Sürücülərə şad xəbər: Nəqliyyat sıxlığı azalacaq
Paytaxt küçə və prospektlərində nəqliyyatın daha səmərəli idarə olunması məqsədilə müasir texnologiyalara əsaslanan “ağıllı işıqfor” sistemi tətbiq olunmağa başlanılıb. Süni intellekt texnologiyası ilə işləyən bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək siqnalların müddətini avtomatik tənzimləyir və nəqliyyat axınının daha rahat hərəkət etməsinə imkan yaradır.
Pilot layihə çərçivəsində şəhərin müxtəlif ərazilərində yerləşən 8 yol qovşağında yeni sistem quraşdırılıb. Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə pik saatlarda və qəza hallarında nəqliyyatın hərəkətini optimallaşdıraraq tıxacların azalmasına və sürücülərin vaxt itkisinin minimuma enməsinə kömək edir.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Aslan Əsədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Qeyd etmək lazımdır ki, ağıllı işıqfor sistemlərinin tətbiqi yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində geniş istifadə olunan müasir texnoloji yanaşmadır. Bu sistemlər nəqliyyatın daha səmərəli və çevik şəkildə tənzimlənməsinə xidmət edir. Adi işıqfor sistemlərində vaxt intervalı sabit olur. Məsələn, bir istiqamətdə nəqliyyat vasitələri 10 saniyə, digər istiqamətdə isə 90 saniyə gözləyə bilər. Lakin 90 saniyə ərzində cəmi 20 avtomobil keçdiyi halda, qalan vaxtın boş yerə gözlənilməsi əlavə sıxlığa səbəb ola bilər. Eyni zamanda, qısa vaxt intervalında çoxlu sayda avtomobilin toplanması da tıxacların yaranmasına gətirib çıxarır. Ağıllı işıqfor sistemləri isə nəqliyyat axınının intensivliyini nəzərə alaraq siqnal müddətlərini avtomatik şəkildə tənzimləyir. Bu isə tıxacların azalmasına, yol hərəkətinin daha rahat və effektiv təşkilinə imkan yaradır. Bəzi ölkələrdə tətbiq olunan digər bir texnologiya isə ondan ibarətdir ki, müəyyən yol sahələrində nəqliyyat vasitəsi olmadıqda işıqfor sistemi aktiv olmur və sürücülər həmin ərazidən adi yol kimi rahat şəkildə istifadə edə bilirlər. Bu da həm vaxt itkisini azaldır, həm də nəqliyyatın daha sərbəst hərəkətinə şərait yaradır. Ümumilikdə, bu cür texnoloji həllər gələcəyə hesablanmış layihələrdir və yol hərəkətinin idarə olunmasında mühüm rol oynayır. Mən bu sistemin ciddi mənfi tərəfini görmürəm. Əksinə, düzgün tətbiq olunduğu halda, bu texnologiya həm nəqliyyat sıxlığının azalmasına, həm də yol hərəkətinin təhlükəsizliyinin artırılmasına müsbət təsir göstərə bilər".
Elmir Heydərli
13:14 03.03.2026
Oxunuş sayı: 723