Azərbaycanın enerji potensialının yaxın illərdə daha da artacağı gözlənilir - RƏY
Ölkə başçısı İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artdığını və ölkənin Avropa bazarında mövqeyini daha da genişləndirmək niyyətində olduğunu bildirib. Dövlət başçısı bu fikirləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, Azərbaycanın qaz ixrac coğrafiyası ildən-ilə genişlənir və ölkə artıq Avropanın yeni enerji tərəfdaşlarına çevrilməkdədir. Onun sözlərinə görə, Azərbaycan qazının Avropa bazarına tədarükünün artırılması və yeni tərəfdaşlıqların qurulması ölkənin enerji strategiyasının əsas prioritet istiqamətlərindən biridir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Şübhəsiz ki, Azərbaycanın Avropanın enerji bazarına çıxışı bu gün effektiv şəkildə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət artıq öz real nəticələrini verməkdədir. Bu gün aydın şəkildə görünür ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bəzən müxtəlif siyasi platformalarda Azərbaycana qarşı qərəzli mövqelər səsləndirilsə də, həmin dövlətlərin rəhbərləri sonda öz ölkələrinin və xalqlarının maraqlarını nəzərə almağa məcbur olurlar. Çünki hazırkı mürəkkəb geosiyasi şəraitdə, müxtəlif bölgələrdə davam edən münaqişələr fonunda bir sıra Avropa dövlətləri enerji sahəsində ciddi çətinliklərlə üzləşir. Bu isə onları daha praqmatik xarici siyasət yürüdən və münasibətlərini qarşılıqlı hörmət və fayda prinsipləri üzərində quran Azərbaycan kimi etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə vadar edir. Bu gün Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 13-ü Avropa ölkələridir. Bu ölkələrin təqribən 10-u isə Avropa İttifaqına üzv və ya üzvlüyə namizəd dövlətlərdir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Toplantısının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının Nazirlər Toplantısının 4-cü iclasında da bu məsələ geniş şəkildə müzakirə olunub və Azərbaycanın mövqeyi bir daha aydın şəkildə ortaya qoyulub. Dövlət başçısının çıxışında vurğulandığı kimi, Azərbaycanın Avropanın enerji bazarına çıxışı yalnız genişlənmir, eyni zamanda bu istiqamətdə böyük potensial mövcuddur. Bu potensial həm ölkənin zəngin təbii resurslarından, həm də bərpa olunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı layihələrdən qaynaqlanır.
Cəmi bir il əvvəl Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 12 idi. Bu gün isə həmin rəqəm 16-ya çatıb ki, bu da qısa müddət ərzində əhəmiyyətli artım deməkdir. Azərbaycanın enerji ixrac coğrafiyası təkcə Avropa ilə məhdudlaşmır, eyni zamanda Yaxın Şərq və digər regionlara doğru da genişlənir. Bununla yanaşı, gələcəkdə Avropaya yalnız təbii qaz deyil, həm də yaşıl enerji ixracının həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə infrastrukturun genişləndirilməsi, yeni interkonnektorların qurulması və daha çox ölkənin bu prosesə cəlb olunması gündəmdədir".

Parlamentari söyləyib ki, Azərbaycanın enerji potensialının yaxın illərdə daha da artacağı gözlənilir: "Məsələn, Abşeron qaz yatağının tammiqyaslı işlənməsi, Ümid qaz yatağının ikinci mərhələsi üzrə hasilatın artırılması və xüsusilə Şahdəniz qaz yatağının növbəti mərhələsinin istismara verilməsi nəticəsində əlavə olaraq 10–15 milyard kubmetr qazın hasil olunacağı gözlənilir. Bu isə Azərbaycanın ixrac imkanlarının daha da genişlənəcəyindən xəbər verir. Bununla yanaşı, ölkədə bərpa olunan enerji sektorunun inkişafı da prioritet istiqamətlərdən biridir. Külək və günəş enerjisi layihələrinin həyata keçirilməsi, yeni elektrik stansiyalarının qurulması və bu sahəyə beynəlxalq şirkətlərin cəlb olunması Azərbaycanın enerji strategiyasını daha da gücləndirir. Nəticə etibarilə yaxın illərdə ölkədə 6–8 giqavat həcmində əlavə yaşıl enerji istehsalının mümkün olacağı proqnozlaşdırılır ki, bu da 2032-ci il üçün müəyyən edilmiş hədəflərin reallaşmasına imkan yaradacaq. Beləliklə, Azərbaycan bu gün təkcə karbohidrogen resurslarının ixracı ilə deyil, həm də bərpa olunan enerji sahəsindəki potensialı ilə Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir. Bu isə ölkənin beynəlxalq münasibətlər sistemində rolunu daha da gücləndirməklə yanaşı, strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir".
Elmir Heydərli
16:59 05.03.2026
Oxunuş sayı: 1403