İmtahan: Hər şeyin sonu, yoxsa həyatın başlanğıcı?
Buraxılış və qəbul imtahanları şagirdlərin həyatında mühüm mərhələlərdən biridir və onların nəticələri həm gəncin akademik gələcəyinə, həm də psixoloji durumuna təsir göstərir. Təəssüf ki, cəmiyyətdə bəzən bu nəticələr gəncin dəyəri ilə eyniləşdirilir və valideynlər övladlarına təzyiq göstərərək əlavə stress yaradır. Ekspertlər, o cümlədən psixoloqlar vurğulayır ki, imtahan nəticəsi yalnız bir göstəricidir və gəncin potensialını tam əks etdirmir. Həm valideynlərin dəstəyi, həm məktəbin, həm də cəmiyyətin balanslı yanaşması gəncin emosional sağlamlığının qorunmasında və akademik performansının artırılmasında əsas rol oynayır. Eyni zamanda, abituriyentlərin fərdi imkanları, maraqları və gələcək planları nəzərə alınmalı, onları yalnız ali təhsil almağa yönləndirmək əvəzinə, peşə təhsili və müxtəlif bacarıq sahələrinə həvəsləndirmək vacibdir. Bu yanaşma gənclərin özünəinamını gücləndirir, stresini azaldır və onların həyat yolunda daha sağlam seçimlər etməsinə imkan yaradır. Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər.

Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, abituriyentlər bəzən zonalara görə sualların çətin və ya asan olduğunu bildirirlər və bu Dövlət İmtahan Mərkəzinin tənzimləməli olduğu mövzudur: "Bildiyiniz kimi, hər il müxtəlif vaxtlarda buraxılış imtahanları keçirilir. Bəzi abituriyentlər buraxılış imtahanlarının asan, bəzilər çətin olduğunu deyirlər. Dövlət İmtahan Mərkəzi bu məsələnin də yaxın gələcəkdə, yəqin ki, tənzimlənməsinə çalışar. Çünki, həqiqətən də, müxtəlif tarixlərdə keçirilən imtahanlar istər-istəməz birinə çətin, birinə asan gələcək."
Ekspert bildirib ki, imtahanda lazım olan səviyyədə yaza bilməyən şəxs istər-istəməz bununla bağlı müəyyən narahatlığını ifadə edəcək, özünü müdafiə xarakterli fikirlər səsləndirəcəklər: "Amma Dövlət İmtahan Mərkəzi, müxtəlif tarixlərdə buraxılış imtahanını keçirmək məcburiyyətində qalır. Bəs niyə belə bir məcburiyyət var? Çünki abituriyentlərin sayı kifayət qədər çoxdur. Hər il təxminən 100 min nəfər olur. Bunun da keçirilməsi müəyyən qədər vaxt tələb edir. Eləcə də kifayət qədər nəzarətçinin olması və imtahanın təşkilatçılığı məsələsində məsuliyyət tələb olunduğuna görə Dövlət İmtahan Mərkəzi eyni anda 100 min nəfərin imtahanını keçirməkdə çətinlik çəkir."
Ekspert onu da qeyd edib ki, imtahan zonalarının əvvəllər 3 hissəyə, indi isə 2 hissəyə bölünərək həyata keçirilməsi bu problemin həlli yolunda atılmış addımdır: "Yaxın gələcəkdə bu imtahan vahid formada - bir gündə keçirilə bilər. Amma hazırda vəziyyətin məcburiyyətdən irəli gəldiyini qeyd edə bilərəm. İki fərqli tarixdə keçirilsə də, buraxılış imtahanının ümumi məzmunu, demək olar ki, hər iki tarixdə aşağı-yuxarı eynidir. Yəni burada çox ciddi bir narahatlığa əsas yoxdur. Qaldı sualların ümumi olaraq çətin və ya asan olması məsələsinə – bəli, bu buraxılış imtahanı, həqiqətən də, çətin keçirildi. Suallar çox mürəkkəb düşmüşdü. Mən burada xüsusilə də Dövlət İmtahan Mərkəzinin marker müəllimlərini, daha doğrusu, sualları hazırlayan ekspert müəllimləri tənqid edirəm. Çünki buraxılış imtahanı sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanı deyil. Buraxılış imtahanı orta ümumi təhsil məktəbinin 11-ci sinfində oxuyan şagirdlərin attestasiyasıdır. Attestasiya alması üçün keçirilən bir imtahandır. Bu imtahanın nəticələri kolleclərə qəbul prosesində də istifadə olunur. Yəni bəzi şagirdlər universitetə yox, məhz kolleclərə qəbul olmaq üçün bu imtahanı verir. Bəzi abituriyentlər isə bu imtahanın nəticəsi ilə 5-ci ixtisas qrupuna müraciət edirlər".
Təhsil eksperti rəsm, musiqi, idman və ya aktyorluq sahəsi üzrə illərlə hazırlaşan və yaxud bu sahədə müəyyən bacarığı olan abituriyentlərin olduğunu, onların, bəlkə də, musiqi məktəbində oxuyub, musiqi hazırlığına gedib, aktyorluqla bağlı illərlə məşğul olub və ya aşağı yaşlarından idmanla məşğul olduğunu vurğulayaraq bu imtahanın çətin olmasını maneə olaraq qiymətləndirib:" Nümunə olaraq deyim ki, onların arzusu idman akademiyasında, İncəsənət universitetində oxumaqdır. Amma buraxılış imtahanı onların qarşısına bir maneə kimi çıxır. Əgər bu imtahandan kifayət qədər bal toplaya bilməsələr, arzuladıqları sahəyə daxil ola bilmirlər. Ona görə də hesab edirəm ki, bu məsələdə Dövlət İmtahan Mərkəzi bütün şagirdləri nəzərə alaraq buraxılış imtahanlarını müəyyən qədər asanlaşdırmalıdır."
Mütəxəssis riyaziyyat fənninin çətinliyinə də aydınlıq gətirib. O, 2-ci ixtisas qrupunda iqtisadiyyat və maliyyə ixtisaslarına müraciət edən abituriyentin riyaziyyatı ilə 5-ci qrupda musiqiyə müraciət edən abituriyentin riyaziyyatı eyni olmamalı olduğunu bildirib: "Yəni bu, müəyyən qədər fərqləndirilməlidir. Əgər 5-ci qrup üçün riyaziyyat suallarını 2-ci qrupun səviyyəsində hazırlayarsansa, bu, doğru yanaşma olmaz. Və yaxud imtahanın ümumi çətinlik dərəcəsini buna uyğunlaşdırmasan, bu da düzgün yanaşma sayılmaz.
Ona görə də düşünürəm ki, buraxılış imtahanı ümumi olaraq sadələşdirilməlidir. Blok imtahanı isə fərqlidir. Məsələn, 2-ci qrup üçün riyaziyyat daha çətin ola bilər, 3-cü qrupda Azərbaycan dili və tarix daha çətin ola bilər və s.
Amma buraxılış imtahanı ümumi olaraq sadələşdirilməlidir. Birincisi, buraxılış imtahanı orta məktəbi bitirmək üçün lazımdır. İkincisi, kolleclərə qəbul zamanı bu imtahanın nəticələrindən istifadə olunur. Üçüncüsü isə 5-ci ixtisas qrupunda – musiqi, idman, rəsm, dizayn və s. sahələrə müraciət edən abituriyentlər üçün də bu imtahan vacibdir. Məhz bu ümumi məqamlar nəzərə alınaraq buraxılış imtahanı təşkil olunmalıdır. Son iki ildə buraxılış imtahanlarının səviyyəsi ictimaiyyət tərəfindən müsbət qarşılanırdı. Amma bu il belə bir vəziyyətin yaranması əlbəttə ki, arzu olunan hal deyil. Məhz buna görə də Dövlət İmtahan Mərkəzinin, xüsusilə də sualları hazırlayan ekspert müəllimlərin bu məsələdə ciddi məsuliyyəti var. Hesab edirəm ki, növbəti illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək. Yəni ən azından bu çətinliyi nəzərə alaraq buraxılış imtahanının suallarını həddindən artıq çətin etməməyə çalışacaqlar".
Onun fikrincə, sualların asan və yaxud da çətin olması, zonalara bölünməsi məsələsində şagirdin bilik səviyyəsi ilə bağlıdır: "Burada şagirdə görə vəziyyət dəyişir. Bəzi şagirdlərin bilik səviyyəsi ilə bağlı olaraq bəzi regionlarda bəzi suallar bəzi şagirdlərə asan gələ bilər, bəzi suallar isə bəzi şagirdlərə çətin gələ bilər. Amma Dövlət İmtahan Mərkəzi ümumi olaraq hər bir zonanı eyni formada keçirməyə çalışır. Yəni eyni formada suallar tətbiq etməyə çalışır. Amma nə qədər buna çalışsalar da, istər-istəməz bir zonanın suallarının ümumi olaraq çətin, digər zonanın isə asan olması mümkün ola bilər. Yəni bu, normal bir haldır. Çünki iki fərqli tarixdə əgər siz buraxılış imtahanı keçirirsinizsə, belə deyək də, anormallıqdan qaçmaq mümkün deyil. Ona görə də mütləqdir ki, belə narahatlıqlar formalaşacaq. Bir zona digər zonaya nisbətdə asan və yaxud da çətin olacaq. Ona görə də tövsiyə olunan odur ki, buraxılış imtahanlarının ümumi olaraq eyni tarixdə keçirilməsi təmin edilsin".

Təhsil eksperti Rizvan Fikrətoğlu da mövzuya münasibətini bildirib.
O, bu məsələdə yalnız abituriyentlərin fikirlərinə köklənməyin düzgün olmadığını, dəqiq statistikaya əsaslanmalı olduğumuzu bildirib: "Statistika çıxarılmalıdır: hansı zona üzrə nəticələr necə oldu, hansı formada oldu. Bununla bağlı konkret statistik təhlillər yoxdur. Abituriyentlərin fikirlərinə əsaslanaraq nəticə çıxarmaq da düzgün deyil. Burada konkret olaraq bir istiqamət olmalıdır. Amma ümumi götürsək, şəxsən mən imtahanların zonalar üzrə keçirilməsinin əleyhinəyəm. Çünki imtahan vahid formada olmalıdır və hamıya bərabər imkanlar verilməlidir. Yəni zonalar üzrə imtahan verilməsinin o qədər də tərəfdarı deyiləm".

Elm və təhsil eksperti, sosioloq Rəvan Əliyev abituriyentlərin yalnız imtahan nəticələri ilə qiymətləndirilməsinin tamamilə yanlış bir yanaşma olduğunu qeyd edib: "Bir sosioloq, həm də təhsil mütəxəssisi kimi hesab edirəm ki, imtahan nəticələri gəncin taleyini tam müəyyən edən yeganə meyar kimi təqdim olunmamalıdır. Təəssüf ki, cəmiyyətimizdə bəzən bir imtahanın nəticəsi gəncin dəyəri ilə eyniləşdirilir. Halbuki imtahan sadəcə müəyyən bir gündə, müəyyən bir şəraitdə göstərilən nəticədir. İnsan potensialı isə bundan qat-qat genişdir. Bir çox abituriyent yaxşı nəticə əldə etmədikdə özünü tənha hiss edir. Bunun əsas səbəbi isə sosial müqayisələrdir. Ona görə də cəmiyyət olaraq gənclərə təzyiq yox, dəstək verməliyik. Valideynlər də başa düşməlidir ki, övladın psixoloji sağlamlığı hər hansı baldan daha qiymətlidir. Uğur təkcə yüksək bal toplamaq deyil, insanın özünü tapması və cəmiyyətə faydalı şəxs kimi formalaşmasıdır."
Sosioloq bu problemin əsas çıxış yolunun cəmiyyətdə imtahana münasibətin dəyişməsinin olduğunu vurğulayıb: "İmtahan gəncin həyatında mühüm mərhələ olmasına baxmayaraq həyatın sonu deyil. Buna görə həm ailə, həm məktəb, həm də cəmiyyət gənclərə daha sağlam psixoloji mühit yaratmalıdır. Birinci növbədə valideynlər övladlarını başqaları ilə müqayisə etməməlidir. Hər gəncin qabiliyyəti və inkişaf yolu fərqlidir. İkinci məsələ gənclərə alternativ yolların olduğunu göstərmək xüsusilə vacibdur. Universitetə qəbul olmaq yeganə uğur yolu deyil. Peşə təhsili, müxtəlif bacarıqların öyrənilməsi, yeni ixtisas sahələri də insanı uğura aparan yollar ola bilər".

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı da öz fikirlərini bölüşüb.
O, dünyanın bütün dövrlərində, bütün ölkələrdə imtahan prosesinin belə olduğunu, heç də hamının imtahandan yüksək nəticə ilə çıxmadığını, müxtəlif nəticələrin əldə edildiyini və burada heç bir problemin olmadığını bildirib: "Belə bir öhdəlik yoxdur ki, mütləq hamı imtahandan yüksək bal toplamalıdır. Belə bir məcburiyyət də yoxdur. Hətta inkişaf etmiş ölkələrdə belə abituriyentlərin yalnız 6–7%-i yaxşı nəticə göstərə bilir. Bu normal haldır. Hər kəs mütləq şəkildə ali məktəbə qəbul olmalı deyil, ali təhsil almalı deyil. Ümumiyyətlə, bu bir cəfəngiyyatdır. Çünki ali təhsil müəssisələri çox vaxt lazımsız olur. Məzun olanların maksimum 5–6%-i, bəlkə dəŞ, maksimum 10%-i əmək bazarında işləyə bilir, öz yerini tapır və onlara ehtiyac olur. 90%-i isə sadəcə itirilmiş illər və əlinə verilmiş bir kağız parçası – diplom olur. Bir çox abituriyent isə hazırlıqlara gedərək, testləri əzbərləməklə nəyə nail olmaq istəyir. Bu, bilik bazası deyil, müvəqqəti əzbərçilikdir. Sonra isə hamısı unudulur. Bu artıq intellektual olmaq deyil, bu, ixtisaslı olmaq deyil. Hətta universitetdə belə bu cür tələbələr oxuya bilmir".
E.Bayramlı dünyanın bir çox ölkələrində universitetlərə girmək çox asan, amma oxumağın çox çətin olduğunu, qəbul olunanların heç yarısı universiteti bitirə bilmədiyini bildirib: "Çünki bunun üçün intellektual baza olmalıdır, həvəs olmalıdır, zəhmət olmalıdır. Hamı ali təhsil ala bilməz. Sadəcə dəb xatirinə, status xatirinə ali təhsil almaq düzgün deyil. Normal ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə abituriyentlərin və şagirdlərin çox böyük əksəriyyəti peşə təhsilinə gedir, peşə kurslarına gedir.
Cəmi 26%-i ali təhsil müəssisələrinə gedir. Çünki dünyada peşələr daha çox gəlirlidir, daha sabitdir, daha çox ehtiyac var və daha hörmətlidir. Bizdə isə peşədən hamı qaçır, hamı istəyir ki, ofisdə otursun, vaxt keçirsin və maaş alsın. Belə məsələ artıq yoxdur və olmayacaq. Ona görə də bizim uşaqlar haqlı şəkildə istiqamətləndirilməlidir. Mütləq deyil ki, hamı yüksək nəticələr əldə etsin. Müəyyən bir orta səviyyəyə yaxın bilik əldə olunubsa, bu kifayətdir. Sonra orta ixtisas məktəblərinə, peşə liseylərinə gedə, özlərinə biznes qura və müxtəlif sahələrdə fəaliyyət göstərə bilərlər. Yəni bu, belədir. Hamı abituriyent olub imtahan verib tələbə olmalı deyil. Və buna ehtiyac da yoxdur. Bu, çox vaxt itirilmiş vaxt, itirilmiş zəhmət, itirilmiş xərclər və itirilmiş əsəblər deməkdir. Valideynlər bunu uşaqlara başa salmalıdır. Amma əksinə, bəzən valideynlər uşaqları məhv etməyə çalışırlar. Qarşılarına şərt qoyurlar ki, bu qədər xərc çəkmişəm, səni hazırlığa qoymuşam, mütləq yüksək bal toplamalısan. Nəticədə bəzi uşaqlar depressiyaya düşür, hətta bəzi hallarda intihar edirlər. Bu, çox ağır bir problemdir və buna son qoyulmalıdır. Belə təklif edirəm ki, normalda ali məktəblərdə qəbul yerləri ən azı 10 dəfə azaldılmalıdır. Çünki bu sistem çox vaxt mənasızdır. Əmək bazarında onların hazırladığı tələbələrin 10%-inə belə ehtiyac olmur. Sadəcə diplom verilir və məzun olurlar."
Ekspert sözügedən tələbələrin çoxunun isə nə xüsusi bacarığının nə savadı, nə də xüsusi qabiliyyəti olduğunu bildirərək, onlar dünya ilə, yeni peşələrlə uyğunlaşa bilmədiklərini qeyd edib: "Ona görə də abituriyentlərə belə yanaşmaq düzgün deyil ki, mütləq hamısı yüksək bal toplamalıdır. Heç toplamalı da deyil. Maksimum 10–15%-i yaxşı nəticə toplaya bilər. Qalanları isə gedib özlərinə peşə tapmalıdır, biznes qurmalıdır. Bu, bütün dünyada, inkişaf etmiş ölkələrdə belədir."
Sosioloq ölkəmizdə olan bu problemi ciddi bir xəstəlik adlandırıb və "müalicənin" zəruri olduğunu əlavə edib: "Bunun üçün dövlət bu istiqamətdə addımlar atmalıdır. Əhaliyə başa salmalıdır ki, uşaqları məcbur etməsinlər ki, mütləq ali təhsil alsınlar. Onları peşələrə yönləndirsinlər. Buna görə də peşə məktəbləri gücləndirilməlidir, onların statusu artırılmalıdır. Bütün ustalar və mütəxəssislər üçün peşə sertifikatı tələb olunmalıdır. Peşə məktəbinin diplomu tələb olunmalıdır. Bu halda ali məktəbi bitirmiş yüz minlərlə, hətta milyonlarla insan məcbur olacaq ki, yenidən gedib peşə kursu keçsin və normal işləsin. Çünki əmək bazarında bu qədər ali təhsilli insana ehtiyac yoxdur. Ümumiyyətlə, dünya ekspertlərinin hesablamalarına görə ölkələrdə əhalinin maksimum 5–6%-nin ali təhsilli mütəxəssis olmasına ehtiyac olur. Maksimum 5%. Mən deyirəm, qoy 10% olsun. Qalan 90%-i isə tamamilə itirilmiş gənclərə çevrilir. Yanaşma belə olmalıdır".

Psixoloq Zeynəb Eyyubova Respublikamızda hər il keçirilən buraxılış və qəbul imtahanları şagirdlərin həyatında mühüm mərhələlərdən biri olduğunu, bu imtahanlar yalnız biliklərin yoxlanılması deyil, həm də gənclər üçün ciddi emosional və psixoloji gərginlik yaradan bir proses olduğunu vurğulayıb: "Təəssüf ki, bəzi hallarda valideynlər övladlarının nəticəsi gözlədikləri kimi olmadıqda onlara təzyiq göstərir, digər həmyaşıdları ilə müqayisə edir və bu da uşağın psixoloji vəziyyətinə mənfi təsir edir. Unutmamalıyıq ki, hər bir şagird fərdidir və onların imkanları, maraqları və inkişaf tempi bir-birindən fərqlidir. Müqayisə və təzyiq isə motivasiya yaratmaq əvəzinə, əksinə, gənclərdə özgüvən azalmasına, stressə və özünə qapanmaya səbəb ola bilər. Bu dövrdə gənclər valideyn dəstəyinə, anlayışa və emosional təhlükəsizlik hissinə daha çox ehtiyac duyurlar. Valideynlərə tövsiyəm odur ki, imtahan nəticəsini övladın dəyəri ilə eyniləşdirməsinlər. Uğur yalnız bir imtahanın nəticəsi ilə ölçülmür. Əsas məsələ gəncin potensialını düzgün istiqamətdə inkişaf etdirmək və ona inam hissi aşılamaqdır. Eyni zamanda abituriyentlərə də demək istəyirəm ki, bir imtahan nəticəsi həyatın sonu deyil. Hər bir insanın öz yolu və uğur hekayəsi var. Əsas olan özünü tanımaq, səylə çalışmaq və çətinliklər qarşısında ruhdan düşməməkdir."
Psixoloq cəmiyyət olaraq gənclərimizə təzyiq yox, dəstək verməli olduğumuzu, sağlam psixologiya üzərində qurulan uğur daha davamlı və mənalı olduğunu əlavə edib.

Uzman psixoloq-psixoterapevt Səbinə Bayramova da fikirlərini bildirərək, valideynlərin imtahan nəticələrinə görə övladlarına təzyiq göstərməsinin onların psixoloji sağlamlığına ciddi zərər vurduğunu açıqlayıb: "Elmi araşdırmalar sübut edir ki, müqayisə və yüksək gözləntilər uşaqlarda özünəinamı azaldır, depressiv əhval-ruhiyyə yaradır və nəticədə akademik performansı da zəifləyir. Sağlam yanaşma - dəstək, motivasiya və emosional sabitlik yaratmaqdır. Azərbaycan kontekstində imtahan nəticələri çox vaxt uşağın dəyərinin göstəricisi kimi qəbul olunur. Halbuki bu yanaşma yanlış və zərərlidir. Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar göstərir ki, valideynlərin dəstəkləyici münasibəti uşağın özünəinamını artırır, stresi azaldır və nəticədə daha sağlam psixoloji mühit formalaşdırır. Məsələn, Yaponiya və Cənubi Koreyada imtahan nəticələri ailə və cəmiyyət tərəfindən çox ciddi qəbul olunur, bu isə gənclərdə yüksək stress və hətta intihar hallarına qədər aparan psixoloji gərginlik yaradır. Finlandiyada isə tam əksinə, imtahanlara balanslı yanaşılır, valideynlər övladlarını nəticəyə görə deyil, öyrənmə prosesinə görə motivasiya edirlər. Bu, uşaqlarda daha sağlam özünəinam formalaşdırır və stresi minimuma endirir."
Uzman psixoloq akademik mənbələri əsas gətirərək qeyd edib ki, Almaniyada valideynlərin rolu daha çox motivasiya və emosional sabitlik yaratmaq üzərində qurulduğunu, müqayisə və təzyiq isə psixoloji rifahı zəiflədən amillər kimi qiymətləndirilir.
O, Almaniyada təhsil sistemi şagirdlərin psixoloji rifahını qorumağa xüsusi diqqət yetirdiyini əlavə edib: "DAAD (Alman Akademik Mübadilə Xidməti) tərəfindən hazırlanan valideynlər üçün bələdçi materiallarda vurğulanır ki, valideynlərin övladlarına verdiyi dəstək yalnız akademik nəticələr üzərində qurulmamalı, əsas məqsəd uşağın müstəqil düşünmə və özünəinam bacarıqlarını gücləndirməkdir. Bu yanaşma uzunmüddətli psixoloji sağlamlıq və akademik uğur üçün daha effektivdir. Valideynlər övladlarını digər həmyaşıdları ilə müqayisə etməməli, nəticədən çox səylərini qiymətləndirməli və “biz sənin yanındayıq” mesajını verməlidirlər. Şagirdlər isə özünüqiymətləndirməni yalnız nəticəyə bağlamamalı, stresi azaltmaq üçün idman, meditasiya və düzgün yuxu rejimindən istifadə etməlidirlər. Cəmiyyət isə imtahan nəticələrini insanın dəyərinin yeganə göstəricisi kimi qəbul etməməli, məktəblərdə psixoloji dəstək xidmətlərini gücləndirməlidir. Bu dövrdə abituriyent üçün fərdi psixoloji dəstək almaq xüsusilə faydalıdır, çünki peşəkar psixoloq onun stresslə mübarizə bacarıqlarını gücləndirməsinə, özünəinamını artırmasına və imtahan prosesinə daha sağlam yanaşmasına dəstək göstərir."
Psixoloq eyni zamanda valideynlər üçün də psixoloji konsultasiya vacib olduğunu vurğulayıb: "Bu, onların övladlarına necə düzgün dəstək ola biləcəklərini öyrənməyə, təzyiq əvəzinə motivasiya verməyə və ailə daxilində daha sağlam emosional mühit yaratmağa imkan verir. Bəzən valideynlər özləri konsultasiya almaq əvəzinə sadəcə abituriyenti yönləndirməklə məsuliyyətdən yayınmağa çalışırlar, lakin bu yanaşma yetərli deyil. Çünki uşağın psixoloji rifahı birbaşa ailə mühitindən asılıdır və valideynin davranışları övladın emosional sabitliyinə təsir göstərir. Beləliklə, həm şagird, həm də valideyn peşəkar dəstək vasitəsilə imtahan dövrünü daha balanslı və psixoloji cəhətdən təhlükəsiz şəkildə keçirə bilərlər".
Turqut Ansari
13:16 16.03.2026
Oxunuş sayı: 1054