Rusiyalı ekspert: İranda “kənardan qurulan” hökumət ssenarisi real deyil
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutununun Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Aleksandr Knyazev bildirib ki, Qərbin Tehranda “idarə olunan” və ya pro-amerikan hökumət qurmaq planı real görünmür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, İran dərin dini və şiə kimliyi üzərində formalaşmış cəmiyyətdir və istənilən sekulyar, xaricdən dəstəklənən hakimiyyət cəhdi genişmiqyaslı üsyanla nəticələnə bilər.
Knyazevin sözlərinə görə, “iranlılar hökumətlərindən narazı ola bilərlər, etirazlar edə bilərlər, amma bu, onların xarici diktəyə tabe olacağı anlamına gəlmir”.
Ekspert hesab edir ki, zor gücü ilə qurulacaq istənilən pro-Qərb rejim uzunmüddətli sabitlik vəd etmir və ölkə daxilində total qarşıdurmaya səbəb ola bilər. Bu halda Qərbin İranın enerji resurslarına nəzarət planlarının da uğursuzluğa düçar olacağı istisna edilmir.
Knyazev əlavə edib ki, İranın regiondakı proksi qüvvələrinin yox olacağını gözləmək düzgün deyil. Əksinə, mümkün genişmiqyaslı quru əməliyyatları onların rolunu daha da artıra bilər.
Onun fikrincə, hazırkı mərhələdə İran rejiminin süqutundan danışmaq üçün əsas yoxdur və hökumətin hələ istifadə olunmamış ciddi daxili resursları mövcuddur.
Digər ekspert, Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun dosenti Dmitri Jantiyev isə bildirib ki, ABŞ və İsrailin hərbi təzyiqi İranın dövlət idarəetmə sistemində iflic yaratmayıb. Onun sözlərinə görə, Tehran zərbələrə fasiləsiz cavab verir və münaqişəni uzatma strategiyasını seçib.
Jantiyev qeyd edib ki, Vaşinqton və Təl-Əviv “təslim olun ki, yaşayasınız” prinsipi ilə hərəkət etsə də, İran rəhbərliyi bu ssenarini qəbul etməyib.
Ekspert həmçinin belə bir ehtimal irəli sürüb ki, İranın ali dini lideri Seyid Əli Xamenei mümkün ssenarilərdə şəxsi riskləri nəzərə alaraq cəmiyyətdə mobilizasiya effekti yaratmağa çalışa bilər.
Onun sözlərinə görə, hazırkı mərhələdə İran daxilində hakimiyyətin dağılması və ya xaricdən idarə olunan hökumətin formalaşması real görünmür.
13:45 03.03.2026
Oxunuş sayı: 659