Regional böhran fonunda Azərbaycan: ölkəmiz təhlükəsiz tranzit mərkəzinə çevrildi
Yaxın Şərqdə artan hərbi gərginlik regionda nəqliyyat və təhlükəsizlik balansını dəyişib. İran ətrafında baş verən hadisələr fonunda Azərbaycan yenidən əsas tranzit və humanitar keçid mərkəzinə çevrilib.
“Astara” sərhəd-keçid məntəqəsi xüsusi rejimdə fəaliyyət göstərir, burada həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları, o cümlədən diplomatik nümayəndələr təxliyə olunur.
Eyni zamanda, İran və bir sıra qonşu ölkələrin hava məkanının bağlanması beynəlxalq reyslərin Azərbaycan üzərindən yönləndirilməsinə səbəb olub.
Müasir infrastruktur və operativ idarəetmə sayəsində ölkə yaranmış əlavə yükü qarşılayaraq regionda etibarlı tranzit qovşağı rolunu bir daha təsdiqləyir.
Məsələ ilə bağlı siyasi şərhçi Azad Məsiyev Crossmedia.az-a açıqlama verib.

O bildirib ki, İranla bağlı ABŞ və İran arasında uranın zənginləşdirilməsi və digər məsələlər ətrafında diplomatik danışıqlar aparılırdı:
“Lakin bu proses davam etdiyi bir vaxtda İsrail və ABŞ tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İranda vəziyyət qəfil şəkildə gərginləşdi və hadisələr daha kəskin mərhələyə keçdi.
Belə şəraitdə İranda olan turistlərin, xarici vətəndaşların və diplomatik korpus nümayəndələrinin ölkədən təhlükəsiz şəkildə çıxarılması üçün mütləq tranzit dəhlizə ehtiyac yarandı. Hava məkanının bağlanması vəziyyəti daha da çətinləşdirdi. Bu baxımdan ən uyğun və təhlükəsiz istiqamət Azərbaycan oldu”.
Azad Məsiyev xüsusilə vurğulayıb ki, Azərbaycan sabit və balanslaşdırılmış xarici siyasət yürüdən dövlətdir:
“Ölkəmiz həm şimal, həm cənub, həm şərq, həm də qərb istiqamətində siyasi və iqtisadi münasibətlərini taraz şəkildə qurur. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən üçüncü dövlətlərə qarşı istifadə olunmasına yol verilməyəcək. Bu prinsipial mövqe ölkəmizin regionda etibarlı və sabit tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.
Məhz buna görə də, İranda olan əcnəbilər istər xarici vətəndaşlar, istər Azərbaycan vətəndaşları, istərsə də diplomatik nümayəndələr üçün ən münasib çıxış marşrutu Azərbaycan üzərindən təşkil olundu.
Astara sərhəd-keçid məntəqəsində əlavə qüvvələr cəlb edildi, aidiyyəti dövlət qurumları operativ fəaliyyətə başladı. Gələn şəxslər tibbi və sosial baxımdan təmin olunur, onların təhlükəsizliyi və rahatlığı üçün bütün zəruri tədbirlər görülür.
Hazırda Azərbaycan həm quru, həm də hava nəqliyyatı baxımından mühüm tranzit rolunu yerinə yetirir. İran üzərindən keçən beynəlxalq aviareyslərin marşrutları dəyişdirilərək, Azərbaycan üzərindən istiqamətləndirilib. Bəzi təyyarələr texniki baxış və yanacaq doldurmaq məqsədilə ölkəmizin hava limanlarına eniş edir.
Azərbaycan hava limanları müasir standartlara cavab verir və təhlükəsiz, fasiləsiz xidmət göstərmək imkanına malikdir. Uçuşların təhlükəsiz təşkili üçün bütün zəruri infrastruktur və xidmət mexanizmləri təmin olunur”.
Siyasi şərhçi onu da qeyd edib ki, Yaxın Şərqdə baş verən hərbi qarşıdurma region ölkələrinə müəyyən təsir göstərir:
“Belə bir vəziyyətdə Azərbaycana üz tutan insanlara humanitar yanaşma nümayiş etdirilməsi ölkəmizin həm humanist dəyərlərinə, həm də beynəlxalq öhdəliklərinə uyğundur.
Oxşar hal daha əvvəl də yaşanmışdı. Ötən il İranda baş vermiş 12 günlük hərbi əməliyyatlar zamanı da bir sıra ölkələrin vətəndaşları və diplomatik nümayəndələri Azərbaycan ərazisindən istifadə etmişdilər. Həmin dövrdə də ölkəmiz təhlükəsiz tranzit imkanları təqdim etmişdi”.
Ekspert sonda qeyd edib ki, mövcud vəziyyət dövlət rəhbərliyinin diqqət mərkəzindədir:
“Hər hansı xoşagəlməz hal baş verdiyi təqdirdə operativ şəkildə araşdırılır və aradan qaldırılır.
Ümumilikdə, Azərbaycanın sərgilədiyi bu mövqe həm qonşuluq münasibətlərinə, həm də beynəlxalq humanitar və diplomatik prinsiplərə tam uyğun gəlir. Ölkəmiz bir daha regionda sabitlik və təhlükəsizlik üçün məsuliyyətli aktor olduğunu nümayiş etdirir”.
Həmayıl Şükürova
14:18 03.03.2026
Oxunuş sayı: 804