Aktauda Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlığına həsr olunan beynəlxalq elmi seminar keçirilib
Qazaxıstanın Aktau şəhərindəki Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mərkəzinin və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə "Qazaxıstan və Azərbaycan: strateji tərəfdaşlıq və nəqliyyat əlaqələri" mövzusunda beynəlxalq elmi seminar baş tutub.
Crossmedia.az xəbər verir ki, tədbirdə hər iki ölkənin aparıcı alimləri, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Seminarın moderatoru və Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov çıxışında Xəzər dənizinin bu gün Avrasiyanın yeni geo-iqtisadi reallığını formalaşdıran birləşdirici körpü olduğunu deyib.
Bakı Dövlət Universitetinin professorları Eldar Cəfərov və Rauf Həsənov çıxışlarında Aktau, Kurık və Ələt limanlarının infrastruktur simbiozu perspektivlərinə diqqət çəkiblər. Ekspertlər "Orta Dəhliz"in səmərəli işləməsi üçün hüquqi bazanın uyğunlaşdırılmasının və iki ölkənin elm-təhsil proseslərinin dərin inteqrasiyasının zəruriliyi barədə həmfikir olublar.
Seminarda, həmçinin tranzit yollarının texnoloji təminatı və yüksəkixtisaslı texniki mütəxəssislərin hazırlanmasının vacibliyindən bəhs edilib.
Tədbirin sonunda belə elmi platformaların diasporla iş və ikitərəfli akademik dialoqun güclənməsinə mühüm töhfə verdiyi, gələcəkdə müştərək təhsil proqramlarının işlənib hazırlanması üçün etibarlı baza rolunu oynadığı diqqətə çatdırılıb.
15:00 11.03.2026
Oxunuş sayı: 35