Türk Dünyası

Türk Dünyası ilə əlaqələr möhkəmləndirilir: QHT-lər töhfə verə bilirmi? 

Bu gün Türk dövlətləri arasında inkişaf edən əməkdaşlıq və qarşılıqlı əlaqələr geniş bir spektrdə özünü göstərir. Biz bunu müxtəlif sahələrdəki əməkdaşlıqlarda, xüsusən də vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) fəallığında görürük. QHT-lər, dövlətin yanında olaraq, cəmiyyətin ehtiyaclarına uyğun layihələr hazırlamaqla, Türk dünyası ilə olan əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bu təşkilatlar, həm də müvafiq sahələrdə təcrübə mübadiləsi və qarşılıqlı dəstək fəaliyyətləri ilə əlaqələrin daha da dərinləşməsinə töhfə verirlər. Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, bu sahədə atılan addımların müsbət nəticələrinə səbəb olmaqla yanaşı, eyni zamanda bu əməkdaşlıqların gələcəkdə daha geniş və səmərəli olması üçün yeni perspektivlər açır. 

Türk Dövlətləri Autizm Federasiyasının prezidenti, Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli Crossmedia.az-a açıqlamasında Türk dövlətləri ilə bağlı atılan addımlardan, bu addımların vacibliyindən və vətəndaş cəmiyyətinin bu prosesdəki rolundan danışıb: 

"Türk dövlətləri ilə atılan bütün addımlar və bütün sahələrdə olan əməkdaşlıqlar təqdirəlayiqdir. Bu, alqışlanır. Bu məsələlərdə vətəndaş cəmiyyəti institutları fəal olmalıdır. Onlar dövlətin yanında olmalıdırlar. Ümumiyyətlə Türk dünyası ilə bağlı atılan bütün addımlarda vətəndaş cəmiyyətləri fəal iştirak etməlidirlər. 
Əvvəllər Türkiyə ilə bağlı tədbirlər keçirilirdi, indi Özbəkistanla bağlı tədbirlərin keçirilməsinə daha çox can atılır. Tək bu sektorda deyil, biznes sektorunda və yaxud digər sektorlarda da canlanma yaranıb. Tədbirlər yaxşı formada olsa daha yaxşı olar. Görüntü xatirinə, hesabat xatirinə tədbirlər keçirilməməlidir". 

Azərbaycan Autizm Assosiasiyasının sədri Türk Dövlətləri Autizm Federasiyasının yaradılma tarixindən də söz açıb:

"Türk dünyasında ilk dəfə olaraq 2019-cu ildə biz Türk Dövlətləri Autizm Federasiyasını yaratdıq. Bu gün Türk dövlətlərində olan Autizm Təşkilatları ilə sıx əlaqədəyik. Düşünürük ki, gələcəkdə bu işləri daha da böyüdəcəyik.
Azərbaycanda, istərsə də Türk dövlətlərində olan insanların gələcəkdə Türk dövlətləri ilə bağlı olan planlarının, strategiyanın hazırlanmasında ən böyük rolu vətəndaş cəmiyyəti institutları görə bilər. 
Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda ümumiyyətlə illər boyu bütün sektorlarda əlaqələr heç olmayaıb. O əlaqələri, kommunikasiyanı bərpa etmək lazımdır". 

E.Məmmədli bütün sahələrdə olduğu kimi bu sahədə də qarşılıqlı təcrübə mübadiləsindən, birgə fəaliyyətdən istifadə etməyin vacib olduğunu vurğulayıb.

Banuçiçək Kalbalıyeva

05:17 07.12.2024

Oxunuş sayı: 8060

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR