Bu gün İran Xarici İşlər Nazirliyi sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Tehran region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəf alacağı barədə öncədən xəbərdarlıq edib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Bəqayinin sözlərinə görə, İran aylar əvvəl region ölkələrinə müraciət edərək öz ərazilərinin ABŞ-yə qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməmələrini xahiş edib.
O əlavə edib ki, son 16–17 gün ərzində ABŞ-nin region ölkələrindəki hərbi bazaları, obyektləri və digər hərbi infrastrukturu İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi məqsədilə istifadə olunub.
Bəqayi vurğulayıb ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur və qonşu dövlətlərlə münasibətlərin gərginləşməsini istəmir. Onun sözlərinə görə, İranın hədəf aldığı obyektlər yalnız ABŞ-yə məxsus hərbi bazalar və infrastrukturdur və bu addımlar region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilməməlidir.