiyeva ilə birgə milli mətbəximizin ləziz şirniyyatlarından olan şəkərburanın hazırlanma qaydasını tamaşaçılara təqdim edib.
Qeyd edək ki, artıq 20 ilə yaxındır Əlcəzairdə yaşayan Xumar Nəbiyevanın bu fəaliyyəti Azərbaycan mətbəxinin və milli mədəniyyətinin xarici ölkələrdə tanıdılmasına, həmçinin xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.
18:10 17.03.2026
Oxunuş sayı: 41