Kağızsız məhkəmə dövrü başladı – prosesi elektron izləyə bilərik
Azərbaycan ilklərlə davam edir. Belə ki, ölkədə məhkəməyədək icraat artıq tarixə çevrilmiş köhnə qaydalarla yox, tamamilə elektron formatda aparılacaq.
Cinayət prosesində iştirak edən şəxslər prosessual sənədləri artıq fiziki olaraq təqdim etmədən, öz elektron kabinetləri vasitəsilə göndərə biləcəklər. Bu, hüquq sistemində inqilabi dəyişiklik hesab olunur və ölkədə rəqəmsal hüquq dövrünü rəsmən açır.
Qanun layihəsi Milli Məclisdə səsvermədən keçərək üçüncü oxunuşda qəbul edilib. Artıq hər bir vətəndaş cinayət təqibi orqanlarının informasiya sisteminə daxil olaraq proseslərin gedişini real vaxtda izləyə biləcək.
Hüquq elmləri doktoru Vüsalə Əhmədova bu barədə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, elektron sistemlərin tətbiqi vətəndaşlara öz işinə nəzarət etməsi və prosesin sürətinə təsir baxımından geniş imkanlar yarada bilər:

"Məsələn, ittiham aktları, qərarlar, protokollar kimi prosessual sənədlər elektron şəkildə əldə olunacaq və baxılacaq. Bu isə hüquqların pozulması ilə bağlı şikayətlərə tez reaksiya verilməsinə imkan yarada bilər.
Həmçinin də, sənədlərin elektron göndərilməsi və qəbulu fiziki nəql və ya poçt gecikmələri olmadan həyata keçiriləcəyi üçün cinayət icraatında vaxt itkisini xeyli azaldacaq.
Mərhələlər üzrə elektronlaşdırmanın necə tətbiq ediləcəyinə baxsaq, məsələn, cinayət işinin başlanması mərhələsində şikayətlər elektron qaydada qeydiyyata alına və vahid reyestrdə dərhal sistemə daxil edilə bilər. İbtidai istintaq mərhələsi hüquqlar baxımından ən həssas mərhələdir. Bu mərhələdə, məsələn, dindirmə, üzləşmə, baxış və digər istintaq hərəkətləri ilə bağlı sənədlər elektron formatda tərtib edilə bilər.
Ayrıca, həbs qətimkan tədbiri, axtarış icazəsi, əmlaka həbs qoyulması kimi qərarlar sistem üzərindən məhkəməyə təqdim edilə və təsdiqlənə bilər. Ümumiyyətlə, elektron sistem müdafiə tərəfi üçün bir sıra üstünlüklər yaradır. Vəkil iş materiallarına daha tez çıxış əldə edir, sənədlərin surətinin alınması sürətlənir, prosessual müddətlərin pozulması halında sübut təqdim etmək asanlaşır".
V.Əhmədova vurğulayıb ki, məhkəməyədək icraatın elektronlaşdırılması düzgün tətbiq olunarsa, vətəndaşların müdafiə hüququnun güclənməsinə, məhkəmə nəzarətinin effektivliyinin artmasına və cinayət prosesinin daha şəffaf və sürətli aparılmasına xidmət edə bilər:
"Bu isə hüquqi dövlət prinsipinin praktiki reallaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin onu da vurğulamalıyıq ki, texnoloji yeniliklərin tətbiqi özlüyündə hüquqi ədaləti təmin etmir.
Əsas məsələ rəqəmsal mexanizmlərin qanunvericiliyə uyğun və şəffaf tətbiq edilməsindədir. Təbii ki, riskləri də nəzərə almaq lazımdır. Bilirsiz ki, cinayət işləri həssas məlumatlar ehtiva edir. Sistem güclü qorunmalıdır.
Xüsusilə, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və sistemə müdaxilə riskləri ciddi nəzarət tələb edir. Əks halda, rəqəmsal platforma yeni hüquqi problemlər yarada bilər".
Fatimə Məmmədova
12:23 04.03.2026
Oxunuş sayı: 442