Ramazanda valideynlərin böyük səhvi: Uşaqlara orucu məcbur etmək
Ramazan ayı başlayanda bir çox ailədə eyni mənzərə yaşanır: valideynlər övladlarının da oruc tutmasını istəyir, bəzən isə bunu israrla tələb edirlər.
Halbuki, hər uşaq həm fiziki, həm də psixoloji baxımdan uzunmüddətli ac və susuz qalmağa hazır olmur. Erkən yaşda məcburi şəkildə oruc tutdurmaq halsızlıq, əsəbilik və dərsə diqqətin azalması kimi problemlərə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, ibadət sevdirilməli, qorxu və təzyiq vasitəsinə çevrilməməlidir. Ən doğru yanaşma uşağı tədricən hazırlamaq və onun sağlamlığını hər şeydən üstün tutmaqdır.
Aktual olan məsələ ilə bağlı Crossmedia.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev qeyd edib ki, Ramazan ayı müsəlman dünyasında hər il böyük coşqu ilə qeyd olunan mübarək aylardandır. Ramazan ayı gəldikdə hər il bir çox suallar meydana çıxır ki, onlardan biri də uşaqların oruc tutması məsələsidir.

Ümumiyyətlə, İslam hüququna, yəni İslam şəriətinə görə orucun insana vacib olma şərtlərindən biri də həddi-büluğ yaşıdır:
"Bu da ölkəmiz üzrə insanın yetişkənlik dövrü olaraq oğlanlarda 14–16 yaş, qızlarda isə 9–13 yaş aralığında dəyişir. Uşaqların oruc tutması onlarda özünü idarəetmə qabiliyyətinin, o cümlədən səbir və iradənin güclənməsinə səbəb olur.
Amma tibbi baxımdan inkişaf mərhələsində olan uşaqlar üçün bu, risk yarada bilər, halsızlıq müşahidə oluna bilər.
7-10 yaşlı uşaqlara ümumiyyətlə tövsiyə edilmir. Valideynlər oruc məsələsində uşaqları məcbur etməməlidirlər. Çünki oruc uşağı aqressiv edirsə, dərsə diqqətini azaldırsa, bu artıq ibadətə təşviq deyil, yanlış addımdır.
Məsələn, bizim ölkəmizdə belə bir ənənə var idi, daha doğrusu var ki, yaşlı insanlar, valideynlər övladlarını günorta vaxtına qədər oruc tutmağa təşviq edirdilər.
Əlbəttə ki, bu şəriət deyil, bizim adətimizdir. Yəni bu da o deməkdir ki, uşaqlar oruca hazırlaşır, gələcəkdə oruc ibadətinin əhəmiyyətini uşaqlıqdan anlayaraq onu icra edirlər.Qarşıdan Qədir gecələri gəlir. Uşaq olanda valideynlər mənə tövsiyə edirdilər ki, bütün Ramazan ayını deyil, yalnız Qədir gecələrinin səhərisi, yəni əhya günlərində oruclu olum".
Fatimə Məmmədova
12:32 04.03.2026
Oxunuş sayı: 421